Müasir dünya tarixinin ən mürəkkəb mərhələlərindən biri məhz Ukrayna müharibəsi ilə formalaşmağa başladı. 2014-cü ildə Krımın ilhaqı ilə prosesin ilk mərhələsi başa çatdı. Həmin dövrdə Qərb bu addımı beynəlxalq hüququn pozulması kimi qiymətləndirdi. Rusiya isə təhlükəsizlik arqumentlərini ön plana çəkdi. Bu ziddiyyətlər sonrakı illərdə daha da dərinləşdi.
2022-ci ildə genişmiqyaslı müharibənin başlaması qlobal siyasi balansı kökündən dəyişdi. Ukrayna bir anda dünyanın əsas münaqişə mərkəzinə çevrildi. Enerji bazarları silkələndi, ərzaq böhranı yarandı. Avropa təhlükəsizlik arxitekturası faktiki olaraq iflic oldu. NATO ilə Rusiya arasında münasibətlər tarixdə görünməmiş həddə gərginləşdi.
Bu mərhələdə Türkiyə fərqli diplomatik xətt seçdi. Ankara illər öncədən Rusiya ilə isti münasibətlər qurmuşdu. Eyni zamanda Ukrayna ilə strateji tərəfdaşlıq saxlanılırdı. Bu balans siyasəti Türkiyəyə vasitəçi rolunu oynamaq imkanı verdi. İstanbul danışıqları həmin dövrdə ümid kimi dəyərləndirilirdi.
Analitiklər hesab edirdilər ki, Türkiyənin mövqeyi gələcək regional düzən üçün presedent yaradır. Tarixdə Osmanlı imperiyasının Avropa-Asiya balansında oynadığı rol tez-tez xatırladılırdı. Müasir Türkiyə də oxşar şəkildə geosiyasi körpü funksiyasını yerinə yetirməyə çalışır. Lakin müharibə dərinləşdikcə diplomatiyanın təsir dairəsi daraldı.
ABŞ-da hakimiyyət dəyişikliyi prosesə yeni çalarlar qatdı. Donald Trampın siyasi ritorikası Türkiyə modelinə daha yaxındır. Donald Trump açıq şəkildə müharibənin uzanmasının əleyhinə çıxır. O, eyni zamanda Ukraynaya limitsiz dəstəyin ABŞ maraqlarına uyğun olmadığını bildirir. Bu yanaşma isə Avropada ciddi narahatlıq doğurur.
İndi isə Fransa prezidenti də fərqli mövqe sərgiləyir. Emmanuel Macron Rusiya ilə dialoqun zəruriliyini vurğulayır. O, Putinin tam kənarda saxlanılmasının təhlükəli olduğunu bildirir. Bu açıqlama Qərb daxilində parçalanmanın açıq göstəricisidir.
Bütün bunlardn sonra analitiklər Ukraynanın taleyinin böyük ölçüdə razılaşdırıldığını iddia etməyə başlayıblar. Onların fikrincə, Kiyev bu reallıqla barışmalı olacaq. Tarixdə Almaniyanın Şərq və Qərb olaraq bölünməsi ilə paralellər aparılırdı. İndi oxşar ssenarinin Ukrayna üçün hazırlandığı deyilir.
Bu yanaşmaya görə, ölkə faktiki olaraq iki hissəyə ayrılacaq. Şərqi Ukrayna Rusiya təsirində olacaq. Qərbi Ukrayna isə ABŞ və Qərbin nəzarət zonasına çevriləcək. Bu isə müharibənin əsas məqsədi ilə bağlı suallar doğurur. Yüz minlərlə insanın həlak olduğu savaşın nəticəsi bu idimi sualı açıq qalır.
Danışıqlar prosesi rəsmi olaraq başlasa da, real gözləntilər minimum səviyyədədir. Əksinə, danışıqlar dövründə döyüşlərin daha da şiddətləndiyi müşahidə olunur. Bu, tarixdə Koreya müharibəsi dövründə yaşananlarla müqayisə edilir. O zaman da masada danışıqlar gedərkən cəbhədə qan axırdı.
Hazırda dünyanın diqqəti məhz Ukraynaya yönəlib. Strateqlər hesab edir ki, burada qlobal talelər həll olunur. Avropanın gələcək rolu ciddi sual altındadır. Bəzi analitiklər Avropanın yerini tədricən Asiyaya verəcəyini düşünür. ABŞ üçün Asiya-Sakit okean regionu daha cəlbedici görünür.
Bu kontekstdə yeni təhlükə ssenariləri də müzakirə olunur. Əgər Rusiya növbəti mərhələdə Polşaya təzyiq göstərsə, vəziyyət daha da mürəkkəbləşəcək. Polşa rəhbərliyi bu riski açıq şəkildə dilə gətirir. Varşava NATO daxilində ən sərt mövqelərdən birini tutur.
Türkiyə isə hələlik ehtiyatlı diplomatik gedişlərini davam etdirir. Ankara regional müharibənin genişlənməsində maraqlı deyil. Bu hadisələrin Cənubi Qafqaza təsiri də ciddi müzakirə olunur. Cənubi Qafqaz üçün yeni risklər və imkanlar formalaşır.
Nəticə etibarilə Ukrayna qlobal sistemin sınaq meydanına çevrilib. Bu bataqlıqda təkcə Ukrayna yox, bütün dünya yavaş-yavaş batır. Hətta Rusiya belə bu prosesdən itkisiz çıxmır.
Ukrayna müharibəsi XXI əsrin ən həlledici geosiyasi hadisələrindən biridir. Bu münaqişə yeni dünya düzəninin konturlarını cızır. Qalibin kim olacağı hələ də qeyri-müəyyəndir.
Ancaq bir həqiqət ortadadır. Dünya əvvəlki dünya deyil.
Modern Təhlil və Araşdırma Qrupu