Modern.az

Görünməyən təhlükələrin xəritəsi - BİLİRDİNİZMİ...

Görünməyən təhlükələrin xəritəsi - BİLİRDİNİZMİ...

Analitika

30 Dekabr 2025, 00:50

Bir neçə gün əvvəl Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Azərbaycanda xüsusi karantin rejimi yenidən üç ay müddətinə uzadıldı. Bu qərar quru sərhədlərin ən azı daha üç ay bağlı qalacağı deməkdir.

Beləliklə, pandemiya dövründə tətbiq olunan məhdudiyyətlərin altı ili tamam olur. Sərhədlərin bağlı qalmasının rəsmi səbəbi hər kəsə məlumdur.O da məlumdur ki, bu qərar bir səbəblə izah edilmir və məsələ daha geniş təhlükəsizliklə bağlıdır.

Təbii ki, iqtisadi səbəblər də istisna edilmir, amma əsas səbəbin təhlükəsizlik olduğu artıq şübhə doğurmur. Cəmiyyətdə bu mövzuda aktiv müzakirələr aparılır. Bir tərəfdən vətəndaşlar narahatdır. Uzun illərdir davam edən qadağalar insanların hərəkət azadlığını məhdudlaşdırır, ailə əlaqələrini çətinləşdirir, səfərləri bahalaşdırır. Bu narahatlıq başadüşüləndir və təbiidir. Amma dövlət qərar verən zaman emosiyalara, bir anın təsirinə köklənmir, məntiqlə hərəkət edir.

Dövlət statik mexanizm deyil, canlı orqanizm kimidir. Risklər şaxələndikcə, qərarlar da dəyişir. Tarixdə dövlət haqqında yazılmış ilk əsərlərdən tutmuş müasir konstitusiyalara qədər ortaq prinsip var: dövlətin əsas vəzifəsi vətəndaşlarını qorumaqdır. Bu qoruma bəzən rahatlığın qurban verilməsi hesabına başa gəlir.

Bir daha qeyd edək ki, bu yazının məqsədi hökumətin qərarını müdafiə etmək deyil. Məqsəd qərarın arxasında duran təhlükəsizlik məntiqini anlamağa çalışmaqdır. Təhlükəsizlik prizmasından baxanda əsas fərq hava və quru sərhədləri arasındadır. Belə ki, hava yolu ilə ölkəyə daxil olan hər kəs əvvəlcədən sistemdə görünür. Bilet alındığı andan etibarən məlumatlar formalaşır. Kim gəlir, haradan gəlir, nə vaxt gəlir, nə qədər qalacaq, hansı ünvanda qalacaq. Bu məlumatların böyük hissəsi avtomatik olaraq müxtəlif dövlət və beynəlxalq sistemlərdə mövcuddur.

Giriş-çıxış nöqtələri məhduddur, nəzarət texniki vasitələrlə aparılır, riskli profillər əvvəlcədən süzgəcdən keçirilir. Bu axını izləmək çətin deyil. Əksinə, bu, təhlükəsizlik baxımından ən idarə olunan giriş formasıdır.

Quru sərhədlər isə tam fərqli məntiq üzərində qurulub. Burada giriş nöqtələrinin sayı çoxdur, axın daha genişdir və nəzarət yalnız texniki yoxlama ilə bitmir. İnsan faktoru artır, axının həcmi böyüyür, hər bir şəxsin sonrakı hərəkətini izləmək çətinləşir. Təhlükəsizlik baxımından problem konkret bir şəxsin keçməsi deyil. Problem bu axının yaratdığı ümumi mühitdir. Nə qədər çox nəzarətsiz element varsa, sistem bir o qədər yüklənir. Bu yük həm də daha çox xərc, daha çox resurs tələb edir.

Bu gün təhlükə anlayışı da dəyişib. Təhdid silahlı hücumla bitmir. Təhlükə bəzən pasportunu əlinə alıb gələn nəzarətsiz əcnəbi, bəzən qeyri-qanuni fəaliyyətlər, bəzən radikal ideyaların səssiz yayılması, bəzən də müharibələrdən sonra yaranan qeyri-sabitlikdir.

Bu risklərin çılpaqlığı gözlə görünmür. Onlar yavaş-yavaş yığılır və müəyyən nöqtədə problemə çevrilir. Dövlətin məqsədi isə həmin nöqtəyə çatmamış riskləri məhdudlaşdırmaqdır.

Bu arqumentlər bəzən cəmiyyətdə qeyri-ciddi formada müzakirə edilir. “Təhlükə varsa, hava yolu ilə də gələ bilər” kimi fikirlər səslənir. Amma təhlükəsizliyin təmin edilməsi “gələ bilər” ehtimalı ilə ölçülmür.

Məsələ risklərə hansı səviyyədə nəzarət oluna bilməsidir. Hava yolu ilə gələn axın idarə olunur. Quru sərhədlərdə isə risk səpələnir və nəzarət çətinləşir. Regional vəziyyət bu yanaşmanı daha da vacib edir.

Rusiya–Ukrayna müharibəsi davam edir və bu müharibənin yaratdığı miqrasiya dalğası hələ də dayanmayıb.

Yaxın Şərqdə isə gərginlik artmaqdadır. Xüsusilə İran–İsrail münasibətləri təhlükəsizlik planlamasında ayrıca yer tutur. Yay aylarında iki ölkə arasında birbaşa hərbi toqquşma yaşandı. Hazırda nisbi sakitlik olsa da, bir çox beynəlxalq təhlükəsizlik mütəxəssisi yeni müharibə ehtimalını yüksək qiymətləndirir.

Azərbaycan İranla uzun quru sərhədə malikdir. İran ətrafında vəziyyət gərginləşdikcə, bu sərhəd avtomatik olaraq risk zonasına çevrilir. Müharibə ehtimalı artdıqca, hərəkətlilik artır, nəzarət çətinləşir, qeyri-müəyyənlik çoxalır. Təhlükəsizlik orqanları nə qədər peşəkar və hazırlıqlı olsa da, dövlət bütün yükü yalnız sərhəddə dayanan strukturların üzərinə qoya bilməz. Riskləri azaltmaq təhlükəsizliyin əsas hissəsidir. Məhz bu səbəbdən quru sərhədlərin bağlı saxlanması ayrıca bir qərar yox, ümumi təhlükəsizlik strategiyasının tərkib hissəsi hesab edilir.

Odur ki, bu qərarı vətəndaşlara qarşı yönəlmiş addım saymaq olmaz. Onu da nəzərə alsaq ki, hazırda Azərbaycanın qalib dövlət kimi dünya tərəfindən qəbul edilməsinin çox həssas dönəmindəyik. Bunu istəməyən qüvvələr hər məqamdan istifadə etməyə çalışırlar. Hətta daxili qüvvələrdən də bunun üçün istifadə edirlər. Ramiz Mehdiyev ƏIi Kərimli bu həlqənin özək hissəsi idi.

Bəli, bizimlə razılaşmaq da mümkündür, bizə qarşı əksini söyləmək də... Amma verilmiş qərarların arxasında emosionallıqdan uzaq, analitik hesablamaların dayandığını anlamaq bugünkü regional reallıqları düzgün qiymətləndirmək üçün çox vacibdir.

Sevinc MƏHƏRRƏMOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi