Bu gün 20 fevral, Ramazan ayının 2 günüdür.
Oruc tutmaq müsəlmanlığın 5 şərtindən biri kimi qeyd olunur. Bu zaman tək yemək-içmək yasaqlanmır. Birmənalı olaraq qadağan edilən 10-a yaxın hallardan başqa bir sıra mübahisəli vəziyətlər də var. Bu əməllərin orucu pozub-pozmaması haqda şübhələr yaranır.
Mövzu ilə bağlı Modern.az - a danışan Pirallahı rayon məscidinin imamı Mübariz Rəhimov deyib ki, oyun oynamaq, musuqi dinləmək, rəqs etmək kimi zövq verən əməllər orucu pozmur lakin ibadətin savabını azaldır.
Ətir istifadəsi mövzusuna toxunan ilahiyyatçı qeyd edib ki, burada iki fərqli hal – “parfüm” və gül ətri qoxulamaq olsa da eyni hökmü vermək mümkündür:
"Gül qoxulamaq olar. Hədislərdə var ki, oruc tutan şəxsin bir tək nərgiz gülünü qoxulaması "məkruhdur". Yəni orucu pozmur amma bəyənilən də deyil. Lakin ətirdən istifadə etmək heç bir halda orucu pozmur. Hətta insan cəmiyyət arasında olanda xoş qoxusu olması üçün ətirdən istifadə etməlidir”.
İmam aşağıdakıların orucu pozduğunu qeyd edib:
1. Yemək və içmək; 2. Cima; 3. İstimna. İstimna, yəni özü ilə məninin xaric olmasına səbəb olan bir iş görsə və ya başqası ilə cimadan geyri bir iş etməklə məni xaric etməsinə deyilir; 4. Ehtiyat-vacibə əsasən Allaha, Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) və Peyğəmbərin canişinlərinə (ələyhimus-salam) yalan isnad vermək (onların adından yalandan bir söz demək); 5. Ehtiyat-vacibə görə tozu boğaza yetişdirmək; 6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq; 7. Axıcı şeylərlə imalə etmək; 8. Qəsdən qusmaq.