Modern.az

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək - 3 il

Azərbaycan Sülh Şurasına pul ödəməyəcək - 3 il

Analitika

23 Yanvar 2026, 12:06

Ötən gün İsveçrənin Davos şəhərində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın təsis sənədi imzalanıb. Mərasimdə ABŞ-la yanaşı, 21 ölkənin nümyəndəsi iştirak edib. Donald Tramp tədbirdə bildirib ki, bu şuranın indiyə qədər yaradılmış ən vacib təşkilatlardan biri olmaq üçün bütün potensialı var.

“Və inanıram ki, Sülh Şurasının burada toplaşan insanlarla, Birləşmiş Millətlər Təşkilatı ilə birləşməsi dünya üçün - təkcə ABŞ üçün deyil, bütün dünya üçün həqiqətən unikal bir şeyə çevrilə bilər", - o deyib.

Mərasimdə iştirak edən ölkələrin siyahısı isə belədir:

ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina, Paraqvay, Macarıstan, Ermənistan, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Monqolustan, Pakistan, Paraqvay, Türkiyə və Özbəkistan.

Maraqlıdır, Azərbaycan Sülh Şurasına üzv olmaqla hansı öhdəlikləri götürüb?

Modern.az-a açıqlamasında politoloq Fərhad Məmmədov bildirib ki, Sülh Şurası adi bir beynəlxalq təşkilatdır:

"Hətta biz Şuranın əsasnaməsində üzvlərin öhdəlikləri ilə bağlı bölümün mövcud olmadığını görürük. Maliyyə öhdəliyinə gəldikdə ilk üç il bu istiqamətdə konkret tələb yoxdu. Düşünülür ki, Sülh Şurası çərçivəsində həlli gözlənilən məsələlərdə dövlətlər özləri həmin fəaliyyət planlarını təsdiq edəcəklər və özləri hansı formada bu istiqamətdə iştirak edəcəklərini müəyyən edəcəklər.

Yəni, hər hansısa bir ciddi öhdəlik yoxdur. Bu, Prezident Trumpın təşəbbüsüdür və onun prezidentlik dövrünü əhatə edir. Təxminən 50-yə yaxın dövlət dəvət alsa da, ancaq iyirmidən çox dövlətin nümayəndəsi təsis tədbirində iştirak edib. Orada Azərbaycan prezidenti və Azərbaycana yaxın olan bir sıra ölkələrin rəhbərləri də iştirak ediblər. Yəni ümumi desək ki, bu təşkilatın funksiyonallığı, onun uğuru ABŞ prezidentindən asılı olacaq. ABŞ prezidenti də dünyada ona yaxın olan liderləri müəyyən eləyir".

Politoloq vurğulayıb ki, dünyanın ən güclü dövlətinin təşəbbüsü olan Sülh Şurasının hansı formada inkişaf edəcəyini, ancaq qarşıdan gələn üç il göstərəcək:

"Əgər bu təşəbbüs, təşkilat uğur qazanacaqsa, demək ki, Sülh Şurası yeni dünya nizamının bir parçasına çevriləcək. Lakin əksinə uğur qazanmayacaqsa, onda beynəlxalq sistem səmərəsi çox aşağı olan BMT çərçivəsində qalmaqda davam edəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır