Modern.az

Brüssel-Bakı-İrəvan-Ankara formatı mümkündür? - ŞƏRH

Brüssel-Bakı-İrəvan-Ankara formatı mümkündür? - ŞƏRH

Analitika

6 Dekabr 2025, 17:29

Avropa İttifaqının genişlənmə üzrə ali komissarı Marta Kosun Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi brifinqdə verdiyi açıqlama Cənubi Qafqaz diplomatiyasında diqqətçəkən yeni xəttin formalaşdığını göstərir.

Onun sözlərinə görə, regionda kommunikasiyaların açılması üçün İrəvan, Bakı, Ankara və Brüsseli əhatə edən dördtərəfli formatın yaradılması aktiv şəkildə müzakirə olunur.

Bu ideya Aİ-nin son aylarda Cənubi Qafqazda vasitəçilik səylərini artırması, habelə Ermənistan-Azərbaycan münasibətlərində yeni mərhələyə keçid cəhdləri fonunda xüsusi əhəmiyyət kəsb edir.

Regional kommunikasiyaların bərpası həm iqtisadi inteqrasiya, həm də siyasi sabitlik baxımından strateji addım hesab olunur və Aİ bu prosesdə öz rolunu daha sistemli şəkildə qurmaq niyyətindədir.

Brüsselin təşəbbüsü həm Ermənistanla Azərbaycan arasında davam edən sülh danışıqlarına əlavə təkan vermək, həm də Türkiyənin regiondakı mövcud rolunu institusional çərçivəyə salmaq məqsədi daşıyır. Dördtərəfli formatın yaradılması halında, kommunikasiya layihələrinin taleyi, nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və iqtisadi əməkdaşlıq mexanizmləri daha geniş müzakirə platformasında formalaşa bilər. Bu yanaşma həm də Aİ-nin Cənubi Qafqazda uzunmüddətli və balanslaşdırılmış iştirak planının konturlarını göstərir.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, Marta Kosun təklif etdiyi formatda Vaşinqtonun olmaması təəccüb doğurur:

“Avropa İttifaqının (Aİ) genişlənməsi üzrə ali komissarı Marta Kos ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Brüsseldə görüş keçirilib. Görüşdən sonra keçirilən mətbuat konfransında Marta Kos bildirib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması məqsədilə  İrəvan, Bakı, Ankara və Brüsseli əhatə edən dördtərəfli formatın yaradılması üzrə iş gedir. Azərbaycanla Ermənistan arasında kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələlərində əsas fəal tərəf rəsmi Vaşinqtondur. Hətta Zəngəzur dəhlizinin adı bir çox hallarda Tramp Marşrutu adlandırılır. Trampın bu istiqamətdə ciddi fəallığı və fəaliyyətləri var. Artıq 2028-ci ilin sonuna qədər Zəngəzur dəhlizinin açılması planlaşdırılır. ABŞ maliyyə yardımı da ayırıb. Yəni burada söhbət Bakı-Vaşinqton-İrəvan üçlüyündən gedir. Marta Kos bununla yanaşı İrəvan-Bakı-Ankara və Brüssel formatından danışır və burada Vaşinqtonun adına rast gəlinmir. Bu biraz təəccüb doğurur”.

Deputat söyləyib ki, Vaşinqtonsuz bu prosesin öz məntiqi sonluğa çatacağı gözlənilə bilməz:

“Vaşinqtonla Brüssel arasında çox soyuq münasibətlər var. Vaşinqtonla Brüssel arasında, xüsusilə də, Ukrayna böhranı ətrafında tam fikir ayrılığı mövcuddur. Əsas işi Vaşinqtonun görəcəyi bir  reallıqda onun kənarda qalması, onu Brüsselin əvəzləməsi qəribə göründü və təəccüb doğurdu. Tələm-tələsik rəy vermək istəməzdim, amma Vaşinqtonsuz bu prosesin öz məntiqi sonluğa çatacağı gözlənilə bilməz”.

Türkiyə Böyük Millət Məclisinin(TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım  kommunikasiyalarla bağlı prosesdən hər kəs özünə pay çıxarmağa çalışır:

“Bölgədə davamlı sülhün təmini üçün region ölkələrinin təsirli rol oynaması vacibdir. Hazırda biz 8 avqust Vaşinqton zirvəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin parafladıqları sülh mətninin reallaşmasını gözləyirik. Bu istiqamətdə Azərbaycanın və Türkiyənin bir sıra jestləri var. Azərbaycan hava yolundan istifadəyə icazə verir, Türkiyə təyyarə reyslərini artırır. Ermənistan da passportlarındakı ştampdan Ağrı dağı simvolunu qaldırır. Bu şəkildə qarşılıqlı güzəştlər var. Bizim tək hədəfimiz var. 4-lü formatın olması,təbii ki, yaxşı olar. Yəni region dövlətlərinin daxil olduğu bir formatı qəbul edirik. Rusiya, İran, Türkiyə, Ermənistan, Gürcüstan və Azərbaycandan ibarət "3+3" formatı təklif edilmişdi. İndi Brüsseli də işin içinə qatırlar”.

Ş.Ayrım vurğulayıb ki, Avropa İttifaqı və ABŞ-nin niyyəti Cənubi Qafqaz, Azərbaycan üzərindən Türk Dövlətləri Təşkilatı ilə daha sağlam əlaqələr qurmaqdır: “Önəmli olan niyyətlərin yaxşı olması, müharibənin olmamasıdır. Türkiyə-Azərbaycan əməkdaşlığı bütün bu məsələlərin irəli sürülməsinə gətirib çıxarıb. Avropanın baxış bucağı dəyişdi. İnşallah regionda istədiyimiz rahatlığa qovuşacağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı