Qloballaşan dünyada süni intellektin istifadə dairəsi və istifadəçi auditoriyası getdikcə artır. Dinindən, dilindən asılı olmayaraq hər kəs, o cümlədən müsəlmanlar süni intellektdən istifadə edirlər.
Müsəlmanların süni intellektdən istifadə edərkən nələr diqqət etməsi, bu zaman nələrin haram olduğu diqqət çəkir.
Tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a açıqlamasında bildirib ki, əslində mövzu internetə, telefona, televiziyaya və digər texnoloji vasitələrə aid olduğu kimi, süni intellektə də aiddir:
"Çünki süni intellekt sadəcə bir texnologiyadır - bir alətdir. İslamda isə əsas prinsip budur ki, hökm çox vaxt alətə görə deyil, ondan istifadə formasına görə müəyyən edilir.
Müsəlman istənilən texnoloji vasitədən, o cümlədən süni intellektdən istifadə edərkən bir neçə mühüm məsələyə diqqət etməlidir. Birinci növbədə böhtan və qeybət məsələsi gəlir. Sosial şəbəkədə süni intellekt vasitəsilə kiminsə haqqında saxta məlumat yaymaq, montaj edilmiş səs və ya görüntü paylaşmaq artıq böhtan və iftiradır. Bu isə böyük günahlardandır. İkinci mühüm məsələ yalan və aldatma ilə əlaqədardır. Süni intellektdən istifadə edərək insanları çaşdırmaq, saxta material hazırlamaq, başqasının əməyini öz adına çıxarmaq həm şəri, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Üçüncü əsas məsələ ilə əxlaqi məsuliyyətlə bağlıdır. Belə ki, əxlaqsız məzmun hazırlamaq, şiddəti təşviq edən materiallar yaratmaq və ya cəmiyyətin mənəvi dəyərlərinə zidd kontent istehsal etmək də böyük günahlardan sayılır. Texnologiya dəyişə bilər, amma günahın mahiyyəti dəyişmir".

Müsəlmanların süni intellektdən istifadə etməsi ilə bağlı Hacı Surxay Məmmədli əlavə olaraq bunları deyib:
“Ümumiyyətlə, süni intellektdən istifadə doğrudurmu?” sualına gəldikdə isə bir daha diqqətinizə çatdırım ki, tarix boyu müsəlmanlar yeni texnologiyaların əleyhinə olmayıblar. Əksinə, onların inkişafına töhfə veriblər. Məsələn, Əl-Xarəzmi riyaziyyatda inqilabi yeniliklər etdi və cəbr elmini sistemləşdirdi. İbn Sina tibbdə böyük yeniliklər gətirdi və əsərləri əsrlərlə dünya universitetlərində dərs vəsaiti kimi istifadə olundu. Onlar öz dövrlərinin “texnoloji inqilabını” idarə etdilər, ondan qaçmadılar. Elmi inkişafı təhlükə kimi deyil, imkan kimi gördülər.
Bu baxımdan süni intellekt də bir imkandır. Onu harama alət etmək olar, halala xidmət etdirmək də olar. Məsələ texnologiyada deyil, onu istifadə edən insanın niyyətində və məsuliyyətindədir".