Bir ilə yaxındır ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsi boşdur. Sonuncu səfir ötən ilin yanvarın 18-də ölkəsinə qayıdıb. O, səhhətində olan problemlərlə əlaqədar vəzifəsini tərk edib.
Xatırladaq ki, əvvəllər də ABŞ Azərbaycana səfir təyinatını müxtəlif səbəblərdən gecikdirib. Məsələn Mark Libbinin təyinatına qədər 1 ildən çox ABŞ-nin Azərbaycandakı səfirliyi başsız qalıb.
Donald Trampın Amerikada vəzifəyə gəlməsindən sonra iki ölkə arasında əlaqələr sürətlə inkişaf edib. ABŞ Prezidenti dəfələrlə Azərbaycan lideri İlham Əliyevə hörmətini ifadə edib.
ABŞ-nin ölkəmizə yeni səfiri nə zaman təyin edəcəyi maraq doğurur.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, ABŞ tərəfindən bu cür təyinatların gecikməsi ilk dəfə deyil:
“Təəssüf ki, ABŞ tərəfindən səfirin təyin olunması, hansısa səbəblərdən uzanır. Əvvəllər buna ermənipərəst senatorlar tərəfindən "əmma"lar qoyulurdu. Rüşvətə görə həbsxanaya atılan Menendes tələb edirdi ki, Azərbaycana təyin olunan səfirlər qondarma "erməni soyqırımı"nı tanısınlar, ermənipərəst bəyanata qoşulsunlar. Bu baş vermir, təyinatlar uzanırdı”.
Deputat düşünür ki, növbəti il səfir təyinatı baş tutacaq:
“İndiki mərhələdə ola bilsin ki, sadəcə olaraq, istədikləri adamı tapa bilmirlər. Hər halda Azərbaycan-ABŞ münasibətləri demək olar ki, irəli aprılır. Strateji tərəfdaşlığımızla bağlı məsələ müzakirə olunur, sənəd hazırlanır. Düşünürəm ki, Yeni ildə səfir təyinatı baş verəcək”.