Modern.az

Bakı statusunu dəyişdi

Bakı statusunu dəyişdi

Analitika

9 Fevral 2026, 13:15

Baş şəhərimiz Cənubi Qafqazın paytaxtına necə çevrildi...         

Uzun illər, hətta on doqquzuncu əsrdən Cənubi Qafqaz deyildikdə siyasi və diplomatik mərkəz kimi ilk növbədə Tiflis yada düşüb. XX əsrin sonu və XXI əsrin əvvəllərində Qərb institutları, beynəlxalq təşkilatlar, donor strukturlar regiona məhz Tiflis üzərindən baxırdı.

Gürcüstan “Şərq Tərəfdaşlığı”nın vitrin ölkəsi sayılırdı, Avropa və ABŞ səfirləri üçün əsas görüş platforması Tiflis idi. Bakı isə daha çox enerji istehsalçısı və tranzit ölkə kimi qəbul edilirdi. Regional liderlik ambisiyası qəbul edilmirdi. Və əlbəttə ki, burada dini amil də rol oynayırdı.

Bu yanaşma 2020-ci ildən sonra köklü şəkildə dəyişdi. 44 günlük Vətən müharibəsi Cənubi Qafqazın siyasi, hərbi və diplomatik xəritəsini yenidən cızdı. Müharibə təkcə işğal altındakı ərazilərin azad edilməsi ilə yekunlaşmadı, həm də regionda güc mərkəzinin kim olduğunu açıq şəkildə göstərdi. Həmin tarixdən sonra Cənubi Qafqazda əsas qərarların verildiyi, proseslərin yönləndirildiyi ünvan Bakıdır.

Bu gün nə Tiflis, nə də İrəvan Bakıya real rəqib hesab edilə bilər. Bunun əsas səbəbi lider amilidir. Azərbaycan Prezidentinin şəxsi siyasi çəkisi, beynəlxalq platformalarda tanınması və nəticə yönümlü siyasəti Bakını regional mərkəzə çevirən əsas faktorlardan biridir. 2020–2024-cü illər arasında Azərbaycan liderinin Avropa İttifaqı, NATO üzvü ölkələr, Mərkəzi Asiya dövlətləri, Yaxın Şərq və Afrika ilə keçirdiyi görüşlərin sayı Gürcüstan və Ermənistan rəhbərlərinin ümumi diplomatik aktivliyindən dəfələrlə çoxdur.

İni ABŞ-ın vitse-prezidentinin regiona səfər planlamasında əsas diqqət Bakıya yönəlib. Vaşinqton üçün regionda sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri Tiflis üzərindən qurulmur. Bu müstəvi artıq Bakıdır. Strateqlər bunu strateji dəyişiklik kimi qəbul edirlər.

Diplomatik baxımdan Bakı bu gün Cənubi Qafqazın əsas görüş platformasıdır. 2022–2024-cü illərdə Azərbaycan paytaxtında keçirilən beynəlxalq tədbirlərin sayı 100-dən artıq olub. Qoşulmama Hərəkatının Zirvə görüşü, COP29-un Bakıya verilməsi, Avropa Siyasi Birliyinin qeyri-rəsmi təmasları Bakının diplomatik mərkəz kimi qəbul olunduğunu göstərir. Tiflis isə son illərdə Avropa İttifaqı ilə münasibətlərdə ciddi problemlər yaşayır,.

Media baxımından da Bakı regionun əsas informasiya mərkəzinə çevrilib. Beynəlxalq media qurumlarının Cənubi Qafqaz üzrə əsas büroları faktiki olaraq Bakıya fokuslanır. 2020-ci ildən sonra “Reuters”, “AFP”, “BBC”, “Al Jazeera” kimi qurumların regionla bağlı əsas reportajlarının əksəriyyəti Bakıdan hazırlanır. Ötən il Evronyusun Bakı ofisinin açılışı da bunun nümunəsidir.

Ermənistan isə daha çox humanitar və daxili siyasi böhran xəbərləri ilə gündəmə gəlir.

Hərbi güc baxımından fərq daha açıq görünür. Azərbaycan ordusu 2020-ci ildən NATO standartlarına yaxınlaşmış, real döyüş təcrübəsi olan ordu kimi tanındı. Türkiyə, İsrail və Pakistanla hərbi əməkdaşlıq Bakını regionun yeganə real güc mərkəzinə çevirib. Gürcüstan ordusu uzun illərdir modernləşmə prosesində durğunluq yaşayır, Ermənistan isə hərbi baxımdan demək olar ki, regional faktor deyil. Təbii ki, mövcud durum Bakını rahatlaşdırmır, o bu istiqamətdə davamlı inkişaf edir.

İqtisadi göstəricilər də Bakının üstünlüyünü təsdiqləyir. 2023-cü ildə Azərbaycanın ÜDM-i 78 milyard dollara yaxınlaşdı. Gürcüstanın ÜDM-i 30 milyard dollardan aşağı, Ermənistanın isə 25 milyard dollara yaxındır. Bakı region miqyasında investisiya mərkəzinə çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizi perspektivi regionun iqtisadi gələcəyini Bakıya bağlayır.

Siyasi mənada Azərbaycan qərar verən ölkədir. Bakı regionda status-kvonu dəyişən aktordur. Tiflis isə son illərdə qərarsızlıq və balanssızlıq nümayiş etdirir. Gürcüstan hakimiyyətinin Rusiya ilə bağlı mövqeyi Qərbdə ciddi narahatlıq doğurur. Avropa və ABŞ Gürcüstanı etibarlı tərəfdaş kimi görmür.

Regional nöqteyi nəzərdən Bakı Mərkəzi Asiya ilə Qara dəniz, Avropa ilə Asiya arasında əsas körpüyə çevrilib. Transxəzər marşrutu, Orta Dəhliz və BTQ dəmir yolu Bakı mərkəzli işləyir. Bu layihələrdə Tiflis texniki rol oynayır, siyasi liderlik isə Bakının əlindədir. Zəngəzur dəhlizi isə Bakını dəmir yolu ilə bağlı dünyanın ən aparıcı ölkələrindən birinə çevirəcək.

Mədəni və idman sahəsində də Bakı regional paytaxt statusunu möhkəmləndirib. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran-prisi kimi tədbirlər Bakıda keçirilir. Bu tədbirlər yumşaq güc alətidir.

Avropanın yanaşması da dəyişib. Avropa İttifaqı enerji təhlükəsizliyi baxımından Azərbaycanı əsas tərəfdaş kimi qəbul edir. 2022-ci ildə imzalanan enerji memorandumu Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artırmağı nəzərdə tutur. Gürcüstan bu prosesdə tranzit rolundadır.

Amerikanın yanaşması da oxşardır. Vaşinqton regionda Azərbaycanın gücünü qəbul edir. Ermənistan təhlükəsizlik baxımından asılı vəziyyətdədir, Gürcüstan isə strateji etibarlılığını itirir.

Enerji təhlükəsizliyi masasında Bakı regionun ürəyidir. TANAP, TAP, BTC kimi layihələr Avropanın enerji xəritəsini dəyişib. Bu layihələrin hər birinə Bakı sahiblik edir.

İnfrastruktur məsələsinə gəlincə, Bakı son 20 ildə milyardlarla dollar sərmayə yatırıb. Yeni liman, hava limanları, magistrallar və logistika mərkəzləri regionun əsas yükünü daşıyır.

İnsan resursuna nəzər yetirdikdə, Azərbaycan regionun ən gənc, ən mobil və ən təhsilli kadr bazasına malikdir. Dövlət proqramları ilə minlərlə gənc Avropa və ABŞ-da təhsil alıb və geri qayıdıb. Müasir Azərbaycan gəncliyi çevikliyi, savadı, təhsili və çalışqanlığı ilə seçilir.

Bütün bunlardan sonra iddia edə bilirik ki, Azərbaycanın birinciliyi regional məhdudlaşmır. Öz birinciliyini dünya səviyyəsində qəbul etdirən dövlətdir. Bakı Cənubi Qafqazın paytaxtına çevrilib və bu status faktlarla təsdiqlənir.

Elnur ƏMİROV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi