Dünyada poliqamiya adlanan çoxarvadlılıq ənənəsini məhdud sayda ölkələrdə var.
Mütəxəssislərin araşdırmalarına görə, çoxarvadlı ailələr dünya əhalisinin, təxminən, 2%-ni təşkil edir və əksər ölkələrdə bu göstərici 0,5%-dən aşağıdır. Ölkələrin böyük əksəriyyətində bu forma qanunla qadağandır, həmçinin, ictimaiyyət tərəfindən qəbul olunmur.
Çoxarvadlılıq daha çox Afrika ölkələrinda rast gəlinir. Qitə üzrə, təxminən, 11% əhali çoxarvadlı ailə strukturunda yaşayır.
Burkina Faso – 36%, Mali – 34%, Qambiya – 30%, Niger – 29%, Nigeriya – 28%, Qvineya‑Bisau – 23%, Seneqal – 23% ölkələrində göstəricilər yüksəkdir. Bu ölkələrdə poliqamiya nəinki qanuni ola bilər, həm də sosial ənənə kimi yaşayır.
Digər region Yaxın Şərqdir. Əfqanıstan, Pakistan, Banqladeş, Səudiyyə Ərəbistanı, Qatar və BƏƏ-də orta göstərici ilə çoxarvadlılıq 0.5%-dir. Hindistanda isə sözügedən həyat tərzi müəyyən dini etiqada sahib olan qruplar arasında yayılıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq İnsan Hüquqları Təşkilatları poliqamiyanı qadın hüquqlarına zərərli hesab edir. Tədqiqatlara görə güclü dini və patriarxal quruluş çoxarvadlılığa təkan verən amillərdir.
Azərbaycan qanunvericiliyinə görə poliqamiya qadağandır – rəsmi nikah yalnız bir kişi və bir qadın arasında bağlana bilər. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsi ilə təsbit edilib.
İlahiyyatçı Rüfət Qarayev bu barədə Modern.az-a danışıb.
O deyib ki, Qurani-Kərimdə elə ayə var ki, müəyyən şərtlər daxilində bir neçə qadınla (4 nəfərə qədər) ailə həyatı qurmağa icazə verir. Lakin həmin ayənin davamında açıq şəkildə buyurulur ki, ədaləti qorumaq baxımından bir qadınla evlənmək daha xeyirlidir:
“Problem ondadır ki, bəzi insanlar ayənin yalnız ilk hissəsini əsas götürür, lakin ədalət şərtini və məsuliyyəti nəzərə almırlar. Yəni “icazə var” prinsipinə dayanaraq, haqq-ədaləti, qadınların hüquqlarını, ailədaxili münasibətləri və övladların taleyini ikinci plana atırlar”.
İlahiyyatçı qeyd edib ki, ikinci evlilik birinci ailənin dağılmasına, övladlar arasında narazılığa, psixoloji və sosial problemlərə səbəb olursa, bu halda belə addımdan çəkinmək lazımdır:
"Yəni buna tutarlı səbəb olmalıdır. Əvvəlki ailədə övlad olmursa, evin xanımı ərə xidmət edə bilmirsə və s. bu kimi hallarda birinci xanımın razılığı ilə kişi eyni vaxtda ikinci qadınla nikah bağlaya bilər. Əgər birinci ailədə normal münasibətlər varsa, övladlar var, ailə stabildir amma kişi sadəcə şəxsi istək, nəfs və həvəs naminə ikinci evliliyə gedirsə, bu düzgün deyil", - deyə Rüfət Qarayev əlavə edib.