Modern.az

Azərbaycanda həqiqi hərbi xidmət yaşı azaldıla bilər

Azərbaycanda həqiqi hərbi xidmət yaşı azaldıla bilər

Analitika

26 Noyabr 2025, 12:16

Bir sıra ölkələrdə həqiqi hərbi xidmət müddəti azaldılır. Qonşu Ermənistanda da belə bir qərar qəbul edilidi.

Azərbaycanda da həqiqi hərbi xidmət keçmə müddətinin azaldılması ilə bağlı mütəmadi müzakirələr gedir, təkliflər səsləndirilir.

Hazırda Azərbaycanda ali təhsilli şəxslər 1 il, ali təhsilli olmayan gənclər isə 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.

Azərbaycanda həqiqi hərbi xidmət keçmə müddətinin azaldılmasına ehtiyac varmı? 

Modern.az-a açqılamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda həqiqi hərbi xidmət müddəti optimaldır:

“Ermənistanda hərbi xidmət keçmə müddəti Azərbaycanla müqayisədə 6 ay çox idi. Onlar bu müddəti azaltmaqla Azərbaycana uyğunlaşdırırlar. Hazırda ölkəmizdə ali təhsillilər 1 il, ali təhsili olmayanlar isə 1 il 6 ay hərbi xdimət keçirlər. Bu baxımdan, Azərbaycanda həqiqi hərbi xidmət müddəti optimaldır. Hesab edirəm ki, hələlik bu müddət qalacaq”.

Deputat qeyd edib ki, müəyyən şərtlər baş tutsa, belə bir addım atıla bilər:

“Bəlkə hərbi xidmət müddətinin azaldılması nə vaxtsa baş tutacaq. Lakin bu gələcəyin işidir. Regionda gedən proseslər, bizə qonşu olan bölgələrdə hərbi təhlükənin azalması baş tutsa, buna gedilə bilər. Onu da deyim ki, Azərbaycanda gənclər arasında hərbi sahəyə böyük maraq var. Hərbi xidmətdən yayınma demək olar ki, yoxdur. Bu bir şərəf məsələsi sayılır”.

Hərbi ekspert Ədalət Verdiyev isə söyləyib ki, Azərbaycanda da həqiqi hərbi xidmət müddətinin azaldılması mümkündür:

“Lakin bunun üçün ilk növbədə Azərbaycanla Ermənistan sülh sazişini imzalamalı, ətrafda baş verən münaqişələrin, təhdidlərin miqyası nəzərə alınmalıdır. İstənilən halda Azərbaycan gələcək prespektivdə daha kompakt və peşəkar ordu saxlamaq niyyətindədir. Bu da türk ordu modelinə keçid prosesinin bir hissəsi kimi nəzərdə tutulur”.

Ədalət Verdiyev Azərbaycanda Türkiyədə olduğu kimi, ödənişli hərbi xidmətə keçidin tətbiq edilib-edilməyəcəyindən də danışıb:

“Azərbaycanda ödənişli hərbi xidmət o zaman mümkün olacaq ki, hərbi xidmətə çağırılan heyətlə ehtiyac duyulan heyət arasında fərq yaranacaq. Tələbatımızdan artıq çağırışçı olarsa, bu məsələyə baxa bilərik. Hazırda bu istiqamətdə müzakirələrin olduğunu müşahidə etmirəm”.

Hərbi ekspert Telman Qasımlı deyib ki, Azərbaycanda hərbi xidmət müddətinin azaldılması lazımdır:

“Biz torpaqlarımızı işğaldan azad etmişik, suverenliyimiz bərpa olunub. Buna görə də, indiki sayda şəxsi heyətin hərbi qulluğa çağırılmasına ehtiyac yoxdur. Hərbi hissələrə gedəndə də bunu müşhaidə etmək olur. Görürsən ki, xeyli sayda şəxsi heyət var, amma  boşluqdan bilmirlər neyləsinlər, bütün günü o başa-başa yürüyürlər. Ona görə də, getdikcə ordunu müqaviləlili sistemə keçirmək lazımdır. Əslində yeniyəetməni 18 yaşında anasından ayırırıq. Dünyanı dərk etməmiş, oyuncaq avtomatla oynayan uşağı göndəririk ki, orduya get, ağır çətinliklərdə formalaş. Bu, bir az düzgün deyil. Uşağın həm təhsili, həm də bir sıra şeyləri yarımçıq qalır”.

Ekspertin fikrincə, orduda xidmət müqaviləli əsasda olmalıdır:

“Bu baxımdan ordunu müqaviləli sistemə keçirmək lazımdır. Kim istəyirsə, 17-18 yaşına çatanda dövlətlə müqavilə  imzalasın, 5 il xidmət çəksin. Bu 5  ildə o, kifayət qədər təcrübə toplamış, yetişmiş şəxsə çevriləcək. Ali təhsillilər 1, ali təhsili olmayanlar 1 il 6 ay xdimət keçirlər. 1 il 6 ayda bu uşaqlar nə öyrənəcək? Ona görə də bəzilərinə baxırsan, bütün günü süpürgə əllərində hərbi hissəsinin həyətini süpürürlər. Olmazdımı, bu uşaq gedib təhsilini davam etdirəydi? Sayı, müddəti azaltmaq lazımdır. Yenə deyirəm ,Türkiyə sisteminə keçmək lazımdır.
Yoxsa 18 yaşlı uşaqlar keçid dövründə olurlar. Ona görə də problemlər çox olur, dözə bilmirlər. Sümükləri tam bərkiməyib. Qoy, universiteti bitirdikdən sonra gedib rahat hərbi xidmət keçsinlər”.

Sizə yeni x var
Keçid et
Əli Kərimli Mehdiyevə görə HƏRƏKƏTƏ KEÇDİ