Azərbaycan son illərin ən ciddi ekoloji çağırışlarından biri olan su qıtlığı fonunda özünün içməli su ehtiyatlarının qorunması və idarə olunması strategiyasını yeniləyir.
Ölkənin su ehtiyatlarının 70%-dən çoxunun transsərhəd çaylar hesabına formalaşması məsələni milli prioritet səviyyəsinə qaldırıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən su təhlükəsizliyi siyasəti çərçivəsində itkilərin azaldılması, müasir suvarma sistemlərinə keçid, yaşıl enerjinin hasil olunması və dəniz suyunun duzsuzlaşdırılması kimi innovativ layihələr ön plana çıxır.
"Böyük Qayıdış" proqramı çərçivəsində azad edilmiş torpaqlarda yeni su anbarlarının inşası Azərbaycanın gələcək onilliklər üçün su ehtiyatlarını sığortalamaq məqsədi daşıyır.
İçməli suyun, təqribən, 75%-i mənbəyi digər ölkələrdə olan çaylar olması ölkıdı su strategiyasını aktuallaşdırır.
Əsas su mənbələrimiz - Kür, Araz və Samur çaylarıdır. Kür və Araz çaylarının mənbəyi Türkiyə ərazisindən götürür, Samur çayı isə Rusiya Federasiyasının Dağıstan Respublikasından Azərbaycana daxil olur.
Yuxarıda sadalanan tədbirlər, əlaqəli dövlətlərarası müqavilələr, işğaldan azad olunmuş ərazilərdəki su ehtiyatlarından istifadə nikbinlik yaratsa da, əhalinin sudan istifadədə israfa yol verməsi faktları var Bu, həm də ictimai iaşə obyektlərindəki sui-istifadəyə aiddir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Modern.az-a bildirilib ki, əhalinin sudan artıq istifadəsi hallarına qarşı hələ ki, effektli mexanizm planı yoxdur:
“Vətəndaşın şəxsi evində israf etdiyi suyun miqdarını hesablayıb dəqiq rəqəmlər müəyyən etmək fiziki olaraq mümkün deyil. Agentlik sayğacdan keçən suyun istifadə olunan su kimi hesablayır. Elə bir üsul yoxdur ki, müəyyən edək, abunəçi suyu əsaslandırılmış məqsədlər üçün istifadə edir yoxsa sui-istifadə halıdır. Bunu hesablamaq qeyri-mümkündür”.
Təşkilatdan bildirilib ki, hazırda edə bildiyimiz iş yalnız maarifləndirmədir:
“Sosial şəbəkə hesablarında, jurnalistlərin sorğuları əsasında daimi təbliğat işi aparırıq”.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən ekoloq Rövşən Abbasov bildirib ki, suya qənaəti yaratmaq üçün istehsalçı və istehlakçı münasibətlərinin formalaşması mühümdür:
“Adətən, suyu satan təşkilat su istifadəsinə görə ödənişləri yığır və arxa planda nə baş verdiyi ona maraqlı olmur”.
Ekoloq deyib ki, vaxtilə su ödənişləri istifadə həcmindən asılı olmayaraq adambaşına müəyyənləşdirilən “fiks” məbləğ əsasında yığılırdı.
“Bu da ciddi problemlərə səbəb olurdu. Bəzi vətəndaşlar, ümumiyyətlə, suları bağlamırdılar. 2010-2020-ci illərdə əhali arasında su xətlərini özbaşına qoşulmaq halları kütləvi hal aldı. Bu kimi halların qarşısının alınması üçün kütləvi sayğaclaşma işləri aparıldı. Bu, sui-istifadə halının qarşısını müəyyən qədər aldı. Amma bu kifayət etmir.
Müəyyən bazar mexanizmləri tətbiq etmək lazımdır. Hazırda su daha bahalı resursdur və onun alınıb-satılmasında hər iki tərəf - istehsalçı və istehlakçı maraqlı olmalıdır".
Rövşən Abbasov qeyd edib ki, hazırki su infrastrukturu da itkiyə səbəb olur:
“Sayğaca qədər borular çox köhnəlib. Bakının elə yerləri var ki, su xətlərinin yaşı 100 ildən çoxdur. Hazırda onları dəyişmək də çətindir. Boruların yararsız olması 50%-ə qədər su itkisinə səbəb olur. Hazırda su infrastrukturunun yenilənməsi ilə bağlı dövlət proqramı var və müvafiq işlər görülür”.
Ekoloq qeyd edib ki, maarifləndirici tədbirlərdən başqa qeyd etdiyimiz kimi, suyun bazar mexanizmləri yenidən işlənməlidir:
“Tarif qiymətinin artırılması və ya hər hansı bir formada (müəyyən istifadə limitini keçdikdən sonra artırılması) effektli həll yolu ola bilər. Bundan başqa qiymətlərin müəyyənləşdirilməsində regional yanaşma tətbiq etmək olar. Abşeron, Sumqayıt, Bakı kimi ərazilərdə su ehtiyatları az olduğuna görə qiyməti digər rayonlarla müqayisədə yüksək etmək olar. Mövsumi qiymət tənzimlənməsi də məqsəduyğun olardı”.
Mütəxəssisin fikrinə görə qeyri hökumət təşkilatları, bələdiyyələr və digər yerli təşkilatlarla bu istiqamətdə əməkdaşlıq, qrantların ayrılması su sərfiyyatının idarə olunmasına töhfə verə bilər:
“Sakinlər arasında sorğu keçirmək lazımdır. Bəzi sakinlər şikayətlənirlər ki, suyun verilməsində fasilələr olur, həmçinin suyun keyfiyyəti aşağıdır.
Statistika toplayıb müəyyən etmək olar ki, abunəçi yüksək səviyyəli su təchizatının qarşılığında müvafiq (yüksək) ödəniş etməyə hazırdırmı?”
Ekoloq vurğulayıb ki, Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyində fəaliyyət göstərən əməkdaşların əksəriyyəti texniki işçilərdir:
“Agentliyin vətəndaş cəmiyyəti ilə bağlı xüsusi bir şöbəsi fəaliyyət göstərməlidir. Bu ayrıca bir sahədir və sadəcə olaraq sosial şəbəkələrdə maarifləndirici paylaşımlar etməklə həmin istiqaməti məhdudlaşdırmaq düzgün deyil. Belə şöbələrdə hidroloq, texniki işçilər yox, mütəxəssislər fəaliyyət göstərməlidir”.
Ekoloq Telman Zeynalov Modern.az – a bildirib ki, əhali sudan artıq istifadə etmir.
O çətinliyi su infrastrukturunun düzgün qurulmamasında görüb:
“Azərbaycan ərazisində 1800-ə yaxın irili-xırdalı çaylar var. Cəmi 3-4 xırda çayı birləşdirməklə anbarlar düzəltmək olar. Bununla da su çatışmazlığı heç vaxt olmaz”.
Ekoloq sosial problemə də toxunaraq qeyd edib ki, ölkədə bəzi şəxslər maddi imkanlarından istifadə edərək hektarlarla ərazini tuturlar. Yeraltı sulardan yalnız özləri istifadə edirlər və əhalini susuz qoyurlar.
Dövlət Statistika Komitəsindən Modern.az - a bildirilib ki, məişət-içməli məqsədlər üçün su istehlakına dair 2025-ci il üzrə məlumatların cari ilin may ayında yayımlanması nəzərdə tutulub.
2024-cü ildə Azərbaycanda məişət-içməli məqsədlər üçün 338 milyon kub metr su istehlak edilib.