Ötən gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda baş verən təxribat koordinasiyalı informasiya-təxribat əməliyyatının növbəti epizodu idi.
Azərbaycan Prezidenti İlham Əliyevin qaldığı otelin qarşısına toplaşan bir qrup şəxs qışqırıqlar və aqressiv davranışlarla diqqət çəkməyə çalışdı.
Onlar adlarına görə azərbaycanlı ola bilərlər, lakin davranışlarına görə milli maraqlardan uzaq düşmüş ünsürlərdir. Bu hadisənin arxasında anti-milli koalisiyalaşma kimi anlayışlar açıq şəkildə müşahidə olunur.
Məsələnin mahiyyətinə varmaq üçün əvvəlcə bir sual vermək lazımdır, dünyada hansı erməni Qarabağın azad edilməsini istəyib? Reallıqlar illər boyu aparılan separatçı kampaniyalar, işğalın legitimləşdirilməsi cəhdləri və beynəlxalq platformalarda anti-Azərbaycan ritorikası bunun əksini sübut edir. Bir nəfər də olsun erməni siyasi dairələrindən Qarabağın Azərbaycanın suverenliyi çərçivəsində azadlığını müdafiə etməyib.
Azərbaycan isə beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarını işğaldan azad etdi. Bu fakt artıq mübahisə predmeti deyil, regional geosiyasi reallıqdır.
Bəs erməni lobbisi niyə Paşinyanın qaldığı otelin qarşısına toplaşmır? Niyə Ermənistan rəhbərliyinə qarşı eyni aqressiya nümayiş etdirilmir? Cavab aydındır. Çünki hədəf Ermənistan hakimiyyəti deyil, Azərbaycan dövlətçiliyidir. Burada məqsəd “post-münaqişə reallığını” gözdən salmaq və informasiya mühitində süni gərginlik yaratmaqdır.

Təsadüfi deyil ki, Vaşinqtondakı həmin aqressiv aksiyaya ilk reaksiya və dəstək ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı ANCA tərəfindən gəldi. ANCA illərdir anti-Azərbaycan kampaniyalarının ideoloji və maliyyə dayağı kimi çıxış edir. Bu təşkilatın fəaliyyəti “etnik lobbiçilik” modelinin klassik nümunəsidir. Onun əsas hədəfi Azərbaycanı beynəlxalq müstəvidə təcrid etmək, regional layihələrə kölgə salmaq və erməni narrativini dominant informasiya xəttinə çevirməkdir.
ANCA-dan dərhal sonra səsini çıxaran Frenk Pallone oldu. Bu ad Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır.
Pallone 907-ci düzəlişin müəlliflərindən biridir. O, hər zaman Xocalı soyqırımını inkar edən mövqe nümayiş etdirib. Vaxtilə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib. Onun fəaliyyəti sistemli şəkildə anti-Azərbaycan xətt üzərində qurulub.
Pallonenin erməni lobbisi ilə sıx əlaqələri, siyasi maliyyələşmə mexanizmləri və qərarvermə proseslərində təsir şəbəkələri artıq beynəlxalq ekspert dairələrində müzakirə mövzusudur. Menendez hadisəsi göstərdi ki, lobbiçiliklə korrupsiya arasında sərhəd çox vaxt formal xarakter daşıyır. Araşdırılsa, oxşar mexanizmlərin başqa fiqurlar üzərində də işlədiyi üzə çıxa bilər.

Vaşinqtondakı aksiya məhz bu şəbəkənin sinxron fəaliyyəti idi. Anti-milli ünsürlər şovinist erməni dairələri ilə eyni cəbhədə yer aldılar. Onların ritorikası, şüarları və davranış üslubu eyni mərkəzdən idarə olunan informasiya kampaniyasını xatırladırdı. Bu fərdi narazılıq maskasında “transmilli təzyiq texnologiyası”dır.
Böyük beynəlxalq tədbirin keçirildiyi gün belə bir aksiyanın təşkili təhlükəsizlik baxımından da riskli idi. ABŞ-ın təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaq cəhdi göstərildi. Otelin ətrafında təhlükəsizlik perimetrini zorla keçmək istəyi qeydə alındı. Aqressiv ifadələr və təhrikedici davranışlar nümayiş etdirildi. ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən bu cəhdlərin qarşısı alındı. Bu faktın özü göstərir ki, hadisə planlı eskalasiya cəhdi idi.
Burada “simvolik hədəf seçimi” anlayışı ön plana çıxır. Prezident dövlətin atributudur. Dövlət başçısına qarşı xaricdə yönəlmiş aqressiya əslində dövlətə qarşı açıq düşmənçilikdir.
Azərbaycan öz torpaqlarını azad edəndən sonra anti-milli ünsürlərin fəallaşması da diqqət çəkir. Çünki hərbi-siyasi məğlubiyyətlə barışa bilməyən dairələr informasiya müharibəsi müstəvisinə keçiblər. Bu mərhələni “post-məğlubiyyət revanşizmi” adlandırmaq olar. Onlar daxildə və xaricdə koordinasiya olunmuş şəkildə hərəkət edirlər.
Daxildə Mehdiyev-Kərimli qrupu Qarabağın azad edilməsinə görə sevinc və qürur ifadə etmədi.Qrabağın, Şərqi Zəngəzurun işğaldan azad olunması milli birlik anı idi. Lakin bu siyasi fiqurlar susqunluq nümayiş etdirdi. Səbəb sadədir, onların siyasi ritorikası milli maraqlara qarşı olan situativ konfiqurasiya ilə formalaşıb.

Vaşinqtondakı ünsürlər də həmin xəttin xarici qırıntılarıdır. Onlar informasiya manipulyasiyasının icraçılarıdır. Adları azərbaycanlı olsa da, fəaliyyətləri ANCA narrativi ilə üst-üstə düşür. Bu isə artıq “identik deformasiyası” deməkdir. Yəni etnik kimliklə siyasi davranış arasında dərin ziddiyyət yaranıb.
Belə hallarda hüquqi mexanizmlər işə düşməlidir. Əgər həmin şəxslərin Azərbaycan vətəndaşlığı varsa, məsələ araşdırılmalıdır. Vətəndaşlıq təkcə hüquq nalmala yanaşı, həm də məsuliyyətdir. Dövlətə qarşı açıq düşmənçilik edən şəxslərin statusu hüquqi müstəvidə qiymətləndirilməlidir. Konkretləşdirsək, onların aralarında azərbaycanlı varsa, mütləq bu vətəndaşlıq ləğv edilməlidir. Çünki bu ünsürlər bütüöv vətəndaşlara qarşıdılar.
Cəmiyyət də informasiya baxımından ayıq olmalıdır. Xalq düşmənini tanımalıdır. Bu, milli təhlükəsizlik məsələsidir. İnformasiya müharibəsi dövründə “reputasiya hücumu” ən təhlükəli silahlardan biridir. Dövlətə qarşı yönəlmiş kampaniyalar çox vaxt daxili elementlərin iştirakı ilə effektiv olur.
Tarix yaddaşı formalaşdırılmalıdır. Anti-milli fəaliyyət göstərən şəxslərin siyahısı hüquqi çərçivədə müəyyənləşdirilməli və ictimaiyyətə təqdim olunmalıdır. Gələcək nəsillər bilməlidir ki, hansı dövrdə kim hansı mövqedə dayanıb.
Azərbaycan artıq yeni geosiyasi mərhələyə daxil olub. Regional güc balansı dəyişib. Qarabağ məsələsi bağlanıb. İndi əsas vəzifə post-münaqişə sabitliyini möhkəmləndirməkdir. Bu mərhələdə anti-milli şəbəkələrin dezinformasiya cəhdləri daha da arta bilər. Ona görə də dövlət və cəmiyyət sinxron fəaliyyət göstərməlidir.
Nəticə etibarilə, Vaşinqtondakı hadisə bir daha göstərdi ki, mübarizə yalnız cəbhə xəttində aparılmır. Bu gün mübarizə informasiya məkanında, diplomatik platformalarda və ictimai rəy səviyyəsində davam edir. Anti-milli ünsürlər və xarici lobbi dairələri koordinasiyalı şəkildə hərəkət edir. Lakin Azərbaycan cəmiyyəti artıq siyasi yetkinlik mərhələsindədir.
Xalq kimin harada dayandığını görür. Dövlət öz suverenliyini təmin edib. İndi isə növbə milli həmrəyliyin dərinləşdirilməsinə, informasiya təhlükəsizliyinin gücləndirilməsinə və anti-milli şəbəkələrin ifşasına çatıb.
Azərbaycan öz torpaqlarını azad edib. Bu tarixi reallıq dəyişməzdir. Heç bir təxribat, heç bir lobbi kampaniyası bu gerçəyi kölgələyə bilməz. Dövlətə qarşı yönəlmiş hər addım hüquqi və siyasi müstəvidə cavabını almalıdır.
Çünki Prezidentə qarşı təxribat dövlətə hücumdur. Dövlətə qarşı hücum birmənalı olaraq xalqın iradəsinə qarşı çıxmaqdır. Xalq isə artıq öz iradəsini ortaya qoyub. Bu iradə milli suverenlik, müstəqil siyasət, qalib Azərbaycanın iradəsidir.
Odur ki, bu ünsürlərin adları xalq düşməni kimi rəsmi və qeyri rəsmi formada elan edilməlidir. Kitablara, dərsliklərə salınmalıdır.

Səbəbləri diqqətə çatdıraq.
Dövlətin atributuna qarşı edilən hər hücum birbaşa milli iradəyə qarşı yönəlmiş siyasi təxribat, xaricdə Azərbaycan Prezidentinə qarşı səslənən hər təhqir, əslində Azərbaycanın suverenliyinə atılan daşdır.
Öz xalqının qələbəsini həzm edə bilməyənlər tarix qarşısında siyasi marginal kimi qalacaqlar. ANCA-nın sifarişləri ilə hərəkət edənlər xarici təsir agenturasının elementləridirlər. Qarabağın azadlığı ilə barışmayan hər kəs faktiki olaraq işğalçıdır. Bu cür aksiyalar söz azadlığı pərdəsi altında gizlənən planlı reputasiya sabotajıdır. Milli maraqları xarici dairələrin maraqlarına dəyişənlər xalqın düşənləridirlər. Prezidentə qarşı yönəlmiş aqressiya dövlət institutlarını zəiflətmək cəhdidir və bu, hüquqi qiymət almalıdır. Anti-milli şəbəkələr bilməlidirlər ki, informasiya müharibəsində də qalib tərəf Azərbaycanın özüdür. Dövlətinə qarşı xarici paytaxtlarda kampaniya aparanlar milli xəyanətin tərəfində dayanırlar. Azərbaycan torpaqlarını azad edib və bu reallığı qəbul etməyənlər siyasi iflasın son mərhələsindədirlər. Milli kimlikdən sui-istifadə edərək dövlətə qarşı çıxmaq ən təhlükəli ikiüzlülük formasıdır. Dövlətə qarşı koordinasiyalı hücumların arxasında duran maliyyə və təsir şəbəkələri tam ifşa olunmalıdır. Azərbaycan xalqı artıq kimin milli mövqedə, kimin isə anti-milli cəbhədə dayandığını aydın görür.
Bu mövqe sahiblərinə başqa nə ad vermək olar. Aydın görünür ki, bu antimilli ünsürlər təşkilatı və maddi tərəfdən ANCA tərəfindən yönləndirirlər.
Elnur ƏMİROV