Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi yekunlaşmaq üzrədir.
Bu fonda ölkəmizin suveren ərazilərində separatçı fəaliyyətə görə mühakimə olunan Ruben Vardanyan ətrafında beynəlxalq kampaniya formalaşdırılıb. Heç bir hüquqi əsası olmayan, "səs-küylü" kampaniyanın əsas fiqurlarından biri isə cinayətkarın oğlu David Vardanyandır. O, son dövrlər atasının məhkəmə prosesi ilə bağlı bir sıra müsahibələr, beynəlxalq təşkilatlara ünvanlanan bəyanatlar verib və media çıxışları edib. Lakin onun bu addımlarının hər biri faktoloji yox, ideoloji çərçivədə özünü göstərir.
Araşdırma göstərir ki, bu çıxışların məqsədi ədalət axtarışı, məhkəmə prosesində təqdim olunan faktoloji materiallara münasibət deyil, cinaytkar atasının törətdiyi əməllərə görə məsuliyyətdən yayındırılmasıdır.
David Vardanyanın çıxışlarının mərkəzində dayanan tezis: “Ruben Vardanyanın həbsi bütün ermənilər üçün təhlükə mesajıdır”. Bu yanaşma klassik manipulyativ diskursdur. O, fərdi məsuliyyəti etnik kollektivlə eyniləşdirir, hüquqi prosesi yanlış olaraq, etnik təqib kimi təqdim edir. Beləliklə, istintaq obyekti olan şəxs “təqsirləndirilən” deyil, “qurban” statusuna keçirilir.

Bu, hüquqi müzakirəni rasional müstəvidən çıxarıb emosional müstəviyə daşımaq üçün istifadə olunan üsuldur.
David Vardanyan müsahibələrində Azərbaycan məhkəmə sistemini ardıcıl olaraq, müxtəlif terminlərlə ittiham edir. Halbuki bu ittihamların da heç biri konkret hüquqi faktla əsaslandırılmır. Çünki proses açıq keçirilir və vəkil təminatı, ittiham aktları şəffaf və hüquqi şəkildə həyata keçirilir.
David Vardanyan və onu dəstəkləyən media şəbəkəsi beynəlxalq təşkilatların bəyanatlarını seçmə prinsipi ilə istifadə edir. Belə ki, "ədalətli məhkəmə təmin olunmalıdır" kimi fikilər irli sürülsə də, bu da hüquqi heç bir əsasa dayanmır. Çünki, heç bir beynəlxalq qurum Ruben Vardanyanı günahsız elan etməyib. Heç bir qurum Azərbaycanın suveren hüququnu şübhə altına almayıb. O baxımdan bəyanatlar hüquqi nəticə deyil. Bu isə beynəlxalq hüququn siyasi alətə çevrilməsi cəhdidir.
Ruben Vardanyanın konkret cinayət əməlləri var və bu əməllər çoxsaylı insan ölümünə yol açan hərəkətlərə səbəb olub. 2023-cü ilin sentybarında keçirilən antiterror əməliyyatı da məhz Ruben Vardanyanın erməni millətçiliyi, ucuz pafos və hədələrlə dolu çıxışları, addımları nəticəsində həyata keçirilmişdi. Bölgədə yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarını girov saxlayan Vardanyan rəsmi Bakının qətiyyətli addımlar atmasından dərhal sonra öz "seçici"lərini qoyaraq Ermənistana qaçmaq istəmiş və Həkəri körpüsündə saxlanılmışdı. Çoxsaylı beynəlxalq maliyyə cinayətlərində, "çirkli pulların yuyulması"nda iştirak edən bu şəxs məhkəmə prosesi zamanı da manyupulyativ addımlar, şantaj və guya "aclıq aksiyaları" keçirməklə özünə diqqət çəkməyə çalışmış, onu təxribatçı missiya ilə Qarabağa göndərən beynəlxalq kuratorlarının, himayədarlarının diqqətini özünə çəkməyə çalışmışdı. Təbii ki, onun bu səyləri rəsmi Bakının ədalət məhkəməsi iradəsinə heç bir təsir göstərə bilməyib.

Hazırda cinayətkar atanın cinayətkar oğlu David Vardanyan çıxışlarında atasının Qarabağda qanunsuz separatçı qurumda tutduğu vəzifəni, Azərbaycan ərazilərində suverenliyə qarşı açıq siyasi və maliyyə fəaliyyətini, Azərbaycanın ərazi bütövlüyünə qarşı illərlə aparılan fəaliyyəti gizlətməyə çalışır. Bu faktlar olmadan qurulan istənilən “insan hüquqları” və "vətənpərvət əzabkeş" narrativi yarımçıq və məqsədli təhrifdir.
Eyni zamanda, xatırlatmaq yerinə düşər ki, David Vardanyan da Azərbaycan ərazilərinə, Qarabağa atası kimi qanunsuz daxil olub, separatçı rejimin ərazimizdə yaratdığı qanunsuz hərbi birləşmənin tərkibində xidmət keçib. Vardanyan 2015-ci ilin iyulundan 2016-cı ilin aprelinə qədər burada hərbi xidmət keçib və Aprel döyüşlərindən bir müddət sonra atasının istəyi ilə Azərbaycan ərazisini tərk edib. Böyük Britaniya və Rusiya pasportu daşıyan bir şəxsin işğal olunmuş ərazidə Ermənistan Ordusunun hərbçisi kimi xidmət keçməsi özü artıq cinayətdir. Beləliklə, cinayətdən danışan Vardanyanın özünün cinayətkar olduğu üzə çıxır. Beynəlxalq hüquq isə David Vardanyanın əməlinə muzdluluq hesab edir və müvafiq hüquqi məsuliyyət yaradır.

O, müharibə dövründə hətta hərbi geyimdə suveren ərazilərimizdə şəkil çəkdirib, müsahibələr verib, işğal və separatizmi dəstəkləyib, bir sözlə milyarder atanın "vətənpərvər oğlu" imici yaratmağa çalışıb.
Bu isə onun da Azərbaycan məhkəməsi qarşısında hüquqi məsuliyyətini və məhkəmə qarşısına çıxarılması məsələsini ortaya çıxarır.
Məsələyə hüquqşünas mövqeyi də aldıq.
Hüquq müdafiəçisi Çingiz Qənizadə Vardanyanın oğlunun da axtarışa verilib-verilməsi ilə bağlı Modern.az-a açıqlamasında bunları deyib:
“David Vardanyan atasından əvvəl ittiham olunanlara ağır cəzaların verilməsindən sonra, artıq atasına da 20 il və ya ömürlük həbs cəzasının verilə biləcəyini gördüyündə sonra həyasızlaşıb. Təbii ki, o, atasının oğludur, ondan geri qala bilməz. O, Azərbaycana qarşı təxribatları davam etdirir. Onun təxribatları, separatçıları dəstəkləməsi Qərbdə fikir azadlığı kimi qəbul edilir. Ortada heç bir maliyyə dəstəyi də yoxdur. Çünki Azərbyacanda separatizm ləğv edilib. Separatçılar məhkəmə qarşısına çıxarıldılar və onlar barədə hökm çıxarıldı. Vardanyanla bağlı da ədalətli hökm çıxarılacağını gözləyirik. Ona görə də David Vardanyan Azərbaycan ərazisinə qanunsuz daxil olduğuna görə, arzuolunmaz şəxslər sırasına salınıb. Belə, xaricdə oturub danışan şəxslərin fikirlərinə əhəmiyyət vermək lazım deyil. Azərbaycan hüquqi dövlətdir və onun qanunları işləyir. Qanunları pozan hər bir şəxs milliyyətindən, dinindən və dilindən asılı olmayaraq qanun qarşısında məsuliyyət daşıyır. O cümlədən, Ruben Vardanyan da məhkəmə qarşısında cavab verir. Şübhəsiz ki, ədalətli hökm qəbul olunacaq”.