ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik layihə təklifi Kiyevdə təqdim edilib. Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin 28 maddəlik sülh planına münasibət bildirib.
"Müharibənin ilk günlərindən çox sadə mövqe tuturuq: Ukraynaya sülh lazımdır. Ləyaqətli sülh - müstəqilliyimizə, suverenliyimizə, Ukrayna xalqının ləyaqətinə hörməti ehtiva edən şərtlərlə. Biz məhz belə şərtləri təmin etməliyik", - deyə V.Zelenski vurğulayıb.
Vaşinqton və Moskvanın birgə işlədikləri layihəyə yanaşma birmənalı deyil. Son təklif bir sıra suallar doğurur. Ukraynanın bu planı qəbul edib-etməyəcəyi, Zelenskiyə Vaşinqtondan təzyiqin olub-olmayacağı kimi məsələlər diqqət çəkir.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Trampın layihəsindəki bəndləri oxuyanda elə bilirsən ki, bu sanki kapitulyasiya aktıdır:
“Yəni təkliflərə əsasən, Ukrayna ağ bayraq qaldırmalı, Rusiyanın şərtlərini qəbul etməlidir. Düzdür, guya Ukraynanın xeyrinə olan bəndlər də var. Amma əsas Rusiyanın istəkləri yerinə yetirilir, Krım, Donbass Rusiyaya verilir. Bu, Ukraynanın məğlubiyyəti deməkdir. İnanmıram ki, Ukrayna bu şərtləri yerinə yetirsin. Avropada da bununla bağlı narazılıq var. Artıq Avropa rəsmiləri, o cümlədən Avropa İttifaqı, Avropanın Xarici siyasət məsələləri üzrə komissarı Kaya Kallas da etirazını bildirib”.
Politoloqun fikrincə, Kiyevə təzyiqlər olarsa, Tramp özü geri çəkilməli olacaq:
“Plan ortaya qoyulubsa, mütləq ona əməl ediləcək deyə, bir məsələ yoxdur. Tramp administrasiyası tərəfindən buna oxşar planlar olsa da, reallaşmayıb. Bunun da reallaşacağını demək mümkün deyil. İnanmıram ki, Ukrayna lideri bu planı qəbul etsin. Bir müddət müzakirə olunduqdan sonra bu təklif unudulub yaddan çıxacaq. Vaşinqton bu təklifi qəbul etməsi üçün Ukraynaya təzyiq edəcəyi halda, Kiyev yenə də şərtlərlə barışmayacaq və Avropa da onu dəstəkləyəcək. Bu halda əksinə, Vaşinqton geri addım atmalı olacaq”.

E. Şahinoğlu qeyd edib ki, Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı məntiqsiz təkliflər irəli sürür:
“Tramp Rusiya-Ukrayna müharibəsini qısa müddətdə həll etmək istəyir. Çünki seçkiqabağı əsas vədi bununla bağlıydı. Asanlıqla məsələni həll edə bilmir və bu, onun imicinə çox pis təsir edir. Tramp bunun qarşısını almaqdan ötrü hər vəchlə müharibəni dayandırmaq istəyir. O məsələnin Ukraynanın xeyrinə olub-olmayacağını fikirləşmir, istəyir ki, təki atəşkəs olsun və münaqişə dondurulsun. Proseslərin nəticəsi Tram üçün maraqlı deyil, ona görə də məntiqsiz planlar ortaya atır”.
Politoloq müharibənin bundan sonrakı gedişatı ilə bağlı da danışıb:
“Kimin resursları tükənəcəksə, o da məğlub duruma düşəcək. Rusiyanın resursları hələ ki var. Ukraynanın da resursları kifayət qədə olmasa da, Avropadan dəstək alır. Bu baxımdan müharibəni davam etdirmək üçün hər iki tərəfin resursları var. Rusiya işğal zonasını genişləndirməyə çalışır. Amma rus təbliğatının əksinə olaraq, çox da sürətlə irəliləmir. Rus təbliğatı belə görüntü yaratmağa çalışır ki, müxtəlif şəhərlər, Ukrayna orduları mühasirəyə düşüb. Reallıq isə vəziyyətin heç də belə olduğunu göstərmir. Rusiya da əziyyət çəkir, itkilər verir. Gələn il də bu cür mövqe döyüşlərinin davam edəcəyini proqnozlaşdırmaq olar”.