Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi hazırda kritik bir ekoloji sınaqla üz-üzədir. Son onilliklərdə müşahidə olunan su səviyyəsinin sürətli enməsi həm mütəxəssislər, həm də region dövlətlərinin rəhbərləri tərəfindən ciddi narahatlıqla qarşılanır. Ekspertlərin proqnozlarına görə, dənizin geri çəkilmə tempi mövcud dinamika ilə davam edərsə, Xəzərin gələcəkdə Aral dənizinin taleyini yaşamaq və tamamilə quruma təhlükəsi ilə qarşılaşması qaçılmaz ola bilər.
Bu məsələnin ciddiliyi beynəlxalq müstəvidə də yüksək səslə bəyan edilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev müxtəlif qlobal platformalarda Xəzərdə su səviyyəsinin davamlı azalmasını regionun dayanıqlı inkişafına qarşı əsas təhdidlərdən biri kimi xarakterizə edərək açıq xəbərdarlıqlar etmişdir.
Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov bildirib ki, Xəzər dənizinin quruması problemini yalnız iqlim dəyişiklikləri yaxud Volqa çayıdan gələn su axının azalması ilə əlaqələndirmək düzgün deyil, məsələ qlobal xarakter daşıyır.
“Dövlət başçısı da bu məsələ ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib. Xəzər dənizinin quruması təkcə iqlim dəyişikliklərinin nəticəsi deyil. Dənizə bir sıra çaylar, o cümlədən Kür və Araz çayları tökülür. Uzun illər ərzində Araz çayı müxtəlif metallarla, zərərli maddələrlə və sənaye tullantıları ilə çirkləndirilib. Bu da Xəzərin ekoloji vəziyyətinə ciddi təsir göstərib.
Xəzərdə baş verən proseslərin bir neçə əsas səbəbi var. Onlardan biri suda zərərli maddələrin konsentrasiyasının artmasıdır. Digər amil isə Qara dənizdən Volqa kanalı vasitəsilə Xəzərə daxil olan yad fauna növləridir. Dənizdə əvvəllər olmayan meduza kimi canlıların yayılması ekosistemi pozur və ciddi ekoloji problemlər yaradır. Amma problem Rusiya və ya hər hansı Xəzəryanı ölkənin əlində olan məsələ deyil. Problem qlobaldır. Bundan əlavə, Volqa çayı üzərində qurulan çoxsaylı bəndlər dənizə gələn suyun həcmini mütəmadi olaraq azaldır. Lakin ən böyük təhlükələrdən biri də suyun mineral tərkibinin dəyişməsi və özünübərpa qabiliyyətinin itməsidir. Bu bəşəri problemin qarşısını almaq üçün dünya səviyyəsində sistemli həll yolları tapılmalıdır".

Rövşən Muradovun sözlərinə görə, aparılan elmi müşahidələr Xəzərin gələcəkdə iki hissəyə bölünə biləcəyini göstərir:
“Bu gün Qazaxıstanda qırmızı kitaba düşmüş "Xəzər suitisi"nin kütləvi şəkildə tələf olması artıq həyəcan siqnalıdır. Bu problem təkcə Azərbaycanın deyil və onu bir ölkənin səyləri ilə həll etmək mümkün deyil.”
Parlamentari vurğulayıb ki, Xəzərin quruması Azərbaycan üçün həm ekoloji, həm də iqtisadi baxımdan ciddi təhlükədir:
“Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Limanı kimi iri layihələr birbaşa dənizin su səviyyəsindən asılıdır. Suyun çəkilməsi daşımaları iflic vəziyyətinə sala, regionda gəmiçilik fəaliyyətini dayandıra bilər. Bu problem Rusiya, İran və Qazaxıstan üçün də eyni dərəcədə təhlükəlidir.”
Komitənin digər üzvü Vüqar Rəhimzadə isə bildirib ki, mövcud ekoloji böhranın qarşısı yalnız Xəzəryanı ölkələrin birgə fəaliyyəti nəticəsində alına bilər:
“Son illər ərzində Xəzərin səviyyəsi bir metrdən çox aşağı düşüb. Bu, təkcə Azərbaycanın problemi deyil. Beş Xəzəryanı dövlət birgə səylər göstərməlidir. Prezident İlham Əliyev 2025-ci il sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı Xəzər dənizinin ekoloji vəziyyətinə xüsusi diqqət ayırıb. Dövlət başçısı qeyd etdi ki, Xəzərdə yaranmış vəziyyət gözlənilməz nəticələrə səbəb ola biləcək ekoloji fəlakətə çevrilə bilər. Bu təhlükənin qarşısının alınması üçün Xəzəryanı dövlətlərin əlaqələndirilmiş səyləri zəruridir. Azərbaycan bu məsələnin həlli üçün BMT ilə əməkdaşlığa hazırdır”.

Vüqar Rəhimzadənin sözlərinə görə, dayazlaşma həm ekoloji, həm də iqtisadi təhlükələr yaradır və biomüxtəlifliyə ciddi zərbə vurur:
"Bu baxımdan elmi məlumat mübadiləsi, koordinasiyalı tədbirlərin hazırlanması və sənaye, neft tullantılarının qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Volqa çayı üzərində inşa edilmiş iri su anbarları təbii tarazlığı pozaraq Xəzərin su balansına mənfi təsir göstərir. Əvvəllər qorunan ekoloji tarazlıq bu gün artıq ciddi təhlükə altındadır.
Xəzər dənizinin mühafizəsi regional deyil, qlobal məsələdir və ekoloji təhlükənin qarşısının alınması üçün Xəzəryanı dövlətlərin birgə, ardıcıl və məsuliyyətli fəaliyyəti zəruridir".