Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlığı gücləndirən yeni memorandum təsdiqlənib. Sənəd hərbi təhlükəsizlik, birgə təlimlər, müdafiə sənayesi və məlumat mübadiləsinin genişləndirilməsini əhatə edir. Razılaşmaya görə, tərəflər silahlı təcavüz halında BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq bir-birinə hərbi dəstək göstərməlidir.
Bu sənəd Türk Dövlətləri Təşkilatı çərçivəsində gələcəkdə daha geniş – bir neçə ölkənin iştirak edəcəyi hərbi əməkdaşlıq modelinin formalaşmasına zəmin yarada bilərmi?
Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev bildirib ki, bu məsələdə Türk Dövlətləri Təşkiltının Qəbələ sammitinin gündəliyinə istinadla aşağıdakıları bildirib:
“Türk Dövlətləri Təşkiltının Qəbələ sammitində Azərbaycanın təklifi ilə təşkilatın tarixində ilk dəfə təhlükəsizlik, müdafiə sənayesi və müdafiə ilə bağlı məsələlər gündəmə gətirildi. Sammitdə “Regional sülh və təhlükəsizlik” mövzusu çərçivəsində regional və qlobal təhlükəsizlik çağırışları, terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və hərbi-siyasi koordinasiya məsələləri müzakirə olundu.

Parlamentari vurğulayıb ki, belə bir sənəd başqa türk ölkələri ilə, məsələn Özbəkistanla da imzalana bilər:
“Məhz elə bu məsələ həm ayrı-ayrı dövlətlər arasında ikitərəfli formatda, həm də çoxtərəfli formatda əməkdaşlığın əsasının qoyulması və mövcud əməkdaşlıq sahələrinin dərinləşdirilməsi üçün yaşıl işıq oldu. Burada Türkiyə ilə Azərbaycan arasında indiyədək olan sıx əməkdaşlıq, xüsusilə fəxrlə əsaslandığımız 2021-ci ilin iyun ayında imzalanan Şuşa bəyannaməsi mühüm rol oynayır. Bu yalnız Azərbaycanla Türkiyə arasında əməkdaşlıq üçün baza rolunda çıxış etmir. Eyni zamanda digər türk dövlələrinə də əməkdaşlığa başlamaq, mövcud əməkdaşlığın dərinləşdirilməsi üçün stiumul verir. Xatırlamaq lazımdır ki, hələ 2010-cu il avqustun 16-da Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında imzalanan müqavilə müxtəlif sahələdərdə əməksaşlığa güclü təkan vermişdi.
Milli Məclisdə ötən həftə təsdiqlədiyimiz Azərbaycan və Türkiyə arasında Anlaşma memarandumu Şuşada imzalanan sənəddə ölkələrimizin suverenliyinə, ərazi bütövlüyünə təhdid yarandığı təqdirdə yer alan qarşılıqlı yardım göstərilməsi ilə bağlı məqamları daha da konkretləşdirir. İki ölkə BMT Nizamnaməsini əsas götürərək və imzaladıqları sənədlərin hüquqi müddəalarından çıxış etməklə dərhal məsləhətləşmələrə başlayır və müvafiq qurumlar göstəriləcək dəstəyin həcmini, istiqamətini, formasını razılaşdırırlar. Azərbaycanla Türkiyə arasında imzalanmış bu Anlaşma Memorandumu və bundan əvvəlki sənədlər ayrı-ayrı türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq üçün nümunəvi hüquqi baza, və praktiki təcrübənin öyrənilməsi özünü doğrultmuş əsas ola bilər. Yəni bu tipli d səndələri sabah Azərbaycan və Türkiyə Mərkəzi Asiyadakı türk dövlətləri ilə iki və çoxtərəfli formatlarda imzalamağı nəzərdən keçirə bilərlər. Məhz Qəbələ sammiti də üzv dövlətlər arasında müdafiə sənayesi, hərbi təlimlər, təcrübə mübadiləsi və təhlükəsizlik institutları arasında əlaqələrin inkişafi perspektivlərini müzakirə etmişdi".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər bir üzvü Aydın Mirzəzadə söyləyib ki, digər türk dövlətləri ilə də ikitərəfli hərbi sənədlərin imzalanması istisna edilmir:
“Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bu, o deməkdir ki, Azərbaycan heç bir hərbi bloka qoşula bilməz. Amma bu digər ölkələrlə ikitərəfli hərbi əməkdaşlığı istisna etmir. Bu gün Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq, hərbi müttəfiqlik barəsində Şuşa Bəyannaməsi var. Digər ölkələrlə də belə sazişlər imzlana bilər. Bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyasına, əməkdaşlığın genişlənməsinə böyük önəm verir. Və milli zəmində dövlətlərin biriliyinə nümunələr dünyada kifayət qədərdir. Böyük Britaniyanın rəhbərlik etdiyi millətlər birliyini buna misal göstərmək olar. Zaman yetişərsə, belə sazişlərin türk ölkələri ilə də imzalanması mümkündür. Bir müddət əvvəl Mərkəzi Asiyada üç Türk dövlətin birgə hərbi təlimləri keçirilib. Belə hərbi təlimlərin keçirilməsi, hərbi əməkdaşlıq edilməsi günü-gündən artan, möhkəmənən məsələdir”.

Deputat qeyd edib ki, türk dövlətləri bir-birilərinin müstəqilliyinin möhkəmlənməsində və dünya birliyində layiqli yer tutmasında maraqlıdır:
“Biz bir kökdən gələn dövlətlərik. Və biz dövlətlərimizin müstəqilliyinin möhkəmələnməsində, dünya birliyində layiqli yer tutmasında maraqlıyıq. Bu məsələdə beynəlxalq hüquq normalarına uyğun olaraq bir-birimizə əstək verməyə hazırıq. Türk dövlətləri ilə əməkdaşlığın davam etdirilməsi həmişə gündəmdədir. Və bu hər hansı üçüncü dövlətə qarşı yönələn addım deyil”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu baş verən yeni dəyişikliklər kontekstində regional təhlükəsizliyin təmin edilməsi mühüm şərt olduğunu bildirib:
“Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında razılaşdırılmış memarandum Milli Məclisdə təsdiqləndi.Və Azərbaycan Prezidentinin sərəncamından sonra hüquqi qüvvəyə minəcək. Bu, həm də hərbi müstəvidə Şuşa bəyannaməsinin daha da dərinləşdirilməsidir. Məxfi hərbi məlumatlar üzrə birinin digərini məlumatlandırması öhdəliyini yaradır. Ona görə də hazırda regionda baş verən yeni dəyişikliklər kontekstində regional təhlükəsizliyin təmin edilməsi mühüm şərtdir. Çünki regiona böyük iqtisadiyyat və yeni infrastruktur da gəlməkdədir. Bunun üçün təhlükəsizlik mütləq təmin olunmalıdır. Prezident İlham Əliyev qeyd etmişdi ki, regionun təhlükəsizliyi ilə bağlı məsuliyyəti Azərbaycan daşıyır. Bu, əlbəttə ki, qardaş Türkiyə olmadan mümkün deyil”.

Deputat Türk Dövlətləri Təşkilatı daxilində Azərbaycan-Türkiyə birliyinin daim örnək yaratdığını söyləyib:
“Təcrübə göstərir ki, bu nümunənin digər türk dövlətləri üçün də keçərli olması bir ənənə halını alıb. Mənə elə gəlir ki, Azərbaycan Prezidenti bu istiqamətdə çağırış edib. 2025-ci ildə Türk Dövlətlərinin Qəbələdə keçirilən zirvə toplantısında TDT-yə üzv ölkələrin ordularının birgə hərbi təlim keçirməsi ilə bağlı ölkə başçısı İlham Əliyev çağırış edib. Şübəsiz ki, növbəti mərhələ digər türk dövlətləri ilə də bənzər sazişlərin imzalanmasına gətirib çıxara bilər”.
Hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, parlamentin təsdiqlədiyi memaranduma Şuşa bəyannaməsini tamamlayan sənəd kimi baxılmalıdır:
“Azərbaycanla Türkiyə arasında əməkdaşlıq ən yüksək səviyyədədir. Bu, digər türk dövlətləri üçün də nümunə ola bilər. Təbii ki, Azərbaycala Türkiyə arasında imzalanan son hərbi memarandum Şuşa bəyannaməsindən irəli gələn vəzifələrin daha detallı şəkildə tətbiqi istiqamətindəki fəaliyyətləri nəzərdə tutur. Başqa sözlə desək, bu hərbi memeranduma Şuşa bəyannaməsini tamamlayan sənəd kimi baxılmalıdır”.

Ə.Verdiyevin fikrincə,eyni cür sənədlərin digər TDT-yə üzv ölkələrlə də imzalanması mümkündür:
“Yəqin ki, yaxın prespektivdə belə sənədlərin digər ölkələr və nəticədə ümumilikdə TDT ölkələri arasında da imzalana bilər. Belə bir əməkdaşlıq formatı heç kimə qarşı yönəlməyibsə, digər ölkələrin ərazi bütövlüyünə, suverenliyinə yönəlməyibsə və yalnız təhlükəsizliyə xidmət edirsə, bu sənədin digər ölkələrlə imzalanması müsbət addım olardı. Yəqin ki, yaxın illərdə biz belə bir sənədlərin digər ölkələrlə də imzalanmasını müşahidə edəcəyik”.
Digər bir hərbi ekspert Cəlil Xəlilov isə vurğulayıb ki, Azərbaycan əsasən ikitərəfli əməkdaşlığa üstünlük verir:
“Bizim bəzi dövlətlərlə hərbi və ya iqtisadi məsələlərdə ikitərəfli əlaqələrimiz çoxdur. O cümlədən türkdilli dövlətlərdən başqa Avropa dövlətləri ilə, MDB ölkələri arasında əlaqələrimiz mövcuddur. Amma, təbii ki, dünyada baş verən proseslər, o cümlədən Azərbaycanın hərbi hazırlığı gücləndiriməsi məqsədilə Türkiyə və Pakistanla bu əməkdşlıq daha da miqyaslı xarakter daşıya bilər. O cümlədən də Özbəkistanla da bizim bir neçə tədbirlərimiz keçirilib. Xəzəryanı ölkələrlə əlaqələrimiz mövcuddur, təlimlər keçirir və bu sahədə əməkdaşlıq edirik. Hərbi sursatların alınmasıdır, Azərbaycan ordusunda istifadəsidir. Yaxud Azərbaycanda hərbi müdafiə səneysinin məhsullarının dünya bazarına çıxarılması, yaxud əməkdaşlıq etdiyimiz ölkələrə satılması kimi nüanslar əhəmiyyətlidir. Bunun üçün də əməkdaşlıq üçün imkanlar mövcuddur. Belə məlumatlar var, mətbuata veriləcək”.

Ekspert vurğulayıb ki, Özbəkistanla da, digər türk dövlətləri ilə də hərbi memarandumlar imzalana bilər:
“Qazaxıstan-Azərbaycan dəniz qüvvələri arasında münasibətlər güclənir. Gələcəkdə bu daha da inkişaf edə bilər”.