Modern.az

Dünya hara gedir, BMT ləğv edilir... - cavabı yaxın illər verəcək

Dünya hara gedir, BMT ləğv edilir... - cavabı yaxın illər verəcək

Analitika

21 Yanvar 2026, 16:14

Dünya siyasəti köklü dəyişikliklərin baş verdiyi bir mərhələyə daxil olub. Son illər beynəlxalq institutlara etimadın azalması, qlobal güclər arasında rəqabətin kəskinləşməsi və regional münaqişələrin artması mövcud dünya nizamının sarsıldığını açıq şəkildə göstərir. Bu fonda ABŞ Prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatını əvəz edə biləcək alternativ mexanizm irəli sürməsi təsadüfi sayılmır.

Donald Trampın Qəzza zolağı üçün təklif etdiyi “Beynəlxalq Sülh Şurası” ideyası əslində beynəlxalq idarəetmə sisteminə açıq meydan oxumadır. ABŞ prezidentinin fikrincə, bu yeni qurum BMT-nin yerinə keçə və daha effektiv fəaliyyət göstərə bilər. Tramp açıq şəkildə bildirib ki, BMT öz missiyasını yerinə yetirə bilməyib və qlobal münaqişələrin həllində iflas edib.

Əslində Trampın BMT ilə bağlı iddiaları çox gerçəkdir. Çünki bu qurum illərdir ölü cana  çevrilib. İkili standartlarla fəaliyyət göstərir.

Trampın açıqlamaları beynəlxalq hüquq və qlobal təhlükəsizlik sisteminin əsas dayaqlarından biri sayılan BMT-nin legitimliyi məsələsini yenidən gündəmə gətirib. Ekspertlərin fikrincə, bu bəyanatlar populist ritorika olmaqla yanaşı, real siyasi niyyətlərin də göstəricisidir. ABŞ artıq uzun illərdir ki, BMT-ni bürokratik, səmərəsiz və siyasi balanslardan asılı qurum kimi tənqid edir.

BMT 1945-ci ildə İkinci Dünya müharibəsindən sonra yaradılıb. Təşkilatın əsas məqsədi beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, münaqişələrin qarşısını almaq və dövlətlər arasında əməkdaşlığı gücləndirmək olub. Hazırda BMT-nin 193 üzv dövləti var və demək olar ki, dünyanın bütün ölkələri bu qurumda təmsil olunur. BMT-nin illik büdcəsi müxtəlif fondlar və proqramlar daxil olmaqla on milyardlarla dollarla ölçülür.

Lakin uzun illər ərzində BMT-nin qəbul etdiyi qətnamələrin icra mexanizmlərinin zəifliyi ciddi suallar doğurub. Xüsusilə Təhlükəsizlik Şurasının veto mexanizmi təşkilatı faktiki olaraq böyük güclərin siyasi alətinə çevirib. Bunun ən bariz nümunələrindən biri Azərbaycan məsələsidir. BMT Təhlükəsizlik Şurası vaxtilə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamə qəbul etsə də, bu sənədlər illərlə kağız üzərində qalıb.

Nəticədə Azərbaycan öz gücünə, beynəlxalq hüquqa və BMT qətnamələrinin müddəalarına əsaslanaraq ərazi bütövlüyünü özü bərpa etdi. Bu fakt BMT-nin real təsir gücünün nə qədər məhdud olduğunu açıq şəkildə ortaya qoydu. Bir çox ekspertlər hesab edir ki, BMT artıq səlahiyyətsiz, qərarları icra olunmayan simvolik quruma çevrilib.

Məhz bu kontekstdə Trampın “Sülh Şurası” təşəbbüsü diqqət çəkir. ABŞ prezidentinin açıqlamasına görə, yeni qurumun qurucu üzvləri sırasında 60 ölkə yer alacaq. Həmin ölkələrdən daimi üzvlük üçün ən azı 1 milyard dollar ianə tələb olunur. Bu yanaşma klassik beynəlxalq təşkilat modelindən fərqlənir və daha çox maliyyə əsaslı güc mexanizmini xatırladır.

Sülh Şurasının əsas prioriteti Qəzza zolağının yenidən qurulması olacaq. Bunun üçün icra komitəsi və icra şurasının yaradılması da planlaşdırılır. ABŞ bu strukturlar vasitəsilə həm maliyyə axınlarına, həm də siyasi qərarlara nəzarət etməyi hədəfləyir. Bu isə faktiki olaraq Vaşinqtonun qlobal liderlik iddiasını yeni formatda bərpa etmək cəhdi kimi qiymətləndirilir.

Bəs Trampın gücü BMT-ni tamamilə sıradan çıxarmağa çata bilərmi? Hüquqi baxımdan ABŞ prezidentinin BMT-ni ləğv etmək səlahiyyəti yoxdur. Lakin ABŞ-ın maliyyə, siyasi və hərbi təsir imkanları nəzərə alındıqda, BMT-ni faktiki olaraq zəiflətmək və alternativ platformalar yaratmaq potensialı mövcuddur.

Bu prosesdə Rusiya və Çin faktorları xüsusi əhəmiyyət daşıyır. Moskva BMT Təhlükəsizlik Şurasını Qərbin təzyiqlərinə qarşı əsas sipər kimi görür və bu qurumun zəifləməsində maraqlı deyil. Çin isə BMT-ni çoxqütblü dünya modelinin əsas elementi hesab edir və ABŞ-ın dominant rolunu məhdudlaşdırmaq üçün bu platformadan fəal istifadə edir.

Avropa İttifaqı ölkələri isə daha mürəkkəb mövqedədir. Bir tərəfdən onlar BMT-nin islahatlara ehtiyacı olduğunu qəbul edir, digər tərəfdən Trampın unilateral təşəbbüslərinə ehtiyatla yanaşırlar. Yaxın Şərq ölkələri üçün isə “Sülh Şurası” maliyyə və təhlükəsizlik baxımından yeni imkanlar vəd edə bilər.

Ekspertlər hesab edir ki, Sülh Şurası BMT-ni tam əvəz edə bilməz, lakin onu kölgədə qoya bilər. Xüsusilə regional münaqişələrdə daha çevik və sürətli qərar mexanizmləri bu quruma müəyyən üstünlüklər verə bilər. Bununla belə, beynəlxalq hüquqi legitimlik və universal təmsilçilik baxımından BMT-nin yerini doldurmaq çətin görünür.

Nəticə etibarilə, Trampın təşəbbüsü qlobal sistemdə ciddi çatların mövcudluğunu bir daha nümayiş etdirir. Dünya artıq köhnə qaydalarla idarə olunmur. Yeni güc mərkəzləri, alternativ institutlar və fərqli siyasi alyanslar formalaşır. BMT-nin taleyi isə bu dəyişən dünya nizamında əsas müzakirə mövzularından biri olaraq qalacaq.

Bir sual isə açıq qalır. Dünya daha effektiv, yoxsa daha xaotik beynəlxalq sistemə doğru gedir? Bu suala cavabı yaxın illər verəcək.

 

 Elnur ƏMİROV

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır