Modern.az

Azərbaycan əsgəri sərhəddə patronsuz dayanıb?

Azərbaycan əsgəri sərhəddə patronsuz dayanıb?

Analitika

9 Dekabr 2025, 09:48

Ermənistan Baş naziri Nikol Paşinyanın sərhəddə “etimad mühiti”nin formalaşdığı barədə açıqlaması müzakirələrə səbəb olub.

O bildirib ki, demarkasiyadan sonra sərhədçilər əvvəlcə səngərlərdən çıxıb bir-birlərini açıq görə biliblər, daha sonra dəbilqə və zirehli jiletlər çıxarılıb, üçüncü mərhələdə isə avtomatlarda patron saxlanmaması barədə razılıq əldə olunub.

Ekspertlər deyir ki, Paşinyanın açıqlaması tam hərbi reallığa uyğun gəlmir. Bu təsvir daha çox simvolik xarakter daşıyır. Çünki normal sərhəd xidmətlərində qoruyucu vasitələrin çıxarılması və silahların boş saxlanılması standartlara uyğun gəlmir. Hər ölkənin sərhədçiləri təhlükəsizlik üçün müəyyən protokollara əməl etməlidirlər və bu protokollar hər zaman qüvvədə qalır.

Amma Paşinyanın dediyi tamamilə mümkünsüz də deyil. Demarkasiyadan sonra bəzi yerlərdə gərginlik azalıbsa, mövqelər bir-birindən aralanıbsa və tərəflər arasında gündəlik əlaqə qurulubsa, lokal səviyyədə etimad jestləri ola bilər. Məsələn, səngərdən çıxmaq və sərhəd xəttini açıq şəkildə görmək müəyyən şəraitdə real addımdır. Hətta silahın döyüş vəziyyətinə gətirilməməsi barədə razılaşmalar da mümkündür, amma bu silahın tam boş olması demək deyil, burada söhbət lülədə patronun olmamasından gedə bilər.

Ehtimal edilir ki, Paşinyanın bu açıqlamasının əsas məqsədi Ermənistan cəmiyyətinə sərhəddə vəziyyətin sakit olduğu mesajını verməkdir.                                                                             

Modern.az-a açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, hazırda Ermənistanla Azərbaycan arasında sülh istiqamətində proseslər çox müsbət olsa da, heç bir halda Azərbaycan sərhədçisi patronsuz silahla dayana bilməz:

"Bu, mümkün deyil. Məhz bu Azərbyacan sərhədçiləri üçün üçün problem yarada bilər. Xankəndi, Laçın tərəfində bizim nəzarət-keçid məntəqəmiz vardı. Ermənilərdən biri müsahibəsində Azərbaycanı tərifləmiş, daha sonra qumbara hücumu ilə terror törətmişdi. Həmin təhdid və terror halları yenə də, baş verə bilər. Kaş Paşinyanın dedikləri doğru olaydı və Azərbaycanla Ermənistan arasında elə bir etimad atmosferi formalaşaydı ki, nə silaha, nə sursata ehtiyac qalaydı. Ermənistanla Azərbaycan arasında siyasi əlaqələrin qurulmasının tərəfdarıyam. Sonsuza qədər müharibə, düşmənçilik aparmaq olmaz. Azərbaycan Prezidenti müharibədə qalib gəldi, indi də sülhü qoruyur".

Beləliklə, Paşinyanın söylədikləri hərbi protokoldan çox, siyasi və psixoloji mesaj xarakteri daşıyır. Bu cür açıqlamalar tərəflər arasında sülh görüntüsünü gücləndirməyə xidmət edir və daxili auditoriyaya “təhlükə yoxdur” mesajını vermək məqsədi daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şad Xəbər - Vətəndaşlara pulsuz evlər veriləcək