Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Rusiya lideri Vladimir Putinə yazdığı gizli məktubun mətni açıqlanıb. Bir çox siyasi ekspertlər məktubu Sarkisyanın ifşası və etirafı kimi qiymətləndirirlər.
Məktubda ən diqqətçəkən məqam Ermənistanın Rusiyadan Azərbaycana təzyiq göstərməsinə açıq çağırış etməsi, hətta Bakının tələbləri qəbul etməyəcəyi təqdirdə “Dağlıq Qarabağ"ın müstəqilliyinin tanınması prosesinə başlamaq barədə təklif irəli sürməsidir.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Baş nazir Nikol Paşinyanın keçmiş "Dağlıq Qarabağ" problemi ətrafında aparılan danışıqlarla bağlı yaydığı sənədlər Azərbaycanın heç vaxt ərazi məsələsini müzakirə etmədiyini, öz mövqeyində qətiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təzyiqlərinə boyun əymədiyini bir daha aydın göstərir:
“Sənədlərdə həm də görünür ki, Sarksiyan-Köçəryan tandemi uzun müddət danışıqlar aparmalarına baxmayaraq, Azərbaycandan heç nə qoparmağa nail ola bilməyiblər. Onların Azərbaycana qarşı ərazi iddiaları daim rədd edilib. Digər yandan, 2016-cı ildən sonra Ermənistanda dərk edilir ki, Qarabağ məsələsini onların istədiyi formada həll etmək mümkün olmayacaq. Bu zaman Rusiya diplomatiyasını və Rusiya Prezidentini Azərbaycana qarşı qoymaq cəhdləri edilir. Və Azərbaycana qarşı sanksiyaların, embarqoların qoyulması gündəmə gətirilir. Amma bu da əlbəttə, öz nəticəsini vermir. Beləliklə, bu prosesdə iki məsələ aydın olur: torpaqlarımız təkcə ermənilər tərəfindən yox, onların havadarlarının birbaşa iştirakçılığı ilə işğal olunub və münaqişənin uzun müddət davam etməsi bu gün Köçəryanla Sarkisyanın öyündüyü kimi, onların diplomatik uzaqgörənliyinin nəticəsi deyil, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, dolayısı ilə Avropanın güc mərkəzlərinin, Rusiyanın iştirakçılığı ilə mümkün olub”.

Deputat vurğulayıb ki, bu sənədlərdən bir daha aydın olur ki, Köçəryanla Sarkiyan müharibəni udmayıb, onlara bu "qələbə" hədiyyə edilib:
“Eləcə də 30 illik diplomatik danışıqlarda onlar uğur qazanmayıblar, bu da işğalçılara hədiyyə olunub. Yayılan sənədlərdən bəlli olan həqiqət də ondan ibarətdir ki, bu adamlar daim Azərbaycanın öz torpaqlarını qaytaracağı ilə bağlı qorxu yaşayıblar. Bu qorxu heç də əbəs deyildi. Azərbaycan torpaqlarını işğaldan azad etməklə yanaşı, suveren hüquqlarını da bərpa edib. Bu, ermənilər və onların havadarları üçün dərs olmalıdır. Azərbaycan onların hər birinə birlikdə və ayrılıqda qalib gəlib. Ermənilər heç vaxt bunu unudub bir də kiməsə arxayınlaşmaqla başqasının ərazisinə göz dikməsinlər. Çünki Azərbaycana qarşı təzyiq siyasəti aparmaq mümkün deyil və Ulu öndərin müəyyənləşdirdiyi siyasət əsasında müzəffər Ali Baş Komandanımızın əldə etdiyi qələbə bir daha bunu sübut edir”.