Modern.az

Vardanyan həbsxanada xüsusi nəzarət altında olacaq

Vardanyan həbsxanada xüsusi nəzarət altında olacaq

Analitika

18 Fevral 2026, 13:41

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə görə təqsirləndirilərək 20 il müddətinə azadlıqdan məhrum edilən erməni oliqarx Ruben Vardanyanın cəzasını necə çəkəcəyi məlum olub.

O, cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.

Maraqlıdır, cəzanın iki hissəyə ayrılmasının səbəbi nədir? Həbsxana ilə ciddi rejimli cəzaçəkmə müəsisəsi arasında fərqlər nələrdir?

Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, cəzanın mərhələli icrası Azərbaycan qanunvericiliyində mövcud olduğu kimi, buna oxşar modellər dünyanın bir çox ölkələrində də var:

"Əvvəla vurğulamaq istərdim ki, Ruben Vardanyanla bağlı proses məntiqi sonluğa çatdı və hüququn aliliyi prinsipinə uyğun olaraq ədalət öz yerini tapdı. Bu şəxs Azərbaycan xalqına, Azərbaycana münasibətdə ağır cinayətlərə yol verib. Bütün bu hallar məhkəmənin hazırkı hökmündə öz əksini tapıb. Onun belə əməllər törətməsinə dair kifayət qədər sübutlar mövcuddur. Ruben Vardanyanın cəzanın ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimdə cəzaçəkmə müəssisəsində çəkməsi məsələsinə gəldikdə, bu, Azərbaycan Respublikası Cəzalarının İcrası Məcəlləsinə uyğun bir modelidir.

Cəzanın mərhələli icrası ilə bağlı dünyanın bir çox ölkələrində də oxşar model vardır. Bu qərar cəzanın yalnız müddətini deyil, həm də onun hansı şəraitdə, hansı rejimdə icra olunacağını müəyyən edir. Azərbaycan qanunvericiliyinə görə, azadlıqdan məhrumedilmə müxtəlif müəssisələrdə və rejimlərdə icra olunur".

Ə.Nuriyev həbsxana və ciddi rejimli cəzaçəkmə müəsisəsində məhkumluğun xüsusiyyətləri barədə də məlumat verib:

"Həbsxana tipli müəssisə ən sərt saxlanma formalarından sayılır. Bu rejimdə məhkumlar əsasən kamerada saxlanılır. Onların digər məhkumlarla təması, hərəkət imkanları, görüş və bağlama qəbul etmək hüquqları daha məhdud olur. Nəzarət səviyyəsi yüksək şəkildə saxlanılır. Belə rejim, adətən xüsusi ağır cinayətlər törədmiş və ya yüksək təhlükəli hesab olunan məhkumlar barəsində tətbiq edilir. Ruben Vardanyana elan edilən hökmdə də onun insanlıq əleyhinə müharibə cinayətləri törətmək, eyni zamanda terrorun maliyyələşdirilməsi kimi xüsusi ağır cinayətlərdə iştirakı müəyyən edilib.

Ciddi rejimli cəzaçəkmə müəssisəsi isə koloniya tipli məntəqə hesab olunur. Lakin yenə də, yüksək təhlükəsizlik rejimi saxlanılır. Belə koloniya tipli müəssisələrdə məhkumlar adətən, yataqxana korpuslarında yerləşdirilir. Onlar üçün müəyyən əmək fəaliyyəti təşkil olunur. Eləcə də burada cəza çəkən məhkumların daxili hərəkət imkanları sərbəstdir. Bir sözlə, buradakı məhkumların müəssisə ərazisində sosial əlaqələri həbsxana ilə müqayisədə nisbətən daha genişdir. Həm telefon zənglərinin sayı, həm uzunmüddətli görüşlərin sayı buradakı məhkumlar üçün daha genişdir. Bununla belə, ciddi rejim yenə də sərt nəzarət, məhdud sərbəstlik və ciddi daxili qaydalar deməkdir".

Müsahibimiz vurğulayıb ki, cəzanın iki mərhələdə icra olunması cəzaçəkmə və ya penitensiar hüquqda cəzanın fərdiləşdirməsi prinsipindən irəli gəlir:

"Bu prinsipə görə məhkəmə məhkumun törətdiyi cinayətin ictimai əhatəlilik səviyyəsini və digər halları nəzərə alaraq ilkin mərhələdə daha sərt izolyasiya təchiz edə, sonrakı mərhələdə nəzarətin adaptasiya modelini tətbiq edə bilər. Bir daha qeyd edirəm ki, bu da beynəlxalq penitensiar standartlarda qəbul olunmuş mexanizmlərdən biridir. Dünyanın hər yerində oxşar mexanizmlər vardır. Bu qərar hüquqi baxımdan hökmün ağır xarakter daşıdığını göstərir. Çünki cəzanın müəyyən hissəsinin məhz həbsxanada çəkilməsi məhkumun ilkin dövrdə yüksək təhlükəli hesab olunduğu və maksimum təhlükəsizlik rejiminin zəruri sayıldığını göstərir. Doğrudan da Ruben Vardanyanın əməllərində bu, açıq-açaq görünür və ümumiyyətlə, onun bütün fəaliyyəti də elə olub. Bu, hər halda həm istintaq, həm də məhkəmə istintaqı zamanı kifayət qədər dəlillər əsasında sübuta yetirilib. Eyni zamanda, hətta ətraf mühitlə əlaqə saxladığı zaman belə biz onun yol verdiyi əməllərdən peşman olduğunu görmürük.
Ruben Vardanyan iki xalq arasında düşmənçiliyin daha da güclənməsinə birbaşa rəvac verən, eyni zamanda silahlı qüvvələrin saxlanılmasında iştirak edən şəxslərdən biri olub. Hər halda bu, bütün məhkəmə istintaqı zamanı öz əksini tapıb. Bu baxımdan ona münasibətdə cəzanın belə sərt olması başadüşüləndir. Eyni zamanda, qanunvericilik cəzanın icrası zamanı rejimin dəyişdirilməsinə də imkan verir. Əgər məhkumun davranışı müsbət qiymətləndirilsə, intizam pozuntuları olmasa və təhlükəsizlik səviyyəsi azalarsa, daha yüngül rejim və digər hüquqi mexanizmlər də tətbiq etmək mümkündür.

Lakin bu avtomatik deyil, yalnız qanunla müəyyən edilmiş prosedurlar əsasında həyata keçirilə bilər. Xüsusilə  ağır cinayətlərə görə cəzasının dörddə üçünü çəkməlidir. Ondan sonra bu məsələyə məhkəmə baxa bilər. Belə hökm o deməkdir ki, şəxs maksimum təhlükəsiz həbsxana şəraitində saxlanmalıdır. Həbsxana rejimi özü bunu ehtiva edir. Daha sonra ciddi rejimli koloniya tipli cəzaçəkmə müəssisəsində cəzanın qalan hissəsi çəkilir. Bu, Azərbaycan penitensiar sistemində ən sərt icra modellərindən biri hesab olunur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya birləşdi - ABŞ-yə hücum hazırlığı başladı