Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla son telefon danışığı zamanı Azərbaycan İranla ABŞ arasında gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib. Ölkəmizin başçısı Azərbaycanın bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.
Rəsmi Bakının gərginliyin aradan qaldırılmasına hansı formalarda dəstək verəcəyi, iki ölkə arasında baş tuta biləcək hər hansı danışıqlafra ev sahibliyi edib-etməyəcəyi diqqətçəkən məqamlardır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə bildirib ki, Azərbaycan həmişə regionun sabitliyi üçün üçün çalışıb:
“Üç məqamı qeyd etmək istərdim. Birinci məqam təbii, ondan ibarətdir ki, Azərbaycan öz regionunda, qonşuları arasında sabitlik və əmin-amanlıq tərəfdarıdır. Biz həmişə regionumuzda sabitliyə töhfə verməyə çalışmışıq. Qonşuluğumuzda sabitliyin olması öz-özlüyündə ölkəmiz üçün də vacibdir. Çünki müharibə olduqda, məcburi köçkünlər, qaçqınlar olur, risklər artır. Ona görə bütün gərginliklərin diplomatik yolla həll olunmasını istərdik”.

Parlamentari qeyd edib ki, Azərbaycanın artıq beynəlxalq səviyyədə vasitəçilik sahəsində böyük təcrübəsi var:
“Biz Suriya-İsrail danışıqlarının keçirilməsinə dəstək olmuşuq. Bəzi hallarda İsrail-Türkiyə, Rusiya-Türkiyə dialoquna töhfə vermişik. Azərbaycan həm diplomatik vasitələrlə, həm də humanitar yardım göstərməklə ölkələrin inkişafına və sabitliyin təmin olunmasına töhfə verir. İranla ABŞ arasındakı məsələdə də bizim müəyyən vasitəçilik rolumuz ola bilər. Artıq Azərbaycanın nüfuzu, prestiji yüksək səviyyədədir, ona etibarlı partnyor kimi baxılır. Və istisna edilmir ki, Azərbaycan da bu danışıqlarda mühüm rol oynaya və vasitəçilik edə bilər”.

Politoloq Fərhad Məmmədov da qeyd edib ki, Azərbaycan diplomatik səyləri dəstəkləyə bilər:
“Hazırda ABŞ-lə İran arasında əsas diplomatik səyləri Türkiyə və Qətər həyata keçirir. Azərbaycan Prezidenti İran Prezidenti ilə danışıqlarda Azərbaycanın niyyətini bildirib, digər yandan Azərbaycan hava məkanının İrana qarşı istifadə edilməməsi məsələsi qeyd edilib. Bu o deməkdir ki, Azərbaycan İranın sabitliyinin pozulmasında maraqlı deyil. Digər tərəfdən diplomatik səylər mövcuddur ki, Azərbaycan bu diplomatik səyləri dəstəkləyə bilər”.