ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunmuş 8 avqust Azərbaycan-Ermənistan razılaşması çərçivəsində əsas prioritet qarşılıqlı etimadın formalaşdırılması və sülh prosesinin təmin olunması idi.
Hazırda sərhəd xəttində heç bir atışma faktı qeydə alınmır, eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrə start verilib.
Həmin razılaşmalarda, bəyanatlarda və ortaya qoyulan mövqelərdə tərəflər arasında sərhəddə üçüncü tərəflərə məxsus əlavə qüvvələrin yerləşdirilməməsi məsələsi də öz əksini tapıb.
Təəssüf ki, Ermənistan tərəfi bu razılaşmalardan irəli gələn bir sıra öhdəliklərlə yanaşı, məhz bu bəndi də yerinə yetirmir. Belə ki, Ermənistan ərazisində, Ermənistan–Azərbaycan sərhədində Avropa İttifaqının müşahidə missiyasının fəaliyyəti hələ də davam etdirilir və bu missiya Azərbaycanla razılaşdırılmamış formada fəaliyyət göstərir.
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Anar Əliyev deyib ki, Ermənistanda hələ də belə düşünürlər ki, prosesləri mümkün qədər uzatmaqla, Azərbaycan–Ermənistan münasibətlərini sülh danışıqları mərhələsindən yekun sülh müqaviləsinə gətirib çıxarmamaqla zaman qazana bilərlər. Bu zaman qazanmaq cəhdi gələcəkdə Ermənistan üçün daha əlverişli beynəlxalq şəraitin formalaşacağına dair yanlış ümidlər üzərində qurulub. Bu düşüncənin əsas elementlərindən biri də Ermənistan ərazisində münasibətləri gərginləşdirə biləcək əlavə qüvvələrin yerləşdirilməsidir. Ekspertin sözlərinə görə, Avropa İttifaqı missiyasının Ermənistan ərazisində fəaliyyətinin davam etdirilməsi də məhz bu yanaşma ilə bağlıdır:
“Nəzərə almaq lazımdır ki, qarşıdakı il Ermənistanda parlament seçkiləri keçiriləcək. Mövcud hakimiyyətin öz mövqeyini qoruyub saxlaması halında hesab edirəm ki, seçkilərdən sonra regionda münasibətlərin tənzimlənməsi istiqamətində müəyyən ciddi irəliləyişlər əldə oluna bilər. Yalnız bu halda müşahidə missiyasının fəaliyyətinin yekunlaşdırılmasını proqnozlaşdırmaq olar. Və ya missiya Ermənistan ərazilərinə doğru çəkilə də bilər.
Yeni komandanın hakimiyyətə gəlməsi halında Cənubi Qafqazda sülhün bərqərar olması, sülh prosesinin nizamlanması və sülh müqaviləsinin imzalanması üçün müəyyən risklər yarana bilər. Çünki yeni hakimiyyəti formalaşdıracaq daxili və kənar qüvvələr bölgədə Azərbaycanın üstünlüyünü təsdiqləyən və davamlı, uzunmüddətli sülhə gətirib çıxaracaq razılaşmanı öz maraqlarına zidd hesab edirlər və bu prosesin mümkün qədər uzadılmasına çalışacaqlar.
Bu baxımdan Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda ən azı seçkilərə qədər fəaliyyətini davam etdirəcəyi gözləniləndir.
Böyük ehtimalla seçkilərdən sonra Ermənistan hökumətinin (Paşinyanın hakimiyyətdə təmsil olunması davam edərsə) 8 avqust bəyannaməsinə və Azərbaycanın atdığı addımlara adekvat reaksiyalarını müşahidə edə biləcəyik”.
Anar Əliyev vurğulayıb ki, missiya Avropa maraqlarına xidmət edir.
"Missiyanı təmsil edən qüvvələr Cənubi Qafqazda davamlı və möhkəm sülhün bərqərar olmasında maraqlı deyillər. Onların məqsədi bölgədə proseslərə yeni impuls və istiqamət vermək, bununla da Avropa strukturlarının Cənubi Qafqazda təmsilçilik imkanlarını genişləndirməkdir".