Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir və bunun təxminən yarısı Avropa bazarına yönəldilir. Prezident İlham Əliyevin Slovakiyada bildirdiyi kimi, Azərbaycan artıq Avropa İttifaqına üzv 8 ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Ümumilikdə isə ölkəmiz Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna və Suriyaya qaz ixrac edir. Dövlət başçısı vurğulayıb ki, boru kəmərləri ilə qaz nəql edən ölkələr arasında Azərbaycan aparıcı mövqedədir. Yeni qaz yataqlarının istismara verilməsi əlavə resursların əldə olunmasına və ixrac coğrafiyasının daha da genişlənməsinə imkan yaradacaq. 2024-cü ildə qaz ixracının 25,2 milyard kubmetrə çatması və Avropaya tədarükün artması bu strategiyanın real nəticələrini göstərir. Eyni zamanda, TANAP və digər marşrutlar vasitəsilə Türkiyə və Gürcüstan sabit şəkildə təmin olunur. Məhz bu regional və qlobal enerji mənzərəsi fonunda Azərbaycanın Ermənistanla mavi qaz sahəsində mümkün əməkdaşlığı da getdikcə daha аktual müzakirə mövzusuna çevrilir.
Modern.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında qaz əməkdaşlığını şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov qeyd edib ki, enerji təhlükəsizliyi termini enerji təchizatı ilə bağlı iqtisadi və siyasi müzakirələrin demək olar ki, mərkəzində dayanır. O qeyd edib ki, Azərbaycan energetika üzrə konkret layihələr üzərində işləyir və Avropa İttifaqına üzv olan 8 ölkəyə qaz ixrac edir.
Regionda icra edilən irimiqyaslı layihələr ilə Ermənistana bundan əvvəl dəfələrlə şans verildiyini xatırladan Azər Badamov rəsmi İrəvanın bu şansdan yararlanmadığını diqqətə çatdırıb.
“Lakin təəssüflər olsun ki, içiboş və saxta ideologiyaya inanan, inandırılan, buna xidmət etməyə alışan və alışdırılan Ermənistan o imkanların hər birindən özünü məhrum etdi. Azərbaycanın qəti mövqeyindən sonra demək olar ki, Ermənistanın yanaşmasında dəyişikliklər özünü göstərir. Ermənistanla sülh gündəliyinin addım-addım inkişaf etdiyini görürük. Artıq ilk neft ixracı baş tutub. Ermənistan eyni siyasi iradəni davam etdirsə, niyə də yox? Siyasi iradə olduqdan sonra, belə olan halda qalacaq texniki əsaslandırma. Azərbaycanın qaz ixrac etdiyi növbəti ölkənin Ermənistan ola bilməsi üçün zənn edirəm ki, tək texniki məsələlər həll edilməli deyil, həm də dövlətlər arasında sülh müqaviləsi imzalanmalıdır. Bu da gələn ilin ikinci yarısına təsadüf edə bilər. Bu, Ermənistanın sosial-iqtisadi durumuna, xarici siyasətinə əhəmiyyətli dərəcədə təsir edəcək. Bütövlükdə, regionda sülh quruculuğunun artıq maneəsiz addımlamasına güclü təkan verəcək”,- deyə sədr müavini qeyd edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycan artıq öz neft məhsullarını Ermənistan bazarına çıxarıb:
“Bu isə Azərbaycanla Ermənistan arasında enerji sahəsində əməkdaşlığın formalaşmağa başladığını göstərir. Təbii ki, aparılan müzakirələrdən asılı olaraq, Azərbaycanın mavi qazının da Ermənistan bazarına çıxarılması imkanları istisna edilmir.
Nəzərə alsaq ki, Cənub Qaz Dəhlizi Gürcüstan üzərindən reallaşır, Gürcüstan vasitəsilə Ermənistanın qaz sisteminin bu dəhlizə inteqrasiyası və daxili şəbəkə üzərindən mavi qaz alması texniki baxımdan mümkündür. Lakin bu proses birbaşa danışıqların gedişindən və xüsusilə də Ermənistanın sülh proseslərində növbəti mərhələdə tutacağı mövqedən asılıdır”.
Deputat onu da əlavə edib ki, Azərbaycan sülh gündəliyinə sadiq bir ölkədir:
“Eyni zamanda, Azərbaycan ərazisindən Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması və neft məhsullarının ixracı onu göstərir ki, Azərbaycan Cənubi Qafqazda sabitlik və inkişafı ardıcıl şəkildə dəstəkləyən ölkədir.
Bu baxımdan, əgər Ermənistan da sülh gündəliyinə sadiq qalarsa və bütövlükdə Cənubi Qafqazda əməkdaşlığın gücləndirilməsinə yönəlmiş addımlar davam edərsə, iki ölkə arasında mavi qaz sahəsində əməkdaşlıq da istisna olunmur”,- deyə V.Bayramov fikrini tamamlayıb.