Yaxın Şərqdə baş verən proseslər çoxdan lokal münaqişə çərçivəsindən çıxaraq qlobal təhlükəsizlik arxitekturasına təsir edən faktora çevrilib. Qəzza zolağında davam edən hərbi-siyasi eskalasiya beynəlxalq münasibətlər sistemində yeni risklər yaradıb. Bu proseslər fonunda müxtəlif dövlətlərin mövqeləri yenidən qiymətləndirilir.
Azərbaycanın Fələstin məsələsinə yanaşması da bu kontekstdə diqqət mərkəzinə düşür. Çünki artıq Azərbaycan qalib, öz ərazi bütövlüyünü təmin edən dövlətdir. Odur ki, onun mövqeyi ciddi maraq doğurur. Görünəni odur ki, əksər vaxt Azərbaycana qarşı olan qüvvələr xüsusuilə Türkiyədə bu məsələdən problem çıxarmaq istəyirlər. Hətta qardaş Türkiyə ilə Azərbaycan arasında öz aləmlərində guya nifaq yaradırlar.
Ümumiyyətlə, rəsmi Bakı uzun illərdir prinsipial və ardıcıl xətt nümayiş etdirir. Bu xətt beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır.
Azərbaycan müstəqil Fələstin dövlətinin yaradılmasını daim dəstəkləyib. Bu mövqe həm ikitərəfli, həm də çoxtərəfli platformalarda açıq şəkildə ifadə olunub. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Bakı Fələstinlə bağlı qətnamələrin lehinə səs verib. Qoşulmama Hərəkatında da Azərbaycan bu mövqedən geri çəkilməyib. Bu üslub hüquqi-siyasi yanaşmadır.
Rəsmi Bakının Fələstinlə bağlı mövqeyinin praktik göstəricilərindən biri səfirlik məsələsidir. Fələstin Dövlətinin səfirliyi Azərbaycanın maliyyə dəstəyi hesabına fəaliyyət göstərir. Bu fakt özü hər şeyi deyir. Diplomatik nümayəndəliyin mövcudluğu siyasi legitimliyin tanınması deməkdir. Və üstəlik nümayəndəliyin Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərməsi tam dəstək deməkdir. Bu, Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin nümunəsidir.
Hadisələrin xronologiyası onu deməyə əsas verir ki, Azərbaycan Yaxın Şərq diplomatiyasında passiv aktor olmayıb. Şarm-Əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirak bunun göstəricisidir. Sammit regional təhlükəsizlik gündəliyinin mühüm platformalarından biri sayılırdı.
Burada əsas müzakirə mövzusu İsrail-Fələstin münaqişəsinin nizamlanması idi. Azərbaycanın iştirakı balanslı və ölçülmüş diplomatiyanın tərkib hissəsi idi. Lakin reallıq ondan ibarətdir ki, Fələstin məsələsinin həlli təkcə beynəlxalq təşkilatlardan asılı deyil. Əsas söz sahibi regionun aparıcı ərəb dövlətləridir. Birləşmiş Ərəb Əmirlikləri bu kontekstdə xüsusi rol oynayır. Səudiyyə Ərəbistanı regional liderlik iddiasını qoruyur. Misir təhlükəsizlik baxımından Qəzza ilə birbaşa bağlı dövlətdir. İordaniya isə Qüds məsələsində tarixi və dini məsuliyyət daşıyır. Bu ölkələrin mövqeyi nəzərə alınmadan real sülh mexanizmi formalaşa bilməz. Azərbaycan da bunu açıq şəkildə anlayır.
Hazırkı mərhələdə Azərbaycanın Qəzzada sülhməramlı missiyada iştirakı gündəmdə deyil. Bu qərar strateji risklərin düzgün qiymətləndirilməsinin nəticəsidir. Regionda hərbi balans son dərəcə həssasdır. Birbaşa hərbi iştirak geosiyasi riskləri artıra bilər. Lakin bu, Azərbaycanın proseslərdən kənarda qalması anlamına gəlmir. Humanitar yardım məsələsi gündəmdədir. Eləcə də texniki avadanlıq və mülki infrastruktura dəstək imkanları mövcuddur. Bu, yumşaq güc strategiyasının klassik nümunəsidir. Əlbəttə ki, Azərbaycan bu məqamlarda aktivlik nümayiş etdirə bilər.
