Modern.az

İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib?

İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib?

Analitika

19 Yanvar 2026, 18:53

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən təsis edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.

Bu qərar Prezident İlham Əliyevin regional və qlobal miqyasda sülhün təşviqi, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və humanist dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətə beynəlxalq səviyyədə verilən yüksək qiymət kimi dəyərləndirilir.

Qeyd olunur ki, mükafatın Prezident İlham Əliyevə təqdim edilməsi təkcə diplomatik uğurun göstəricisi deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya ictimaiyyəti tərəfindən qəbul olunduğunu təsdiqləyən mühüm mesajdır. Fondun əsas fəlsəfəsi BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın humanizm, tolerantlıq, xalqlar arasında həmrəylik və dinc yanaşı yaşama ideyalarına söykənir.

Modern.az xəbər verir ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhə, qarşılıqlı hörmətə və əməkdaşlığa töhfə verən seçilmiş şəxslərə və qurumlara təqdim olunur.

İndiyədək bu nüfuzlu mükafata layiq görülənlər sırasında BMT Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliça Raniyə Əl Abdullah, mərhum Roma Papası Fransisk, Misirin Əl-Əzhər Şərifinin şeyxi, böyük imam Əhməd Əl-Tayyib, IMAD Assosiasiyasının təsisçisi Lətifə İbn Ziyaten, Keniyadan sülh fəalı Şəmsa Əbubəkr Fadhil, eləcə də Barbadosun Baş naziri Mia Amor Mottley yer alır.

Fond müxtəlif kateqoriyalar üzrə mükafatlar təqdim etsə də, bu təltif yalnız müstəsna xidmətləri olan şəxslərə və qurumlara verilir. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə sülh quruculuğu prosesində artan roluna verilən yüksək qiymətin növbəti təsdiqi kimi qiymətləndirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır