Modern.az

İrandan nə istəyirlər? - TƏHLİL

İrandan nə istəyirlər? - TƏHLİL

Analitika

24 Yanvar 2026, 14:01

2025-ci il dekabrın 28-də İranda başlayan kütləvi etirazlar bir neçə həftə ərzində ölkənin əsas şəhərlərini əhatə etsə də, hazırda prosesin aktiv fazasının səngidiyi müşahidə olunur. Rəsmi Tehran hadisələr zamanı təxminən 3 min nəfərin öldüyünü açıqlayıb. Qeyri-rəsmi mənbələr isə itkilərin 12–20 min aralığında olduğunu iddia edir. Hadisələr beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.

Beynəlxalq reaksiya və ABŞ-ın mövqeyi

Etirazlar fonunda ABŞ Prezidenti Donald Tramp İrana yönəlik sərt açıqlamalarla çıxış etmişdi. O, etirazçılara qarşı silah tətbiq ediləcəyi təqdirdə Vaşinqtonun güc tətbiq etməkdən çəkinməyəcəyini bildirmiş daha sonra 800-dən çox etirazçı barəsində çıxarılan edam hökmlərinin dayandırıldığı xatırladaraq ritorikasını nisbətən yumşaltmışdı.

Bununla paralel olaraq ABŞ İran istiqamətində hərbi mövcudluğunu artırır. Bölgəyə əlavə hərbi aviasiya, döyüş gəmiləri və aviadaşıyıcı qrupların göndərilməsi Vaşinqtonun siyasi bəyanatlarının real güc nümayişi ilə müşayiət olunduğunu göstərir.

Dünyanın İrandan əsas gözləntisi

Qərb ölkələrinin, xüsusilə ABŞ-ın İrana dair əsas tələbi nüvə proqramından tam imtinadır. Vaşinqton hesab edir ki, İranın nüvə potensialı regional və qlobal təhlükəsizlik üçün əsas risk mənbəyidir. ABŞ eyni zamanda İranda özünə daha yaxın, Qərblə əməkdaşlığa açıq bir hakimiyyət modelinin formalaşmasını arzulayır. Bu yanaşma, İran şah rejimi devrilənə qədər mövcud olmuş siyasi düzənlə müqayisə edilir.

İsrail üçün isə məsələ daha ekzistensial xarakter daşıyır. Rəsmi Tel-Əviv İranı dövlət kimi tanımayan və onun məhvini ideoloji məqsəd elan edən mövcud rejimin dəyişməsində maraqlıdır. İsrail də İranda dost və ya ən azı düşmən olmayan bir hakimiyyətin formalaşmasını regional təhlükəsizlik üçün vacib sayır.

Avropanın mövqeyi: Təzyiq və diplomatiya arasında

İran ətrafında yaranmış gərginlikdə Avropa ölkələri ABŞ qədər sərt ritorika nümayiş etdirməsə də, Tehrana qarşı tələblər baxımından Vaşinqtonla eyni mövqedə dayanırlar. Fransa, Böyük Britaniya və Almaniya İranın nüvə proqramını Avropa təhlükəsizliyi üçün birbaşa risk hesab edir və bu məsələdə geri addımın qəbuledilməz olduğunu açıq şəkildə bildirirlər.

Fransa rəsmi olaraq İranın nüvə silahı əldə etməsinin qarşısının “istənilən vasitə ilə” alınmalı olduğunu bəyan edir. Paris hesab edir ki, İranın ballistik raket proqramı və regiondakı silahlı qruplara verdiyi dəstək Yaxın Şərqdə qeyri-sabitliyi daha da dərinləşdirir.

Böyük Britaniya isə daha çox təhlükəsizlik prizmasından çıxış edir. London İranın həm nüvə, həm də raket proqramlarının Avropaya qədər uzanan təhlükə yaratdığını bildirir. Britaniya rəsmiləri İranın regionda “status-kvonu zorla dəyişməyə çalışdığını” vurğulayır və İsrailin təhlükəsizliyini Avropa üçün prioritet məsələlərdən biri kimi təqdim edir.

Almaniya ənənəvi olaraq daha ehtiyatlı və diplomatik xətt yürüdür. Berlin nüvə razılaşmasının bərpasını mümkün yol kimi görür, lakin eyni zamanda İranın son illərdə öhdəliklərini faktiki olaraq yerinə yetirmədiyini qəbul edir. Almaniya insan haqları pozuntuları, edam hökmləri və etirazçılara qarşı sərt müdaxiləni də açıq şəkildə tənqid edir və bunu Tehranla münasibətlərin normallaşmasına əsas maneə sayır.

Ümumilikdə Avropa İttifaqının mövqeyi belədir: İran nüvə proqramından tam imtina etməli, ballistik raket imkanlarını məhdudlaşdırmalı və regionda hərbi təsirini azaltmalıdır. Əks halda, Avropa da ABŞ-la koordinasiyalı şəkildə yeni sanksiyalar və siyasi təcrid siyasətini gücləndirməyə hazırdır.

Bununla yanaşı, Avropa ölkələri İranda qəfil və nəzarətsiz hakimiyyət dəyişikliyinin regionda xaos yarada biləcəyindən ehtiyat edir. Bu səbəbdən Brüssel, Paris və Berlin üçün əsas prioritet idarəolunan keçid, yaxud mövcud hakimiyyətin davranış dəyişikliyidir.

Qonşu ölkələrin mövqeyi: Türkiyə nümunəsi

Hadisələrə Türkiyə əsasən neytral və praqmatik yanaşır. Prezident Rəcəb Tayyib Ərdoğanın molla rejiminə açıq simpatiyası olmasa da, Ankara ilə Tehran arasında sıx iqtisadi əlaqələr və kürd faktoruna qarşı ortaq maraqlar mövcuddur.

Məhz bu kontekstdə Türkiyə kəşfiyyatının İranın qərb bölgələrində fəallaşan PKK-nın qolu PJAK-la bağlı məlumatları rəsmi Tehrana ötürdüyü bildirilir. Nəticədə İran təhlükəsizlik strukturları bu təhdidləri neytrallaşdıra bilib. Ankara eyni zamanda İranda mümkün hakimiyyət dəyişikliyinin Yaxın və Orta Şərqin siyasi xəritəsində yarada biləcəyi riskləri diqqətlə nəzərdən keçirir.

Ümumilikdə, İranın ətrafındakı ölkələr mövcud gərginlik fonunda rasional münasibətləri qorumağa üstünlük verirlər.

Pakistanla gərgin münasibətlər

İran–Pakistan münasibətləri də hazırda stabil deyil. Qarşılıqlı hava zərbələri, Pakistanda İrana müxalif qüvvələrin mövcudluğu əlaqələri daha da gərginləşdirir. Bundan əlavə, Pakistanın əsasən sünni, İranın isə şiə dövlət olması məzhəb faktorunu da gərginlik amili kimi önə çıxarır. Yeganə yaxınlaşma nöqtəsi Bəluc separatizminə qarşı mübarizə məsələsində müşahidə olunur.

İranın regional dayaqları zəifləyir

Son illərdə İranın yaratdığı və “müqavimət qurşağı” adlandırılan regional təsir mexanizmi ciddi zərbələr alıb. Suriyada baş verən hakimiyyət dəyişikliyi İran qüvvələrinin bu ölkədən çıxmasına səbəb olub. Bu isə Livandakı radikal “Hizbullah” təşkilatı ilə əlaqələrin zəifləməsinə gətirib çıxarıb. İsrailin ardıcıl zərbələri nəticəsində sarsılan “Hizbullah”ın döyüş potensialının əvvəlki səviyyədə olmadığı bildirilir.

Digər tərəfdən, İraqda İranın təsiri hələ də güclü olaraq qalır. İŞİD-in məğlubiyyətindən sonra şiə silahlı qruplar tərksilah edilməyib və ölkənin siyasi hakimiyyətinə ciddi təsir imkanlarını saxlayırlar. Bu baxımdan, İranın regionda əsas dayaq nöqtəsi məhz İraq olaraq qalır. ABŞ və onun müttəfiqlərinin də bu dayaqları zəiflətməkdə maraqlı olduğu açıq şəkildə sezilir.

Əsas tələblər və mümkün ssenari

İrandan əsas tələb İsraillə 12 günlük müharibə zamanı müəyyən effektivliyini nümayiş etdirmiş ballistik raket texnologiyalarından imtina etməsi, regional hərbi təhdid statusunu itirməsi və nüvə proqramını tam dayandırmasıdır. Nüvə proqramı son müharibə zamanı müəyyən zərbələr alsa da, İranın bu potensialı bərpa etməyə çalışdığı bildirilir.

ABŞ və Qərb bu mərhələdə Tehrandan qəti seçim gözləyir: ya nüvə proqramından tam imtina, ya da hərbi eskalasiya riski. Analitik dairələrdə İranda yaxın illərdə hakimiyyət dəyişikliyinin mümkünlüyü getdikcə daha açıq müzakirə olunur. Mövcud daxili narazılıqlar və xarici təzyiqlər bu ssenarini real ehtimal kimi gündəmdə saxlayır.

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır