Modern.az

Rusiya ilə Avropa Ukraynada, NATO İranda batır, Bakıdan Təbrizə yollar görünür

Rusiya ilə Avropa Ukraynada, NATO İranda batır, Bakıdan Təbrizə yollar görünür

Analitika

10 Yanvar 2026, 11:10

Rusiya-Ukrayna müharibəsi klassik savaş anlamını çoxdan itirib. Bu münaqişə indi qlobal güclərin biri-birini sınağa çəkdiyi geosiyasi laboratoriyaya çevrilib. Burada əsas zərbəni tək Ukrayna almır. Rusiyanı tələyə salan Avropa ölkələri də ciddi sarsıntı yaşayır. Rusiya ilə Qərb arasındakı qarşıdurma Avropanın üzərinə ağır yük qoyub. Artıq açıq hiss olunur ki, bu yük həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik sahəsində ağırlaşır və Avropa bunun altında çabalayır.

Açıq desək, Avropa ölkələri bu müharibənin maliyyə və enerji xərclərini daşımaqda çətinlik çəkir. Eyni zamanda sosial narazılıqlar artır. Siyasi parçalanmalar dərinləşir. Bu fürsətdən istifadə edən populist qüvvələr güclənir. Bütün bunlar isə Ukrayna bataqlığının Avropanı öz içinə çəkdiyini göstərir.

Hadisələrin gedişi onu göstərir ki, Rusiya isə bu prosesdə tək qalmayıb.Moskva sanksiyalar altında olsa da, Avropa sanksiyaların üstündə deyil. Bu vəziyyət müharibənin mahiyyətini dəyişir. Ukrayna Qərbin Rusiyanı zəiflətmək layihəsi olmaqdan çıxır. Tarixin ironiyası odur ki, indi bu müharibə Qərbin özünü sınağa çəkən böhrana çevrilir.

Amerika Birləmiş Ştatları bu mənzərəni diqqətlə izləyir. Vaşinqton Avropanın problemlərini öz üzərinə götürmək istəmir. ABŞ-ın Ukraynaya münasibətində açıq soyuqluq hiss olunur. Maliyyə yardımları mübahisə mövzusuna çevrilir. ABŞ silah tədarükü məsələsini partnyorlarına minnətlə və az qala dilənçi payı kimi verir. Diplomatik ritorika da dəyişir. Bu da göstərir ki, ABŞ Ukrayna yükünü Avropanın üzərinə atmağa çalışır.


Hətta Donald Tramp bu mövqeyi gizlətmir. O, açıq deyir ki, Avropa öz taleyini özü həll etməlidir. Bu fikir təsadüf sayıla bilməz. O da hiss olunur ki, bu, Amerikanın yeni xarici siyasət fəlsəfəsinin ifadəsidir. ABŞ artıq Avropanı prioritet saymır. Vaşinqton üçün əsas hədəflər başqa coğrafiyalardadır.

Çin, Sakit okean, Arktika və Yaxın Şərq daha önəmli mövqeyə keçir. Avropa isə arxa plana düşür. Trampın Qrenlandiya ilə bağlı mövqeyi də bunu sübut edir. ABŞ Arktikaya çıxış əldə etmək istəyir. Bu bölgə gələcək enerji və nəqliyyat marşrutları baxımından həlledici əhəmiyyət daşıyır.

Venesuela məsələsi isə artıq Vaşinqton üçün ikinci plana keçib. ABŞ Latın Amerikasındakı riskləri bir müddətlik dondurub. Bunun əvəzində daha strateji sahələrə fokuslanır.

Çin və Rusiya bu prosesi kənardan izləyir, sanki komediayaya baxırlar. Onlar ABŞ-ın hərəkətlərini analiz edənə qədər Tramp başqa bir tətəfdə yeni oyun çıxarır.

Bu baxımdan İran məsələsində də Çin və Rusiya səssiz, amma diqqətli mövqedədir. Bu da yeni güc balansının formalaşdığını göstərir.

İran böhranı qlobal sistem üçün daha həlledici sınaq ola bilər. Bu böhran Ukraynadan daha təhlükəlidir. Çünki burada böyük müharibə riski var. ABŞ İranı sıxışdırmaq istəyir və Tehran üzərində tam nəzarət planı qurulur. Bu plan həm də Yaxın Şərqi yenidən dizayn etməyi nəzərdə tutur.

Başı Ukraynada dərdə girən Avropa bu siyasətdən narahatdır. Çünki Avropanın İranla enerji və ticarət əlaqələri var. Açıq deməsələr də, Avropa ölkələri İranda sabitlik istəyir. Müharibə Avropaya yeni qaçqın dalğaları və enerji böhranı gətirə bilər. Bu səbəbdən Avropa ilə ABŞ arasında ciddi fikir ayrılığı yaranır.

Bu fikir ayrılığı avtomatik olaraq NATO-nun daxilində parçalanma yaradır. Alyansın üzvləri eyni mövqedə deyil. Bir tərəf ABŞ-ı, digər tərəf isə Avropanı dəstəkləyir.

Bu da NATO-nu zəiflədir. Trampın NATO-ya münasibəti də bu zəifliyi daha da dərinləşdirir. O, alyansı yük kimi görür. ABŞ-ın təhlükəsizliyini başqaları ilə bölüşmək istəmir. Bu yanaşma NATO-nun gələcəyini sual altına qoyur.

Bütün bu proseslər qlobal sistemin dağılmasına gətirib çıxarır. Köhnə ittifaqlar öz gücünü itirir. Yeni güc mərkəzləri meydana çıxır. Dünya yeni siyasi xəritəyə doğru gedir.

Bu dəyişikliklər Cənubi Qafqaza da təsir edir. Azərbaycan bu yeni mərhələdə daha strateji mövqeyə çıxır. Regionun geosiyasi çəkisi artır.

Xüsusilə Cənubi Azərbaycan faktoru aktuallaşır. Bakı ilə Təbriz arasında əlaqələr yeni məna qazanır. Yeni dünya düzənində bu xətt mühüm rol oynaya bilər. Çünki bölgədəki proseslər böyük güclərin maraqları ilə kəsişir. Azərbaycan bu kəsişmədə açar mövqedədir.

Beləliklə, Rusiya ilə Avropa Ukraynada batdığı bir vaxtda, NATO İranda sarsıldığı anda, Cənubi Qafqaz yeni imkanlar qazanır.

Bakıdan Təbrizə uzanan yol artıq xəyal deyil. Bu yol yeni geosiyasi reallığın bir hissəsinə çevrilir.


Elnur ƏMİROV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır