ABŞ administrasiyası Omanda İran nümayəndələri ilə danışıqlar aparmağa razılıq verib və məsləhətləşmələrin fevralın 6-da keçirilməsi gözlənilir. Bu barədə ABŞ-nin "Axios" internet portalının jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.Jurnalistin Ərəb dövlətlərindən birindəki mənbəsinin sözlərinə görə, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların cümə günü Omanda keçirilməsi gözlənilir.
Belə ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İran tərəfinin danışıqların Türkiyədə olmaması barədə xahişinə razılıq verib. Jurnalistin əlavə etdiyi kimi, ərəb və müsəlman dövlətlərinin Omandakı danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı məsləhətləşmələr hələ də davam edir.
İranın görüşlərin Türkiyədə keçirilməsini istəməməsi müəyyən suallar doğurur. Bu ölkənin niyə məhz Omanı seçməsi diqqətçəkən məqamdır.
Türkiyədən olan təhlükəsizlik eksperti Yücel Karauz Modern.az-a açıqlamasında İranın Türkiyəni seçməməsinin 4 əsas səbəbindən danışıb:
"İranın Türkiyəni yox, məhz Omanı seçməsinin ən birinci səbəbi odur ki, Oman “klassik arxa qapı diplomatiyası” üçün ölkədir. Oman uzun illərdir ki, ABŞ-İran arasında gizli və açıq təmasların ən etibarlı kanalı kimi istifadə olunur. 2013-cü ildə nüvə danışıqlarının ilk gizli raundları da məhz Omanda keçirilib. Maskat rəhbərliyi nə Vaşinqtonun, nə də Tehranın daxili siyasətində “tərəf” kimi qəbul edilmir. Bu məqam isə İran üçün son dərəcə kritikdir.
Digər yandan Türkiyə artıq “neytral platforma” deyil, regional aktordur. Bu gün Türkiyə həm NATO üzvüdür, həm də Suriya–İraq–Qafqaz xəttində fəaldır. Eləcə də İsrail, Rusiya, ABŞ, Azərbaycan və Körfəz ölkələri ilə eyni vaxtda çoxsaylı siyasi işlər aparır. Eyni zamanda Türkiyə müdafiə və enerji sahələrində oyunqurucu rola malikdir. Bütün bunlar isə Türkiyəni “ev sahibi vasitəçi”yə yox, danışıqlar masasının birbaşa aktoruna çevirir. İranın nöqteyi-nəzərindən Türkiyədə keçiriləcək görüş, Türkiyənin siyasi çəkisi altında aparılan danışıqlar anlamına gəlir. Rəsmi Tehran isə bunu istəmir.
Üçüncü məsələ ilə ondan ibarətdir ki, İran həm də bununla Vaşinqtona açıq mesaj verir. İranın buradakı mesajı belədir: “Bu danışıqlar iki tərəf arasında olacaq. Regional gücləri masaya daşımayaq”. Burada söhbət Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dən gedir İran bu ölkələrin rol üstlənməsini istəmir.
Nəhayət dördüncü nüans təhlükəsizlik və kəşfiyyat faktoru ilə bağlıdır. Ankara yüksək intensivlikli diplomatik və kəşfiyyat fəaliyyətinin mərkəzidir.
İran xüsusilə İsraillə bağlı mümkün sızmalar, Qərb kəşfiyyat xidmətlərinin fəallığı, media təzyiqi səbəbilə Omanın “sakit və nəzarətli mühitinə” üstünlük verir. Bu baxımdan Maskat daha təhlükəsiz hesab olunur”.
Ekspert ərəb və ya müsəlman ölkələrin prosesə qoşulma ehtimalını isə belə şərh edib:
Hazırki mənzərə belədir ki, Oman ev sahibidir, Səudiyyə Ərəbistanı hələlik prosesdən kənardır, Qətər və BƏƏ isə müşahidəçi mövqedədirlər. Türkiyə isə rəsmi tərəf deyil. Danışıqlar ABŞ-İran-Oman formatında, yəni dar çərçivədə saxlanılmaq istənir. Başqa ölkələrin bura qoşulması prosesi “mini-konfransa” çevirər ki, İran bundan xüsusi olaraq yayınır. Hazırkı mərhələdə Türkiyənin prosesə qoşulma ehtimalı aşağıdır. Amma vacib bir nüans var. Belə ki, Türkiyə masada olmasa da, prosesdən kənarda deyil. Hazırda Ankara İranla birbaşa diplomatik kanallar vasitəsilə, ABŞ ilə NATO xətti üzrə, Körfəz ölkələri ilə enerji və təhlükəsizlik mövzularında paralel təmaslar aparmaq imkanına malik yeganə regional gücdür”.
Y. Karauz Türkiyənin prosesin növbəti mərhələlərində vasitəçi olmaq ehtimalının yüksək olduğunu vuğulayıb:
“ Yəni. Omandakı görüş buzları əritsə, texniki məsələlər, yəni sanksiyaların yumşaldılması, regional gərginliklər müzakirə edildikdən sonra proses irəliləsə, ikinci mərhələdə Türkiyə prosesə daxil edilə bilər. Xüsusilə də, Suriya, İraq, enerji dəhlizləri, şərqi Aralıq dənizi ətrafındakı mövzularda Türkiyəsiz irəliləmək mümkün deyil".