Modern.az

Türkiyəli deputat: Allah Paşinyanı Ermənistanın başından əskik etməsin!

Türkiyəli deputat: Allah Paşinyanı Ermənistanın başından əskik etməsin!

Analitika

13 Yanvar 2026, 16:23

Ermənistan hakimiyyəti Türkiyə ilə sərhəddə yerləşən Axurik sərhəd-keçid məntəqəsində rusiyalı sərhədçilərin çıxarılması ilə bağlı qərar qəbul edib. Bu barədə, erməni mediası diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edilir ki, paralel olaraq, Türkiyə tərəfinin Marqara sərhəd-keçid məntəqəsi ərazisində tikinti işlərinə başlanılıb və bu sərhədin yaxın perspektivdə açılmasına dair ehtimalları gücləndirir.

Məhz Ermənistanın bu addımının Azərbaycan və Türkiyə üçün hansı mənanı kəsb etdiyi, bundan sonrakı proseslərə hansı təsirlərinin olacağı diqqət çəkir.

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin(TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, bu, təbii prosesdir:

"Uzun illər ərzində Ermənistanın sərhəd təhlükəsizliyini Rusiya ordusu təmin edib, eyni zamanda ölkənin enerji təminatı da Rusiya tərəfindən qarşılanıb. Son dövrlərdə isə Ukrayna müharibəsi fonunda Ermənistanın üzünü Qərbə çevirməsi səbəbindən Moskva ilə münasibətlər xeyli soyuyub.

2025-ci ilin 8 avqustunda Vaşinqtonda Sülh Sazişinin paraflanmasından sonra Ermənistanla Azərbaycan arasında müsbət ab-hava yaranıb. Diqqət etsəniz, Azərbaycan Ermənistana yanacaq verməyə başlayıb. Ermənistan tərəfi də buna cavab olaraq müəyyən jestlər edir. Məsələn, daha əvvəl Ermənistan pasportlarında Ağrı dağı təsviri istifadə olunurdu, həmçinin bəzi rəsmi möhürlərdə bu simvollar yer alırdı. İndi isə bunlar ləğv edilib. Bu kimi qarşılıqlı etimad jestləri müşahidə olunur.

İnşallah, 8 Avqust Sazişi qüvvəyə minəcək, Zəngəzur Dəhlizi açılacaq. Sərhədlərin təhlükəsizliyi isə böyük ehtimalla Ermənistanın öz ordusu tərəfindən, yaxud gələcəkdə mümkün sülhməramlı qüvvə vasitəsilə təmin ediləcək. Lakin qeyd etmək lazımdır ki, bunların heç biri hələ tam dəqiqləşməyib, açıq şəkildə danışılmır.

Burada əsas məsələni düzgün başa düşmək lazımdır: Ermənistan artıq açıq şəkildə deyir ki, mən müstəqil dövlə­təm, daxili işlərimə heç kim qarışa bilməz. İqtisadi problemlərini də Azərbaycanla dialoq yolu ilə həll edəcəyini bildirir. Bu mövqenin tərcüməsi məhz budur. Ona görə də Rusiya əsgərlərinin oradan çıxması tamamilə normaldır. Onlar çıxacaqlar və təhlükəsizlik Ermənistanın özü tərəfindən təmin olunacaq. Bu da təbii prosesdir. Əsas məqsəd regionda dayanıqlı sülhün təmin edilməsidir. Bu istiqamətdə Ermənistan, Azərbaycan və Türkiyə üzərinə düşəni edir. Dəhlizin adına “Zəngəzur”, ya da TRIIP deyilməsi o qədər də önəmli deyil. Əsas olan həmin dəhlizin açılmasıdır. Çünki açıldığı zaman İğdırdan başlayaraq Orta Asiyaya qədər uzanan ticarət yolu formalaşacaq. Bu, insanlarımız üçün yeni imkanlar yaradacaq, gənclərimiz iş tapacaq, dünyagörüşləri genişlənəcək. Buna görə də koridorun bir an əvvəl açılmasını hamımız istəyirik. Təkcə biz yox, vətəndaşlar da bunu istəyir".

Ş.Ayrım üçüncü ölkələrin Ermənistanın təhlükəsizliyini qorumasının mənasının olmadığını qeyd edib:

"Nə Azərbaycanın, nə Türkiyənin, nə də Ermənistanın bir-birinin torpağında gözü var. Azərbaycan üç min şəhid verərək öz torpaqlarını geri aldı. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, “mənim heç kimin torpağında gözüm yoxdur”. Ermənistanın isə ümumiyyətlə belə bir gücü yoxdur ki, torpaq iddiası irəli sürsün. Ancaq burada mühüm bir məqam var. Prezident İlham Əliyev açıq şəkildə deyib ki, tam sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasını dəyişməlidir. Çünki həmin Konstitusiyada Qarabağın Ermənistan ərazisi olduğu, eləcə də Türkiyənin şərqindəki yeddi vilayətlə bağlı iddialar yer alır. Bu isə “Böyük Ermənistan” xülyasıdır və buna qəti şəkildə qarşıyıq".

Deputat Ermənistanın Konstitusiyasını dəyişməli olduğunu bir daha vurğulayıb.

"8 avqustda ABŞ-də paraflanan saziş xarici işlər nazirləri tərəfindən imzalanıb, lakin onun tam qüvvəyə minməsi üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir. Yəni Ermənistanın heç bir ölkəyə qarşı ərazi iddiası olmadığını rəsmən təsdiqləməsi lazımdır. Bu baş verdikdən sonra Ermənistan öz sərhədlərini özü qoruyacaq, Azərbaycan da öz ordusu və müdafiə sistemi ilə öz təhlükəsizliyini təmin edəcək. O halda üçüncü bir dövlətin gəlib Ermənistanın və ya Azərbaycanın sərhədində keşik çəkməsinə nə ehtiyac var? Bu, qəbul edilən hal deyil. Əksinə, bu, qarşılıqlı etimad mühitini gücləndirəcək. Bizim daim vurğuladığımız kimi, qalıcı sülh və sabitlik olmadan bölgədə inkişaf mümkün deyil. Artıq o dövrlər geridə qalıb. Ermənistan və Azərbaycan sülh sazişi imzalama mərhələsindədir. Biz hər zaman deyirik: Allah Paşinyanı Ermənistanın başından əskik etməsin. Çünki onun dövründə Türkiyə və Azərbaycanla dialoq mümkündür. Daxildə ona qarşı müəyyən dairələr – xüsusilə radikal və dini qruplar – təzyiq göstərsə də, Türkiyə və Azərbaycan Paşinyanı sonuna qədər dəstəkləyirik".

Türkiyəli deputat vurğulayıb ki, Türkiyə qərar olacağı təqdirdə Ermənistanla dərhal sərhədləri aça bilər:

"Türkiyə bütün sərhəd-keçid məntəqələri üzrə hazırlıqlarını – istər Alican, istər Aktaş, istərsə də digər keçidlərdə tamamlayıb. Sabah “sərhədlər açılır” qərarı verilsə, Türkiyə buna tam hazırdır. Azərbaycan da öz tərəfində bütün yolları Ermənistan sərhədinədək çəkib. Sadəcə, Zəngəzurdan keçən 40 kilometrlik hissə qalıb. Amma biz Türkiyə olaraq Azərbaycanın razı olmadığı heç bir addımı atmaq istəmirik. Azərbaycan “bəli, sərhədlər açıla bilər” dediyi anda, biz də sərhədlərimizi açacağıq. Hazırda gəlinən nöqtə məhz budur", - deputat deyib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır