Modern.az

Ankara Suriyada hərbi əməliyyat keçirə bilər - Türkiyəli ekspert

Ankara Suriyada hərbi əməliyyat keçirə bilər - Türkiyəli ekspert

Analitika

13 Yanvar 2026, 10:06

Suriyanın Hələb vilayətinin qubernatoru Əzzam Əl-Qərib ötən gün yaydığı bəyanatda Suriya Demokratik Qüvvələrinin (SDQ/YPG) Hələb şəhərindən tamamilə çıxarılaraq avtobuslarla ölkənin şimal-şərq bölgələrinə təxliyə edildiyi bildirilib. Bir neçə gün davam edən döyüşlərdən sonra Suriya Demokratik Qüvvələrinin silahlı qanadı olan YPG ərazidən çıxmağa razı olub.

Qubernatorun sözlərinə görə, bununla da Suriya hökuməti, sabiq prezident Bəşər Əsədin hakimiyyətinin süqutundan sonra ilk dəfə olaraq Hələbə tam nəzarəti bərpa edib. Bununla belə, ölkənin şərqində Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilər var və onlar mərkəzi hakimiyyətə tabe olmalıdır.

Suriyadakı YPG silahlılarını PKK-nın yerli qanadı hesab edən Türkiyə də ilk günlərdən rəsmi Dəməşqin bölgədəki siyasətinə dəstək verib, ölkənin ərazi bütövlüyünü bərpa etməsinə çağırış edib. Suriya Demokratik Qüvvələrinin  ölkənin şərqində hələ də geniş ərazilər əldə saxlamasını, mərkəzi hakimiyyətə tabe olmamasını nəzərə aldıqda proseslərdə Türkiyənin hansı rol oynayacağı maraq doğurur.

Türkiyədən olan təhlükəsizlik eksperti Yücel Karauz Modern.az-a açıqlamasında bildirib ki, Türkiyə Suriyada formalaşmaqda olan yeni siyasi reallıqda fəaliyyətini “tək dövlət, tək millət, tək ordu” prinsipi əsasında qurmasını dəstəkləyir:

"Aradan 13–14 ay keçməsinə baxmayaraq, Suriyadakı bəzi qruplar - həm siyasi, həm də hərbi müstəvidə - ölkənin tam şəkildə birləşməsini istəmirlər. Bu qüvvələr yeni kompromislər əldə etməyə çalışır, regional və regiondan kənar dövlətlərin dəstəyinə arxalanaraq mövqelərini gücləndirməyə cəhd göstərirlər.

Bu fonunda Türkiyənin baxış bucağı dəyişməz olaraq qalır. Hələbin Suriya Demokratik Qüvvələrindən təmizlənməsi Suriyanın milli qüvvələrinin öz ordusu daxilində həyata keçirdiyi əməliyyatdır. Türkiyə Cümhuriyyəti bu prosesə müxtəlif formalarda dəstək vermiş ola bilər, lakin əməliyyatlarda birbaşa iştirak etməyib. Bu addım bütöv Suriyaya gedən yolda mühüm mərhələ hesab olunur, lakin təkbaşına yetərli deyil.

Hazırda Suriya Demokratik Qüvvələrinin nəzarətində olan, silahı yerə qoymayan və milli orduya inteqrasiya etməyən ünsürlər mövcuddur. Bu qüvvələr muxtariyyət tələblərini əsaslandırmaq üçün mövcud vəziyyətdən arqument kimi istifadə edirlər. Mövcud Suriya hökuməti isə “bir millət, bir dövlət” prinsipi ilə hərəkət edir və bu siyasəti ABŞ və Türkiyə ilə koordinasiya şəklində həyata keçirir.

Gözlənilir ki, bu əməliyyatların davamı gələcək. Suriya Demokratik Qüvvələri tam şəkildə inteqrasiya olunana qədər, onların nəzarətində olan ərazilərdə milli ordu qüvvələri ilə zaman-zaman artan intensivlikdə toqquşmaların davam etməsi istisna edilmir".

Y.Karauz vurğulayıb ki, Suriya Demokratik Qüvvələri mərkəzi hakimiyyətə müqavimət göstərərsə, Türkiyənin hərbi müdaxiləsi qaçılmaz ola bilər:

"Türkiyə prinsiplərini dəyişən dövlət deyil: dünən nə deyibsə, bu gün də eyni mövqedədir və sabah da bu xətti davam etdirəcək. Hazırkı mərhələdə Türkiyənin birbaşa hərbi müdaxiləsinə ehtiyac yoxdur. Separatçı qruplara qarşı mübarizəni Suriya Milli Ordusu təkbaşına aparmaq potensialına malikdir. Lakin istər İŞİD, istərsə də Suriya Demokratik Qüvvələrinə qarşı bu potensial yetərli olmazsa, Türkiyənin hərbi müdaxiləsi qaçılmaz ola bilər. Bununla belə, Türkiyə bu məsələdə təkbaşına qərar verən tərəf deyil. Nəticə etibarilə, proseslər ABŞ ilə koordinasiya çərçivəsində qiymətləndirilməli və müvafiq tədbirlər birgə şəkildə həyata keçirilməlidir".

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır