Modern.az

Türkiyə başda, Rusiya və İran sual altında: Azərbaycana dost olan və olmayanların SİYAHISI

Türkiyə başda, Rusiya və İran sual altında: Azərbaycana dost olan və olmayanların SİYAHISI

Analitika

22 Dekabr 2025, 08:59

Azərbaycanın çoxvektorlu xarici siyasəti nəticəsində dünya arenasında dostlarının sayı gündən-günə artır. Bununla yanaşı, Azərbaycana qarşı qeyri-dost, bəzən isə açıq düşmən mövqeyi sərgiləyən dövlətlər də mövcuddur.

Modern.az 2025-ci ildə Azərbaycana dost və qeyri-dost münasibət bəsləyən ölkələri müəyyənləşdirmək məqsədilə parlamentdə təmsil olunan partiya sədrləri, politoloqlar, jurnalistlər və sabiq diplomatlar arasında sorğu keçirib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, dost ölkələr sırasında birinci yerdə Türkiyə dayanır:

“Türkiyədən sonra Pakistan və İsraili xüsusi qeyd etmək lazımdır. Qardaş türk dövlətləri də təbii ki, Azərbaycanın dostlarıdır. Qeyri-dost ölkələr sırasında isə bu il daha çox cənub və şimal qonşularımız – Rusiya və İran önə çıxır. Onlar açıq düşmən mövqe sərgiləməsələr də, dost da deyillər. Bununla belə, Azərbaycanın çoxvektorlu siyasəti nəticəsində dostlarının sayı artmaqda davam edir. 2025-ci ildə də Azərbaycan daha çox dost qazanan dövlət kimi gündəmə gəlib”.

Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev isə bildirib:

“Dost ölkələr sırasında qardaş Türkiyə, Pakistan və Özbəkistan var. Digər türk dövlətlərini də bu siyahıya əlavə etmək olar. Qeyri-dost ölkələr isə Ermənistan, Rusiya, İran və Fransadır. Bunu onların real davranışlarında görmək mümkündür”.

Politoloq Qabil Hüseynli qeyd edib ki, Azərbaycanın dostlarının sayı kifayət qədər çoxdur:

“Ölkəmiz uğurlu xarici siyasət həyata keçirir. Türkiyə başda olmaqla türk dövlətləri, həmçinin Afrikanın Mərakeş, Tunis, Misir kimi ölkələri Azərbaycanla dost münasibətlər qurub. Azərbaycan uzun müddət Qoşulmama Hərəkatına sədrlik edib və bu, təşkilata üzv olan 120-dən çox ölkə ilə münasibətlərin möhkəmlənməsinə səbəb olub. Azərbaycanın dostlarını barmaqla saymaq mümkün deyil”.

Q. Hüseynli düşmən ölkələr sırasında Ermənistanın adını birinci çəkib:

“Ermənistanla düşmənçilik hələ də qalır. Rusiya və İranla münasibətlər də problemsiz deyil. ABŞ-ni də bəzən Azərbaycanın dostu adlandırmaq çətindir. Avropa ölkələri arasında isə Fransa açıq şəkildə ermənipərəst mövqe sərgiləyir. Almaniya və İsveçrə də zaman-zaman bu mövqeyə yaxın davranır. Buna baxmayaraq, Azərbaycanın dostları düşmənlərindən qat-qat çoxdur”.

1992–1994-cü illərdə Azərbaycanın İran İslam Respublikasında səfiri olmuş sabiq diplomat Nəsib Nəsibli: 

"Azərbaycanın Türk Dövlətlərinin üzvü olan ölkələrlə münasibətlərinin daha da sıxlaşması müsbət hal kimi dəyərləndirilməlidir. Əlbəttə, Türkiyə Respublikası ilə münasibətlər dövlət səviyyəsində normal inkişaf edib. Münasibətlərimizin mənfi olduğu ölkə isə təbii ki, Rusiyadır. Əlaqələrin, münasibətlərin çox gərildiyi bir dönəm idi. Amma tez-gec Rusiya ilə münasibətlərin nisbətən yumşalmasını müsbət hal kimi dəyərləndirmək olar. Amma həqiqətən, 2025-ci ildə yaddaqalan xarici siyasət sahəsində ən böyük hadisə Rusiya ilə gərilmiş münasibətlər idi. Ermənistan hakimiyyəti ilə münasibətlərin qurulması və sülh sazişinin imzalanması istiqamətində ilkin addımların atılması normal hadisədir. Erməni amili ictimai fikirdə mübahisə yaradan məsələdir.Çünki biz hələ onun travmalarından qurtarmamışıq. Neçə illərdir, Qarabağı işğal altında saxlayan amillə psixoloji cəhətdən barışmaq çətin işdir. Bizim başqa coğrafiyamız yoxdur.

Münasibətlərin istiləşməsi, yaxınlaşması baxımdan İranı da şərti olaraq qeyri-dost ölkə adlandıra bilərik:

"İran çox mürəkkəb ölkədir və bu ölkənin prezidentinin Azərbaycan Respublikası ilə münasibəltəri  normallaşdırması istəyinə qarşı dini rəhbər öz iradəsini ortaya qoyub tərsinə çevirə bilir".

Politoloq Tural İsmayılov vurğulayıb ki, Azərbaycanın 2025-ci ildə qlobal düzəndə artan nüfuzu təsadüfi proses deyil, uzun illər ardıcıl şəkildə yürüdülən çoxvektorlu, praqmatik və milli maraqlara söykənən siyasətin məntiqi nəticəsidir:

2025-ci ildə xüsusilə, Türkiyə ilə münasibətlər strateji müttəfiqlikdən daha geniş bir məna qazanıb. İki ölkə arasındakı əməkdaşlıq təkcə hərbi və siyasi sahələrlə məhdudlaşmır, həm də enerji, logistika, müdafiə sənayesi və regional təhlükəsizlik arxitekturasının formalaşmasında həlledici rol oynayır.

ABŞ-da administrasiya dəyişikliyindən sonra Azərbaycan–ABŞ münasibətlərində yeni dinamika yaranıb. Vaşinqtonun Bakıya daha praqmatik yanaşması, enerji təhlükəsizliyi, regional sabitlik və nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişlənməsi iki ölkə arasında dostluğun daha da möhkəmlənməsinə səbəb olub. 

Çin–Azərbaycan münasibətləri də 2025-ci ildə yüksələn xətt üzrə inkişaf edib. Bakı Pekin üçün Cənubi Qafqazda etibarlı tərəfdaş, “Bir Kəmər, Bir Yol” təşəbbüsünün mühüm həlqəsi və enerji-logistika əməkdaşlığının strateji mərkəzi kimi çıxış edir. 

Azərbaycanın 2025-ci ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibətləri təkcə siyasi yaxınlıq deyil, həm də dərinləşən strateji əməkdaşlıq modelinə çevrilib. 

Qazaxıstanla münasibətlərdə iqtisadi əməkdaşlıq və nəqliyyat dəhlizləri ön plana çıxır. Orta Dəhliz üzrə koordinasiya, Xəzər üzərindən yükdaşımaların artması və enerji sahəsində qarşılıqlı maraqlar iki ölkəni strateji tərəfdaşlığa daha da yaxınlaşdırıb. 

Özbəkistanla əlaqələr isə son illərdə yeni mərhələyə keçib. Daşkəndin modernləşmə kursu və Azərbaycanın texnoloji, logistika və enerji sahəsində təcrübəsi iki ölkə arasında qarşılıqlı tamamlayıcılığı gücləndirir. Bu münasibətlər təkcə siyasi deyil, həm də iqtisadi sinerji yaradır.

Qırğızıstanla əməkdaşlıq daha çox humanitar, təhsil və iqtisadi sahələrdə genişlənir. 

Türkmənistanla münasibətlər enerji və nəqliyyat xəttində strateji əhəmiyyət daşıyır; Xəzər üzərindən əməkdaşlıq, qaz və elektrik ixracı üzrə koordinasiya və nəqliyyat marşrutlarının genişləndirilməsi iki ölkəni daha sıx bağlayır. 

2025-ci ildə Azərbaycana qarşı qeyri-dost davranışlar sərgiləyən ölkələri isə T.İsmayılov belə sıralayıb:

"Bunun fonunda qeyri-dost ölkələrin davranışları daha kəskin görünür. Rusiya 2025-ci ildə regiona yanaşmasında bir sıra yanlış addımlar atıb. AZAL məsələsində adekvat reaksiya verməməsi, Cənubi Qafqazda balansı pozmağa yönəlmiş bəzi addımlar Moskvanın Cənubi Qafqazda obrazına ciddi zərbə vurub. 

İranın bəzən Azərbaycana qarşı qeyri-dost narrativləri də 2025-ci ildə davam edib. Tehran müəyyən dairələrin təsiri ilə zaman-zaman Bakıya qarşı əsassız ittihamlar səsləndirib, lakin Azərbaycan bu ritorikaya emosional yox, praqmatik cavab verərək münasibətlərin tam qopmasına imkan verməyib. 

Fransanın Azərbaycana qarşı sərgilədiyi qeyri-dost addımlar isə Parisin Cənubi Qafqaz siyasətində obyektivlikdən uzaqlaşdığını göstərirdi. Lakin 2025-ci ilin sonlarına doğru münasibətlərdə müəyyən yumşalma müşahidə olunması Fransa siyasi dairələrinin reallığı qəbul etməyə başlamasının ilk işartıları kimi qiymətləndirilə bilər".

Jurnalist Xalid Kazımlı isə dost və qeyri-dost ölkələrini belə sıralayıb:

"Azərbaycan qeyri-dost ölkələrin başında bu il Rusiya gəlir. Çünki 2025-ci ildə Azərbaycana və azərbaycanlılara qarşı bir çox hadisələr törədildi. Azərbaycana qarşı bəyanatlar səsləndirildi, azərbaycanlılar incidildi. İkinci qeyri-dost ölkə İrandır. İran elə bu günlərdə də düşmənçiliyi davam etdirirlər. Orada SEPAH, İran kəşfiyyatına bağlı “Səhər” telekanalı hər gün Azərbaycana qarşı nifrət püskürür. Heç bir bəhanə, səbəb olmadan səhərlərini açıb, cəfəngiyyatlar səsləndirirlər. İrandan sonra Ermənistanın dövlət və hökumət olaraq Azərbaycana münasibəti Qarabağ Zəfərindən sonra dəyişilsə də, cəmiyyət olaraq, ciddi düşmənçilik mövqeyindədir. Oturub-durub xəyal edirlər ki, yenidən savaş başlasın və onlar revanş etsinlər. Bu təbii ki, xam-xəyaldır. Azərbaycanın əli armud toplamır, nə də tüfənginə qatıq dolmayıb. Silahla gələn silahla da cavabını alacaq.

Azərbaycana qarşı qeyri-dost 4-cü ölkə məncə Fransadır. Fransa da Azərbaycana qarşı çıxış edən qüvvələr var. Demək olar ki, Fransa siyasilərinin hamısı Azərbaycanı xor görür.

Dost ölkələrə gəlincə, əlbəttə ki, birinci yerdə Türkiyə, ikinci yerdə Pakistandır. Son 35 ildə Pakistan Azərbaycana qarşı həmişə dost ölkə olub. Elə bu gün də dost ölkə olaraq qalır. Gürcüstan Azərbaycanın 2008-ci ilin qarlı qış axşamında onlara göstərilən köməkləri, humanitar yardımları unutmayıblar. Ukrayna xalqı və dövlətinin Azərbaycana dost yanaşması var. Onların mətbuatında da, siyasi xadimlərinin açıqlamasından görmək olur. Bir də türk dövlətlərini, məsələn, Özbəkistan, Qazaxıstan və Qırğızıstanı bir yerdə Azərbaycana dost ölkə saymaq olar".

 

  

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır