Modern.az

Zərdüşt Əlizadə güneyliləri tənqid etdi: Ağlı başında insan vətənini...

Zərdüşt Əlizadə güneyliləri tənqid etdi: Ağlı başında insan vətənini...

Analitika

13 Yanvar 2026, 13:05

Bu gün baş verən etiraz aksiyaları, rejim dəyişikliyinə çağırışlar səbəbilə bütün dünyanın diqqətləri İrana yönəlib. Hazırda yüzlərlə insanın öldürüldüyü, minlərlə şəxsin isə həbsə atıldığı bildirilir. Baş verənləri isə Azərbaycan daha yaxından izləyir. Çünki bu ölkənin əhalisinin yarısından çoxu azərbaycanlılardır.

Odur ki, baş verənlərin necə nəticələnəcəyi, soydaşlarımıza və regionun təhlükəsizliyinə təsiri diqqətçəkən məqamlardır.

Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, İranda yaranmış ağır iqtisadi vəziyyətin əsas səbəbi Amerika Birləşmiş Ştatlarının son qırx beş il ərzində bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardır:

"Dünyanın ən güclü hərbi, siyasi və iqtisadi sanksiyalarının nəticəsində İran iqtisadiyyatı zəifləyib və bu da qaçılmaz olaraq ciddi sosial-iqtisadi problemlər yaradıb. İkinci mühüm səbəb isə İran hakimiyyətinin iqtisadi siyasətində mövcud olan qüsurlardır. Bu qüsurlar açıq şəkildə səsləndirilir, müzakirə olunur, islahat yolları təklif edilir. Lakin mühafizəkar qüvvələr bu islahatların həyata keçirilməsinə mane olurlar.

ABŞ Prezidenti Donald Tramp hazırda impiçment təhlükəsi ilə üz-üzədir. Amerika siyasətində isə belə hallar əvvəllər də müşahidə olunub: prezident impiçment təhlükəsi ilə qarşılaşanda xaricdə genişmiqyaslı hərbi əməliyyatlara əl atılır.

Məsələn, Bill Klinton Monika Levinski qalmaqalı zamanı impiçmentdən yayınmaq üçün Yuqoslaviyanı bombalamağa başladı və müharibəni genişləndirdi. Nəticədə impiçmentdən xilas oldu. Bu gün də Donald Tramp impiçment ərəfəsindədir. Canını qurtarmaq üçün Maduroya böhtan atdı, onu oğurlatdı".

O, İrandakı etirazları körükləyən səbəbləri də açıqlayıb. 

"Hazırda İranda iqtisadi böhran dərinləşir: riyal sürətlə dəyər itirir, dollar bahalaşır. Xüsusilə kiçik sahibkarlar və əsnaf etiraz edirlər. Halbuki məhz kiçik sahibkarlar rejimin əsas sosial dayaqlarından biri hesab olunur.

Bu vəziyyətdə “İran hara gedir?” sualı ortaya çıxır. Böyük dövlətlər çoxmillətli, güclü dövlətlərin mövcudluğunu istəmirlər. Çünki belə dövlətlər maliyyə, iqtisadi, elmi və sənaye potensialına malik olur. ABŞ, İngiltərə və digər güc mərkəzləri istəmirlər ki, onlara rəqib ola biləcək böyük dövlətlər formalaşsın.

Onların məqsədi böyük dövlətlərin çoxsaylı zəif, kiçik etnik qurumlara parçalanmasıdır. Belə olan halda həmin toplumların elmi və iqtisadi inkişaf potensialı olmur. Bu baxımdan 90 milyonluq, çoxmillətli İran dövlətinin parçalanması ABŞ və Avropa üçün arzuolunan olardı. Rəqib bir rejim sıradan çıxmış olardı. Ona görə də daim etnik hərəkatları dəstəkləməyə, körükləməyə çalışırlar". 

Politoloq azərbaycanlıların İrandakı durumunun yaxşı olduğunu, ölkə rəhbərliyində təmsil olunduqlarını vurğulayıb.

"Dini lider azərbaycanlıdır, ölkə prezidenti azərbaycanlıdır. Güc strukturlarında - Prokurorluqda, Daxili İşlər Nazirliyində, İslam Keşikçiləri Korpusunda, orduda azərbaycanlılar mühüm mövqelər tutur. Azərbaycanlıların böyük əksəriyyəti İranı öz milli dövləti və vətəni hesab edir. Ağlı başında olan insan öz dövlətinin vətəninin parçalanmasını istəyərmi? Çətin".

Zəddüşt Əlizadə azərbaycanlıların İranda dil probleminin də olmadığını düşünür.

"Dil məsələsinə gəldikdə isə Həmədanda, Təbrizdə, Zəncanda, Urmiyada insanlar gündəlik həyatda Azərbaycan dilində danışırlar. Azərbaycan dilində televiziya verilişləri, telekanallar, kitablar mövcuddur. Doğrudur, ana dilində ümumtəhsil məktəbləri yoxdur. Lakin bu, qismən də əhalinin təşəbbüskarlığından asılıdır. Özəl məktəb açmaq cəhdləri olmayıb. Olsa, mümkündür. Buna baxmayaraq, bəzi qüvvələr dil və mədəniyyət məsələlərini süni şəkildə qabardaraq ziddiyyətləri körükləməyə, xalqları bir-birinə qarşı qoymağa çalışırlar. Unudurlar ki, ABŞ-nin tarixi cəmi 250 ildir, İranın isə 2500 il. İran qədim və oturuşmuş bir dövlətdir. Çətin ki, bu dövlət parçalanmağa məruz qalsın”.

Təhlükəsizlik eksperti İlham İsmayıl qeyd edib ki,İranda baş verən hadisələrin rejim dəyişikliyi ilə nəticələnməsi daha çox müsbət qiymətləndirilə bilər:

“İranda baş verən hadisələrin necə nəticələnəcəyini əvvəlcədən proqnozlaşdırmaq olduqca çətindir. Çünki bu ölkə ideoloji, teokratik quruluşa malikdir və cəmiyyət yekcins deyil. Artıq 46 ildir mövcud olan, İslam ideologiyasına əsaslanan bir sistemdən söhbət gedir. Bu sistemin daxilində ciddi parçalanmalar var.

1999-cu ildən başlayaraq İranda cəmiyyətin etirazları mərhələli şəkildə güclənib. İndiki etirazlar isə əvvəlkilərdən kəskinliyi ilə seçilir. Burada artıq söhbət hansısa islahatlardan yox, rejimin özünün dəyişməsindən gedir.

Bu proseslərdə xarici qüvvələrin - xüsusilə ABŞ və İsrailin təsiri də mövcuddur. Onlar müxtəlif formalarda-ideoloji, siyasi və digər vasitələrlə prosesə dəstək göstərirlər. İranda rejimin dəyişməsi, yəni normal dünyəvi quruluşun formalaşması bütövlükdə Cənubi Qafqaz üçün, ilk növbədə isə Azərbaycan üçün müsbət hadisə olardı. Çünki İran İslam İnqilabını digər İslam ölkələrinə ixrac etməyə çalışıb.

Azərbaycan üçün də bu istiqamətdə dəfələrlə cəhdlər edilib: agentura şəbəkələri yaradılıb, “kərimə dövləti” qurmaq məqsədilə insanları ələ almağa çalışıblar, hətta terror aktlarına əl atılıb. Bu baxımdan İranda baş verən hadisələrin rejim dəyişikliyi ilə nəticələnməsi daha çox müsbət qiymətləndirilə bilər".

Ekspert vurğulayıb ki, rejim dəyişməsə belə, artıq əvvəlki gücündə olmayacaq:

"Zəifləyən İran rejimi Cənubi Qafqaz və Azərbaycan üçün ciddi təhlükə yaratmayacaq. Əlbəttə, ən arzuolunan variant rejimin dəyişməsi və normal, dünyəvi bir dövlət quruluşunun yaranmasıdır. Bu, eyni zamanda Güney Azərbaycandakı soydaşlarımız üçün də mühüm əhəmiyyət daşıyır. Artıq oradakı azərbaycanlılar təkcə müəyyən addımların atılmasını yox, rejimin dəyişməsini, hüquqlarının yaradılmasını və təmin olunmasını istəyirlər. Bu, sıradan bir tələb deyil, fundamental hüquqların bərpası məsələsidir”, - ekspert qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır