Modern.az

Azərbaycan hökuməti strateji qərar verməlidir - "Bunu bacarsaq..."

Azərbaycan hökuməti strateji qərar verməlidir - "Bunu bacarsaq..."

Analitika

5 Yanvar 2026, 12:38

Beynəlxalq neft iqtisadiyyatında dəyişikiliyin Azərbaycana da təsiri nəzərə alınmalıdır.

İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında dünya neft bazarının Venesueladakı proseslərlə tənzimlənəcəyini qeyd edib:

“Dünyanın ən böyük neft ehtiyatlarına malik olsa da, Venesuelanın hasilatı son günlərə qədər cəmi 900 min barel idi. Amerikanın tamamilə blokadaya saldığını nəzərə alsaq, neft hasilatı daha da düşmüşdü.

Yəni son bir ayda təqribən 550–600 min barelə düşmüşdü. Və dünyanın neft bazarına təsiri də azalmışdı.

İndi bu hadisələrdən sonra orta perspektivdə, yəni yaxın aylarda Venesuelanın bazara daha çox neft çıxarma imkanı və fürsəti yaranmayacaq.

Ölkə ilkin mərhələdə 1,4–1,5 milyon barel neft sata bilər. Amma orta müddətdə bunun 3 milyon barelə qədər artacağı gözlənilir.

Bu o deməkdir ki, neft qiymətləri düşəcək. Bu, açıq-aydın görünən bir trenddir.

Nə qədər düşəcək, bunu demək çətindir. 50 dollar da ola bilər, 45 dollar da.  2026-cı ildə neft qiymətləri birmənalı olaraq enəcək”.

İqtisadçı deyib ki, Azərbaycan hökumətinin bununla bağlı hələ açıqlaması olmayıb:  

"İxracatımızın 90%-i neft və qaz üzərindədir. Nəzərə almaq lazımdır ki, bizdə neftin hasilatı da düşür.

Bizdə indi belə bir situasiya yaranıb ki, Azərbaycan hökuməti strateji qərar verməlidir.

Düzdür, təhlükəsizlik yastığımız var - 80 milyard dollara yaxın. Bunu başımızın altına qoyub yatmaq qəbuledilməzdir.

O yastıqdan istifadə edib yaxın iki ildə elə ciddi islahatlar aparılmalıdır ki, neft bizim yeganə nicat mənbəyimizə yox, bonusumuza çevrilsin.

Və bu, Azərbaycan iqtisadiyyatına əlavə dividend gətirməlidir. Bunu bacarsaq, yaxın illərdə Azərbaycana təsirlər minimum olacaq. Əks halda makroiqtisadi göstəricilərdə ciddi mənfi geriləmələr müşahidə olunacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