ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Azərbaycana səfəri adi diplomatik protokol hadisəsindən irəli – vaxtın, geosiyasətin və strateji zərurətin kəsişmə nöqtəsi, daha doğrusu, nidasıdır.
Vensin Bakıya gəlişi ilə Vaşinqton–Bakı münasibətlərində uzun müddət sözlə deyilən, amma sənədlə (gərəyincə) möhkəmlənməyən bir mərhələ rəsmi strateji status qazandı. Son 18 ildə ilk belə səfərin məhz indiki dönəmdə baş verməsi təsadüfi sayılmaz – bax, bu, mövcud gerçəklik və perspektivin ABŞ tərəfindən də qəbul edilməsidir.
“2008-ci ildən sonra ABŞ vitse-prezidentinin Azərbaycana səfər etməməsi siyasi boşluq yaratmışdı” kimi bir cümlə qurmaq qüsur sayılmaz. Bu boşluğu isə başqa aktorlar doldurmağa çalışmış ola bilərdi. Rəsmi Vaşinqton geri qayıdır – amma indi öncəki ortam yoxdur; özəlliklə də, Azərbaycanın Dəmir Yumruğu ilə bölgədə yaranmış yeni ortam yeni çağırışlara malikdir.
Bu dəfə ABŞ Azərbaycanı bölgənin obyekti kimi deyil, subyekti kimi qəbul edir və Strateji Tərəfdaşlıq Xartiyası imzalayır.
907 saylı sanksiyadan Strateji Tərəfdaşlıq adlı xartiyaya gələn yol, əlbəttə, asan olmamışdır. ABŞ-dəki və Yer üzündəki erməni diaspor, lobbi güclərinin dəf edilməsi asanmı olmuşdur? ATƏT-in Minsk qrupunun, hələ-hələ onun həmsədrlik institutunun tarixə qovuşdurulması da heç asan olmamışdır.
Budur, Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası ən azı üç önəmli ismarıc verir:
1. Ərazi bütövlüyü və suverenlik – bu planda açıq və birmənalı tanınma yüksək səviyyədə imzalanır;
2. Orta Dəhliz, enerji, AI, rəqəmsal infrastruktur məzmununda gələcəyin dili ilə danışılır;
3. Təhlükəsizlik və antiterror işbirliyi misalında regional sabitliyin Bakı ilə mümkün olduğu qəbul edilir.
Bu sənəd Güney Qafqazda artıq “gözləmə” modunun konkret, qəti mövqe lərlə əvəzləndiyini göstərir.
Prezident İlham Əliyevin açıq ismarıcları vardır.
Bəli, biz enerji göndərən ölkə olmaqdan çıxmışıq – artıq, enerji siyasəti quran dövlətik.
Şübhəsiz, ABŞ bunu
Avropanın enerji təhlükəsizliyi,
Asiyanın logistika arteriyaları,
rəqəmsal və süni intellekt infrastrukturu kimi anlayır.
Bu xəritənin mərkəzində məhz Azərbaycan dayanır.
Gəlin, indi ABŞ-nin siyasi hakimiyyətində respublikaçı xəttin ideoloji uyğunluq amilinə bir göz ataq.
Diqqətçəkən məqam nədir?
2008-ci ildə Bakıya təşrif buyurmuş vitse-prezident Dik Çeyni də, ondan 18 il sonra təşrif edən Ceyms Di Vens də respublikaçıdır.
Bu, təsadüf sayıla bilərmi? – Yəqin, yox. – Respublikaçı siyasi düşüncədə Azərbaycan enerji təhlükəsizliyi, sərt realizm və bölgədəki balansın təmini ilə assosiadiya olunur. Emosional demokratiya dilindənsə, maraq və güc balansı ön plandadır.
Bəs bu səfərin gizli anlamı da varmı?
Bu səfəri əgər tək bir suala cavab axtarışı saysaq, o sual budur:
“ABŞ Güney Qafqazda kiminlə işləmək istəyir?”
Cavab apaydındır:
1. Sabitlik istəyirsə – Bakı ilə,
2. Enerji təhlükəsizliyi istəyirsə – Bakı ilə,
3. Türküstana (Orta Asiyaya) güvənli çıxış istəyirsə – Bakı ilə! – Üç şərt varsa, üçü də Bakı ilə doğrulur.
Bu səfər, belə deyək, keçmişin kompensasiyasından daha üstün – gələcəyin yatırımıdır.
Azərbaycan artıq izah edən tərəf kimi görünə bilməz – çünki şərtləri formalaşdıran tərəfdir.
Və bu dəfə tərəfdaşlıq kağız üzərində qalmayıb, qanadlanıb, xəritə üzərində quruculuğa keçib.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI