Modern.az

İran böhranı regionu silkələyir - Ankara və Bakı hazırlıqlı olmalıdır

İran böhranı regionu silkələyir - Ankara və Bakı hazırlıqlı olmalıdır

Analitika

10 Yanvar 2026, 17:52

İran hazırda son onilliklərin ən dərin struktur böhranlarından birini yaşayır. Kütləvi etirazlar artıq lokal sosial narazılıq mərhələsini keçərək, siyasi legitimlik böhranına çevrilib. Bu proses təkcə İranın daxili taleyini müəyənləşdirmir. Yaxın Şərq geosiyasətinin gələcəyini də həll edəcək əsas amillərdən birinə çevrilir.

İranda baş verən etirazların əsas drayveri makroiqtisadi kollapsdır. Milli valyuta olan rialın dəyəri tarixi minimuma enib, inflyasiya 50 faizi aşır, ərzaq, dərman və enerji qiymətləri nəzarətdən çıxıb. Orta sinif deqredasiyaya uğrayıb, yoxsulluq kütləviləşib.

Dövlətlə cəmiyyət arasında mövcud olan legitimlik balansı pozulub. İlk mərhələdə etirazlar iqtisadi tələblərlə başlayıb. Maaşlar, subsidiya, işsizlik və s. kimi şüarlar səsləndirilib. Lakin qısa müddətdə bu proses sistem əleyhinə siyasi mobilizasiyaya çevrildi. İndi əsas tələb rejimin dəyişdirilməsidir.

Təbii ki, baş verənlərə xaricdən müdaxilə də özünü göstərir. ABŞ lideri Donald Tramp dəfələrlə etirazçıların yanında olduğunu, onlara atəş açılacağı təqdirdə İrana hücum edəcəyini söyləyib. 

Modern.az-a açıqlamasında türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar bildirib ki, ABŞ sanksiyaları, izolyasiya cəhdləri və Qəzza müharibəsindən sonra baş verənlər İranı çox “kövrək” hala salır:

"Bundan əlavə, indi də etiraz aksiyaları başlayıb. Aksiyalarda qan da axıdılıb. ABŞ və İsrailin də məsələlərə qarışdığı görülür. Xüsusilə də ABŞ etirazçılara atəş açılarsa, İranı vurmaqla hədələyir.

İndi bu, bir ölkə üçün içərisindən çıxılması çətin vəziyyətdir. İranın bənzər olaylarla üzləşdiyini tarixə nəzər saldıqda görmək mümkündür. Bundan əvvəl yaşanan halları idarə etməyi bacarıb. Digər məsələ vətəndaşlarla dövlətin qarşı-qarşıya gəlməsidir. Bu, dövlət üçün çətin bir situasiya olsa da, onun öhdəsindən gəlmək mümkündür. İki gücün qütbləşməsi, davası yoxdur, cəmiyyətlə dövlətin, yəni silahlı gücün toqquşması var. Böyük problemlər olsa da, bu toqquşmanın qalibi əvvəlcədən məlumdur. İran vəziyyətin həllinə çalışacaq.

İrandakı etnik, dini “kövrəklik” və dini anlamda parametrlər yaxın vaxtlarda çox daha müəyyənləşib. Vəziyyətin İran tərəfindən düzəldilməsi çətin hala gətirilib. Təbii ki, xaricdən, xüsusilə də İsrail və ABŞ-dən müdaxilə istiqamətində siqnallar var. Bu nöqteyi-nəzərdən baxıldıqda, hadisələrə görə qarşıdakı günlərdə çox daha ciddi olayların şahidi ola bilərik.

Buna bir şərait yaranarsa, ən çox Türkiyə və Azərbaycan hazırlıqlı olmalıdır. İrandakı kürdlərin demoqrafik varlığı oradakı türklərlə müqayisə edilə bilməz. PEJAK, PKK və İraqın şimalında silahlı və siyasiləşmiş qüvvələr bir formada türk, Cənubi Azərbaycan bölgələrini təhdid etməyə cəhd göstərsələr, çox böyük olay baş verə bilər. Buna reaksiyalar hazırlanmalıdır".

Ekspert vurğulayıb ki, Azərbaycanla Türkiyə birgə strategiya ilə hərəkət etməlidir:

"HƏMAS və İsrail arasında 7 oktyabr tarixində baş verənlər Yaxın Şərq üçün qırılma nöqtəsidir. Bunun əlavə kiçik və böyük sarsıntılarını sonrakı dövrdə, təəssüf ki, izləməyə davam edəcəyik.

Buna dair Türkiyə ilə Azərbaycanın “Bir millət, iki dövlət” çərçivəsində bərabər strategiya qurması olduqca önəmlidir. Olduqca təhlükəli olacaq. Miqyası baxımından böyük hadisədir. Pəhləvinin oğlu üzərindən göstərilən “kartlar” da masaya qoyulduqda, bəziləri İranı parçalanmaya səbəb ola biləcək şəkildə təsir altına almaq meylindədir. Bu, bütün coğrafiya üçün çox mühüm paradiqma deməkdir. Geosiyasi baxımdan tədbir almağı vacib edən hadisələrdir".

Digər türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu isə qeyd edib ki, İranda son illərdə baş verən proseslər ani və təsadüfi bir böhran deyil, uzun müddət ərzində yığılıb qalan struktur problemlərin vaxtaşırı üzə çıxan partlayışlarıdır:

"Bu prosesin əsas səbəbləri aşağıdakılardır:

- İqtisadi təzyiqlər – beynəlxalq sanksiyalar, yüksək inflyasiya və işsizlik;

- Siyasi təmsilçilik və legitimlik böhranı;

- Gənc nəsilin sosial gözləntiləri ilə rejimin ideoloji modeli arasındakı dərin uçurum;

- Etnik və məzhəbi müxtəlifliyin mərkəzləşdirilmiş dövlət idarəçiliyi ilə yaratdığı gərginlik;

- Suriya müharibəsinin regiona təsiri, eləcə də ABŞ və İsrailin İrana qarşı addımlarının bu prosesi sürətləndirməsi.

Mövcud hadisələrin qısa müddətdə rejim dəyişikliyi ilə nəticələnməsi ehtimalı olduqca aşağıdır. Çünki İran dövləti güclü təhlükəsizlik mexanizminə, illər ərzində formalaşmış ideoloji dayaqlara, böhranları idarə etmək təcrübəsinə və cəmiyyətin geniş kəsimini müəyyən istiqamətə yönəltmək qabiliyyətinə malikdir. Bununla belə, bu vəziyyət rejimin gücləndiyini göstərmir. Başqa sözlə, İranda inqilab gözlənilmir, lakin xroniki qeyri-sabitlik getdikcə dərinləşərək davam edəcək".

İrana xarici müdaxilə təhlükəsinin olub-olmaması ilə bağlı isə ekspert deyib:

"Birbaşa hərbi müdaxilə – 2003-cü il İraq ssenarisi kimi – hazırkı mərhələdə az ehtimallıdır. Bunun əsas səbəbləri İranın geniş coğrafiyası, böyük demoqrafik və hərbi potensialı, eləcə də regionda mövcud olan təsir şəbəkələridir (Hizbullah, şiə milislər, husilər və s.). Lakin dolayı müdaxilə real və davamlıdır. İqtisadi sanksiyalar, kiberhücumlar, informasiya müharibəsi və media üzərindən təzyiqlər İran üzərində ciddi təsir göstərməkdədir. Bu baxımdan, İran rəhbərliyinin “xarici qüvvələr” vurğusu tamamilə əsassız deyil, lakin daxili problemləri kölgədə qoymaq məqsədilə şişirdildiyi də danılmazdır.

Digər yandan, tam miqyaslı dağılma ssenarisi qısa və orta perspektivdə zəif ehtimal olaraq qalır. Bununla belə, müəyyən risklər diqqətdən kənarda saxlanıla bilməz. Uzunmüddətli iqtisadi tənəzzül, mərkəzi hakimiyyətin legitimliyinin aşınması, etnik bölgələrdə – kürdlər, bəluclar, ərəblər və Güney Azərbaycan türkləri arasında – artan muxtariyyət tələbləri potensial təhlükə mənbəyidir. İran Yuqoslaviya kimi “bir gecədə” dağılacaq dövlət deyil. Lakin Sovet İttifaqından sonrakı Rusiya nümunəsində olduğu kimi, mərkəzlə periferiyalar arasında gərginliyin artdığı, dövlətin daxildən aşındığı bir proses yaşana bilər. Dövlət tam çökməsə də, onun nəzarət və idarəetmə qabiliyyəti zəifləyə bilər".

İmbat Muğlu Türkiyənin məsələlərə yanaşması ilə bağlı da söhbət açıb:

"Türkiyənin İrana münasibəti ideoloji deyil, geosiyasi xarakter daşıyır. Ankara üçün İranın ani çöküşü sərhəd təhlükəsizliyi, miqrasiya dalğaları, terror riski və məzhəbi qarşıdurmalar deməkdir. Zəifləyən İran isə ABŞ və İsrail təsirinin birbaşa Türkiyə sərhədlərinə qədər irəliləməsi riskini yaradar. Bu səbəbdən Türkiyə prinsip etibarilə İranın ərazi bütövlüyünü və dövlət institutlarının qorunmasını dəstəkləyir. Eyni zamanda İranın regional ekspansionist siyasətinə qarşı balanslı mövqe tutur. Olası xarici təhdid şəraitində Türkiyə İranla hərbi ittifaq qurmaz, lakin onun parçalanmasına və ya işğalına da açıq dəstək verməz. Ankaranın əsas xətti budur: İran nə qədər güclüdürsə, o qədər də stabildir - lakin Türkiyə üçün təhlükə yaradacaq səviyyədə yox.

Hazırda İranda yaşayan Azərbaycan türklərinin sayı Azərbaycan Respublikasının əhalisindən çoxdur ki, bu da olduqca strateji əhəmiyyətə malik göstəricidir. Lakin bu demoqrafik üstünlük avtomatik siyasi nəticə doğurmur. İqtisadi və ticarət mərkəzlərində fəallıq, mədəni davamlılıq, İran dövlət strukturlarına tarixi inteqrasiya, həmçinin regional güclərin - Rusiya, Türkiyə və Qərbin ehtiyatlı yanaşması bu prosesin uzunmüddətli və aşağı profilli olacağını göstərir. Bu, ani qırılma deyil, tədrici aşınma mərhələsidir. İranda bu gün inqilabdan daha çox sistemin silkələnməsi müşahidə olunur. Xarici müdaxilə isə birbaşa deyil, dolayı və nəzarət altında saxlanılan formada davam edir".

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır