Modern.az

Rusiya üçün son 1 ay: “Putin Azərbaycana verdiyi sözü tutacaq” - DEPUTAT

Rusiya üçün son 1 ay: “Putin Azərbaycana verdiyi sözü tutacaq” - DEPUTAT

Analitika

25 Noyabr 2025, 16:28

Bu gün Azərbaycanın Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından 11 ay keçir. Yəni istintaqın yekunlaşma tarixinə artıq 1 ay qalır.

Bir neçə ay əvvəl Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə Düşənbədə keçirilən görüşü zamanı bildirib ki, qəzanın səbəblərinə və bu işdə məsuliyyət daşıyan şəxslərin fəaliyyətinə hüquqi qiymət veriləcək. Onun sözlərinə görə, Rusiya həm araşdırma prosesində, həm də kompensasiya məsələlərində üzərinə düşən hər şeyi edəcək: “Bu hadisəyə qəti nöqtə qoymaq üçün zamana ehtiyac var”.

Həqiqətən də, dekabrın 25-də istintaqın yekunlaşıb, qaranlıq məsələlərin aradan qaldırılıb-qaldırılmayacağı maraq doğurur.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, təyyarə qəzasının üzərindən 1 ilə yaxın vaxt keçsədə cinayətkarların cəzalandırılmamsı təəssüf doğurur:

"Ötən ilin dekabr ayının 25-də Bakı-Qroznı reysi üzrə uçuş həyata keçirən AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaşanan faciənin 11-ci ayıdır. Onu da qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Prezident cənab İlham Əliyevlə Düşənbədə keçirilən görüşdə əminliklə söylədi ki, bu ilin dekabr ayının 25-nə, yəni faciənin 1-ci ildönümünə qədər qəzayla bağlı bütün təfərrüatlar bəyan ediləcək, heç nə qaranlıq qalmayacaq və təbii olaraq, ondan sonra müəyyən ölçülərin götürüləcək. Dünya praktikasında belədir ki, belə hallar baş verdikdə müəyyən addımlar atılmalıdır. İlk növbədə təzminat ödənilməli və təqsirkarlar, əslində isə cinayətkarlar cəzalandırılmalıdır. Heç bir halda cəzasızlıq rejimindən söhbət gedə bilməz. Amma təəssüf ki, hadisənin baş verməsindən az qala 1 il keçsə də, hələ də təqsirkarlar, əslində isə cinayətkarlar tapılıb üzə çıxarılmayıb və onlar heç bir məsuliyyət daşımayıblar. Hüquq müstəvidə onlara qarşı heç bir addım atılmayıb".

Deputat bu dəfə də nəticə əldə olunmayacağı təqdirdə ikitərəfli münasibətlərdə yenidən anlaşılmaz məqamlara üzə çıxa bilər:

"Rusiya Prezidenti tərəfindən əminlik verilib ki, mütləq bu hadisəyə 1-ci ildönümündə müvafiq qiymət verilib, addımlar atılacaq. Biz buna inamaq istəyirik. Çünki bu, Rusiyanın hər hansı məmurunun dilindən yox, prezident səviyyəsində bəyan edilib. Belə də olacağına inanırıq. Çünki proseslər deyildiyi kimi olmasa, bu, ikitərəfli münasibətlərimizdə yenidən anlaşılmaz məqamların üzə çıxmasına səbəb ola bilər. Rusiya Prezidenti bir neçə dəfə bildirib ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana ona görə xüsusi hörmətlə yanaşır ki, o sözünün ağasıdır, kişi kimi sözünü dedi, ona əməl edir. Mənə elə gəlir ki, bütün bu dəyərləri etiraf edən Vladimir Putinin özünün də verdiyi sözə əməl edəcək. Biz bunu gözləyirik. İnanıram ki, dekabrın 25-də məlum təyyarə qəzası ilə bağlı bütün həqiqətlər təsdiqini tapacaq və müvafiq olaraq hüquqi müstəvidə bütün addımlar atılacaq".

Xatırladaq ki, AZAL-a məxsus Embraer 190 təyyarəsi Bakı–Qroznı reysi ilə hərəkətdə olarkən, 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbində yerləşən Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, onlardan yalnız 29 nəfər sağ qalıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU