Modern.az

Qərəzli suallar, prinsipial cavablar: Azərbaycandan Münxen MESAJLARI

Qərəzli suallar, prinsipial cavablar: Azərbaycandan Münxen MESAJLARI

Analitika

16 Fevral 2026, 18:04

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında uğurlu iştirakı ilə bir daha Azərbaycanın regional və qlobal gündəmdə artan rolunu nümayiş etdirdi. Dövlət başçısı həm ikitərəfli görüşlərdə, həm də panel müzakirələrdə ölkəmizin maraqlarını açıq və prinsipial şəkildə müdafiə etdi, regionda sülh və təhlükəsizliklə bağlı aydın mesajlar verdi.

Səfər çərçivəsində Prezidentin France 24 telekanalına verdiyi müsahibə isə xüsusi diqqət çəkdi. Müsahibə zamanı jurnalist Bakıda mühakimə olunan erməni separatçıları ilə bağlı suallar ünvanladı və onların əfv olunması ehtimalını gündəmə gətirdi. Bu, ilk dəfə deyil ki, Qərb mediasının nümayəndələri eyni mövzuda qərəzli və birtərəfli yanaşma nümayiş etdirirlər. Artıq neçənci dəfədir ki, suallar sanki Azərbaycan dövlətinin suveren hüquqlarını və müharibə cinayətlərinin mahiyyətini görməzdən gələn çərçivədə qurulur.

Prezident İlham Əliyev isə hər zamankı kimi konkret və sərt mövqe ortaya qoydu. O, açıq şəkildə bildirdi ki, söhbət Azərbaycan ərazisində qanunsuz separatçı rejimə rəhbərlik etmiş, uzun illər azərbaycanlılara qarşı ağır cinayətlər törətmiş şəxslərdən gedir. Onların məhkəmə prosesi şəffaf keçirilib, vəkillərlə təmin olunublar və ittihamlar şahid ifadələri ilə sübuta yetirilib. Dövlət başçısının “bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər” fikri məsələyə hüquqi və mənəvi çərçivədən yanaşmanın göstəricisi idi.

Xüsusilə diqqət çəkən məqam jurnalistin “yeni səhifə açmaq” və “jest etmək” barədə sualı oldu. Sanki müharibədə həyatını itirmiş minlərlə azərbaycanlının taleyi, işğal dövründə dağıdılmış şəhər və kəndlər, məcburi köçkün həyatı yaşamış yüz minlərlə insan unudulmalıdır. Bu cür yanaşma sualın nə qədər qeyri-normal və ədalətsiz olduğunu göstərir. Müharibə cinayətləri törətmiş şəxslərin bağışlanmasını tələb etmək, əslində, həmin cinayətlərin qurbanlarına qarşı hörmətsizlikdir.

Prezidentin Nürnberq məhkəmələrinə istinad etməsi də təsadüfi deyildi. İkinci Dünya müharibəsindən sonra nasist liderləri bağışlanmadı. Fransa öz vətəndaşlarına qarşı törədilən cinayətləri unutmadı. Məsələn, Fransanın Oradour-sur-Glane kəndi nasistlər tərəfindən yerlə-yeksan edilmiş və bu günə qədər xarabalıq şəklində saxlanılır – tarixi yaddaş və ədalətin simvolu kimi. Fransa öz faciəsini unutmur və cinayətkarları müdafiə etmir. Amma eyni yanaşma Azərbaycana gəldikdə niyə dəyişməlidir? Azərbaycanın da yüzlərlə dağıdılmış kəndi, viran qoyulmuş şəhərləri var. Onların ağrısı niyə görməzlikdən gəlinməlidir?

Bu kontekstdə Qərb mediasının qərəzli mövqeyi ilə özünü “müstəqil jurnalist” kimi təqdim edən Emin Hüseynov kimi şəxslərin ritorikası arasında paralellər aparmaq çətin deyil. Xaricdə Azərbaycan əleyhinə kampaniyalarda iştirak edən, ölkə rəhbərliyinə qarşı təxribatçı suallar və ittihamlar səsləndirən bu şəxslərin mövqeyi faktiki olaraq milli maraqlara zidd xətt təşkil edir. Müharibə cinayətkarlarının müdafiəsinə yönəlmiş ritorika düşmən mövqeyindən daha təhlükəli təsir yarada bilər, çünki o, informasiya müstəvisində ictimai rəyə təsir etməyə hesablanır.

Heç bir ölkədə prezidentə və birinci xanıma qarşı bu cür açıq təxribat xarakterli sualların normaya çevrildiyini görmürük. Lakin Azərbaycan rəhbərliyi hər dəfə olduğu kimi, bu dəfə də sakit, arqumentli və prinsipial mövqe ilə cavab verdi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın net və qətiyyətli mövqeyi bir daha göstərdi ki, Azərbaycan suverenliyinə və ədalət prinsipinə münasibətdə heç bir təzyiqi qəbul etmir, eyni zamanda təxribatçıların cavabını qısa və sarsıdıcı formada verməyə hazırdır.

Münxen konfransında baş verənlər həm Qərb mediasının qərəzli yanaşmasını, həm də informasiya müharibəsinin yeni mərhələsini açıq şəkildə nümayiş etdirdi. Lakin eyni zamanda, Azərbaycanın dövlət mövqeyinin dəyişməz və prinsipial olduğunu da bir daha təsdiqlədi.

Elnur ƏMİROV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar