Dünyada Ukrayna-Rusiya, ABŞ-İsrail gərginlikləri fonunda təhlükəsizlik riskləri qlobal səviyyədə getdikcə artmaqdadır. Məhz bu səbəbdən, artıq nüvə silahı ilə bağlı müxtəlif ölkələr öz siyasətlərinə yenidən baxmağı düşünür. Məsələn bir müddət əvvəl Polşa Prezidenti Karol Navrocki "Polsat News" telekanalına müsahibəsində ölkəsinin təhlükəsizlik strategiyası ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, mövcud geosiyasi şəraitdə Polşa uzunmüddətli perspektivdə öz nüvə silahına sahib olma ehtimalını nəzərdən keçirməlidir.
Prezidentin sözlərinə görə, Polşa hazırda ciddi təhlükəsizlik riskləri ilə üz-üzədir. “Polşa Respublikası silahlı münaqişə həddindədir və bu risklərin əsas səbəblərindən biri Rusiyadan qaynaqlanır”, - deyə Navrocki vurğulayıb.
Bundan əvvəl televiziya kanallarından birində sualları cavablandıran Türkiyə xarici işlər naziri Hakan Fidanın "Türkiyə nüvə silahı istehsal edəcəkmi?" sualına səssiz qalaraq, heç bir cavab verməyib.
Maraqlıdır ki, Türkiyə regional və beynəlxalq səviyyədə artan rolu baxımından nüvə silahı istehsalını nəzərdən keçirirmi?
Yıldız Texniki Universitetinin müəllimi, Beynəlxalq Strateq Cemal Zehir Modern.az-a açıqlamasında bildirib ki, Türkiyənin nüvə silahına malik olub-olmaması ilə bağlı verəcəyi qərar yalnız texniki müdafiə məsələsi ilə məhdudlaşmır:
"Bu, hüquqi, diplomatik və geostratejik nəticələri olan tarixi bir qərar olardı. Əvvəla mövcud rəsmi mövqe açıqdır. Türkiyə Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması haqqında Müqavilənin tərəfdaşıdır və nüvə sahəsindəki fəaliyyətlərinin sülhpərvər məqsədlər daşıdığını bəyan edib. Eyni zamanda ölkəmiz Beynəlxalq Atom Enerjisi Agentliyinin mexanizminə daxildir. Bu da nüvə silahı ilə bağlı hər hansı proqramın həm hüquqi, həm də siyasi baxımdan ciddi nəticələr doğuracağı anlamına gəlir. Türkiyənin nüvə sahəsində ən konkret addımı enerji təhlükəsizliyi çərçivəsində inşa edilən Akkuyu Atom Elektrik Stansiyası layihəsidir. Bu təsisat Türkiyənin artan enerji tələbini ödəməyə və xaricdən asılılığı azaltmağı hədəfləyir. Ancaq bu stansiya hərbi proqram xarakteri daşımır. Türkiyə NATO üzvüdür və Alyansın nüvədən çəkindirmə “çətiri” altındadır. Bu da dolayısı ilə Türkiyəyə nüvə təhlükəsizlik zəmanəti verir. Lakin beynəlxalq sistem son illərdə daha rəqabətli və sərt fazaya keçib. ABŞ, Rusiya və Çin nüvə arsenalını modernləşdirir. Şimali Koreya isə açıq şəkildə nüvə qabiliyyətini inkişaf etdirib. Bu mənzərə qlobal təhlükəsizlik arxitekturasının daha kövrək hala gəldiyini göstərir.Yaxın Şərqdə qüvvələr balansı da mühüm faktordur. İranın nüvə proqramı və İsrailin qeyri-rəsmi nüvə potensialı təhlükəsizlik anlayışan təsir edir. Bu fonda bəzi strateqlər Türkiyənin ən azı “nüvə eşik qabiliyyəti” (nuclear threshold capacity-red) formalaşdırmasının vacibliyini müdafiə edirlər. Ancaq bu, açıq silah proqramı deyil, yüksək texnoloji infrastrukturun və elmi potensialın artırılması deməkdir. Beləliklə, ölkə beynəlxalq öhdəliklərini pozmadan strateji çeviklik əldə edə bilər".
Ekspert nüvə silahı ilə bağlı qərar veriləcəyi təqdirdə Türkiyənin hansı risklərlə üzləşə biləcəyindən də danışıb:
"Açıq nüvə silahı proqramının xərcləri son dərəcə yüksəkdir. Digər yandan aşağıdakı risklərlə üzləşə bilərik:
-İqtisadi sanksiyalar
-Diplomatik təcrid
-NATO ilə gərginlik
-İnvestisiya mühitinin zədələnməsi
Türkiyənin son illərdəki müdafiə strategiyası yüksək texnologiyalı konvensional çəkindirmə üzərində qurulub. PUA/SİHA sistemləri, hava hücumundan müdafiə kompleksləri və müdafiə sənayesinə investisyalar regional səviyyədə ciddi hərbi üstünlük formalaşdırıb. Bu, nüvə silahı olmadan da effektiv çəkindirmə yaradır.
Hazırda Türkiyə üçün üç ssenari var:
-Mövcud model: NATO + dinc nüvə enerji siyasəti
-Nüvə eşik qabiliyyəti: Texnoloji baza var, lakin silah yoxdur
-Açıq nüvə silahı proqramı: Yüksək riskli və baha başa gələn seçim
Hazırkı reallıqda Türkiyə birinci ssenari içərisindədir. Strateji baxımdan isə ikinci ssenari-texnoloji potensialı artırmaq bir çox ölkənin üstünlük verdiyi “boz zona” yanaşmasıdır.
“Türkiyənin nüvə silahına sahib olması zəruridirmi?” sualının cavabı isə aşağıdakı amillərdən asılıdır:
-NATO-nun gələcəyi
-İranın nüvə statusu
-ABŞ-Türkiyə təhlükəsizlik münasibətləri
-İsrailin nüvə siyasətində mümkün açıq və sərt mövqe
-Regional güc balansı.
Hazırki şərtlər daxilində hüquqi və siyasi xərclər olduqca yüksəkdir və mövcud təhlükəsizlik arxitekturası bunu zəruri etmir. Lakin beynəlxalq sistem daha da sərtləşərsə, bu müzakirə gələcək illərdə daha geniş gündəmə gələ bilər. Türkiyə üçün ən rasional yol-dinc nüvə texnologiyalarında səriştəni artırmaq və strateji çevikliyi qorumaqdır".