Burada mühüm, lakin çox zaman gözardı edilən tarixi məqam var. Fələstin siyasi hərəkatlarının Ermənistanla münasibətləri heç də neytral olmayıb. Müxtəlif dövrlərdə erməni terror təşkilatlarına ideoloji və siyasi dəstək göstərilib. Bu fakt arxiv materiallarında və mediada yer alıb. Simvolik jestlər də diqqətdən yayınmayıb. Yasir Ərəfatın erməni keşişlərlə qucaqlaşdığı görüntülər uzun müddət müzakirə olunub. Heç şübhəsiz ki, bu görüntülər təsadüfi protokol epizodu deyildi. Bu, siyasi mesaj idi.
Fələstinin xarici işlər nazirlərindən birinin etnik erməni olması da ayrıca müzakirə mövzusudur. Bu fakt diplomatik elitaların formalaşmasında təsir balansını göstərir.
Daha diqqətçəkən məqam isə qondarma “erməni soyqırımı” ilə bağlı buraxılmış markadır. Bu addım Azərbaycanın milli maraqları və beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Bu, tarixi olmaqla yanaşı paralel olaraq siyasi məsələdir.
2000-ci il yanvarın 18-də baş verən hadisə ayrıca qeyd olunmalıdır. Ermənistanın o zamankı prezidenti Robert Koçaryan İsrailə qeyri-rəsmi səfər etmişdi. Səfər çərçivəsində Betlehemdə görüş baş tutmuşdu. Görüşün digər tərəfi Yasir Ərəfat idi. Orada Koçaryan Fələstin xalqına sülh və rifah arzulayıb. Ərəfat isə Ermənistanın regional ziddiyyətlərdən istifadə etmədiyini bildirdi.
Və Ərəfatın ermənilərlə bağlı bəyanatları ardıcıl xarakter daşıyıb. 2000-ci ildə Camp David danışıqları zamanı diqqətçəkən mövqe ortaya qoyulub. Danışıqlarda Qüdsün köhnə şəhərindəki erməni məhəlləsi məsələsi müzakirə olunurdu. İsrailin nəzarət təklifinə Ərəfat açıq şəkildə qarşı çıxmışdı. “Erməni məhəlləsi bizə məxsusdur” ifadəsi siyasi ritorikanın kulminasiyası idi. “Biz və ermənilər bir xalqıq” bəyanatı isə açıq mesaj idi. “Ermənilərə xəyanət etməyəcəyəm” cümləsi isə tarixi yaddaşda qalıb.
Bunun ardınca 2002-ci ildə “Al Hayat” qəzetinə verdiyi müsahibə bu mövqeni bir daha təsdiqlədi. Ərəfat yenidən ermənilərə xəyanət etməyəcəyini bildirdi. Təbii ki, bu açıqlamalar Azərbaycan ictimai rəyində ciddi suallar yaradıb.
Bütün bunlara baxmayaraq, Azərbaycan Fələstin məsələsində prinsipiallığını hər zaman qoruyub. Azərbaycanın bu mövqeyi beynəlxalq hüquqa əsaslanan dövlət siyasətidir. Rəsmi Bakı tarixi epizodlara önəm versə də, cari reallıqlarla hərəkət edir. Diplomatiyada milli maraqlar əsasdır. Azərbaycan üçün əsas olan hüquqi presedentlərin qorunmasıdır. Əks halda beynəlxalq sistemdə ikili standartlar daha da dərinləşər.
Və nəticə etibarilə, deyə bilərik ki, Fələstin-Qəzza məsələsi sadə humanitar böhran kimi sadə bir münaqişə statusunu çoxdan adlayaraq, regionda güc balansının, ideoloji bloklaşmanın və tarixi yaddaşın toqquşması kimi böyük fəlakətdir. Azərbaycan isə bu mürəkkəb mənzərədə balanslı aktor olaraq qalmağa çalışır. Rəsmi Bakının diplomatik gedişləri emosional populizmdən çox uzaqdır. Məhz bu yanaşma Bakının xarici siyasət xəttinin əsas üstünlüyüdür.
Modern Analitik Təhlil və Araşdırma Qrupu