2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi antiterror əməliyyatından sonra Ermənistana könüllü köç etmiş ermənilər kütləvi şəkildə Rusiyaya və Avropaya üz tutur.
Modern.az-ın məlumatına görə, əsas faktorlardan biri olaraq yerli ermənilərlə Qarabağdan könüllü köçmüş ermənilər arasında keçmişdən gələn ədavətin mövcudluğudur.
Məişət səviyyəsində də hiss edilən bu gərginlik səbəbindən Ermənistan pasportu alan Qarabağ ermənilərinin sayı cəmi 26 min nəfər təşkil edib, onların əksəriyyəti yaşayış üçün Rusiya və Avropa ölkələrini seçirlər.
Rusiyaya köç edənlərin əksəriyyəti ölkənin cənub regionlarını seçir. Stavropol diyarı, Krasnodar vilayəti və Şimali Qafqaz bölgəsi Qarabağ erməniləri üçün ən populyar məskunlaşma məntəqələrinə çevrilib. Bu ərazilərdə həm iqlim, həm də artıq formalaşmış erməni diasporu onların yerləşməsini nisbətən asanlaşdırır. Rusiyaya gedənlərin müəyyən hissəsi daha sonra müxtəlif yollarla əmək müqavilələrinə cəlb olunur və bəziləri Rusiya ordusuna yazılaraq Ukrayna müharibəsində iştirak edir. Rusiya Qarabağdan olan ermənilərin aktiv döyüş əməliyyatlarına cəlb edilməsində maraqlıdır.
Digər böyük axın Avropaya, xüsusən də Fransaya yönəlib. Fransada erməni icmasının geniş olması, sosial dəstək mexanizmlərinin mövcudluğu və miqrasiya prosedurlarının nisbətən əlçatan görünməsi Qarabağ ermənilərinin bu ölkəyə axınını gücləndirib. Bundan əlavə, Almaniya, Niderland, Belçika və İspaniya da onların seçdiyi istiqamətlər sırasındadır, lakin üstünlük yenə də Fransaya verilir.
Ermənistanda qalan keçmiş Qarabağ sakinlərinin isə durumu yuxarıda qeyd edildiyi kimi tam rahat deyil. Orada həm məskunlaşma problemləri, həm işsizlik, həm də sosial adaptasiya çətinlikləri səbəbindən yerli əhali ilə gərginlik yaşayır. Ermənistan cəmiyyətində “müvəqqəti gələnlər”lə bağlı narazılıqlar zaman-zaman açıq formada səsləndirilir, bu isə hökumətin həm yerli əhali, həm də Qarabağdan gələnlərlə əlaqəli siyasətində əlavə siyasi və sosial problemlər yaradır. Bu sosial gərginlik və iqtisadi şəraitin zəif olması Qarabağdan köçmüş insanların ölkəni tərk etməsini daha da sürətləndirir.
Ölkədə qalan Qarabağ ermənilərini həm də müxtəlif siyasi güclər öz məqsədləri üçün istifadəyə etməyə çalışır. Xüsusən, Robert Koçaryan və Serj Sarkisyana bağlı revanşist qüvvələr onların Ermənistan pasportu alaraq 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərində narazı elektorat olaraq mövcud hakimiyyətə qarşı istifadə edilməsində maraqlıdır. Amma bu cəhdlərə baxmayaraq, Qarabağdan könüllü köçmüş ermənilərin Ermənistandan miqrasiya axını sürətlənməkdədir.