Modern.az

İran-ABŞ danışıqları: Güneylilər gözləmə mövqeyindədir

İran-ABŞ danışıqları: Güneylilər gözləmə mövqeyindədir

Analitika

23 Fevral 2026, 15:11

ABŞ-İran münasibətlərin hər ötən gün daha da kəskin xarakter alır. ABŞ ilə İran arasında fevralın 6-da Omanda keçirilən görüşə baxmayaraq, ABŞ tərəfindən İrana qarşı sərt açıqlamalar verilir. Hətta razılıq olmadığı halda İranın darmadağın ediləcəyi də bildirilir.

İranda baş verənlər region, o cümlədən Azərbaycan üçün önəmlidir. Çünki orada milyonlarla soydaşımız yaşayır. 

Marqlıdır ki, son baş verənlərlə bağlı soydaşlarımız nə düşünür? Prosesi necə izləyirlər?

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, burada bir neçə mühüm məqamdan danışmaq olar:

“Söhbət Güney Azərbaycanın hazırda İran adlanan ölkədə gedən ictimai-siyasi proseslərə münasibətindən gedir. Hazırkı vəziyyət kifayət qədər gərgin və qeyri-müəyyəndir. Regionda artan hərbi ritorika, ABŞ-ın sərt bəyanatları və hərbi donanmasını İran ətrafına cəmləşdirməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. İnsanlar real müharibə ehtimalını nəzərə alaraq vəziyyəti diqqətlə izləyirlər.

Gözlənti ondan ibarətdir ki, İran rejimi geri çəkilməyəcək. ABŞ tərəfi təzyiqləri artıraraq rejimi şərtlərini qəbul etməyə məcbur etmək istəsə də, mövcud siyasi davranış göstərir ki, Tehran geri addım atmaq niyyətində deyil. Rejimin öz hesablamasına görə, ABŞ təzyiqləri davam etdirəcək, lakin birbaşa hərbi müdaxiləyə getməyəcək. Buna baxmayaraq, cəmiyyət daxilində müharibə ssenarisi daha real variant kimi müzakirə olunur”.

S.İsabəylinin sözlərinə görə, Güney Azərbaycanda da insanlar gözləmə mövqeyindədirlər:

“Lakin bu, passiv gözlənti deyil. Müxtəlif şəhərlərdən daxil olan məlumatlara görə, mümkün hərbi vəziyyətə hazırlıq işləri aparılır. Ailələr zəruri ərzaq ehtiyatı toplayır, dərman və tibbi vasitələr əldə edir, elektrik enerjisinin kəsilməsi ehtimalına qarşı alternativ hazırlıqlar görürlər. Bu, qorxu psixologiyasından daha çox ehtiyat və rasional yanaşmadı.

Eyni zamanda, əsas müzakirə mövzusu budur: əgər rejim çökərsə və ya genişmiqyaslı müharibə baş verərsə, Güney Azərbaycan necə davranmalıdır? Aparılan müşahidə və sorğular göstərir ki, əhali arasında əsas fikir ondan ibarətdir ki, belə bir vəziyyətdə Güney Azərbaycan öz taleyini özü həll etməlidir. Yəni İran-ABŞ qarşıdurmasında Azərbaycan türkləri tərəf olmamalı, öz milli maraqlarını əsas götürməlidirlər.

Son proseslər göstərir ki, Güney Azərbaycanda həm fərdi təhlükəsizlik baxımından, həm də gələcək siyasi perspektivlə bağlı düşünülmüş hazırlıq aparılır. Əsas müzakirə istiqaməti milli müqəddəratın təyin olunması məsələsidir”.

S.İsabəyli Tehranda baş verən tələbə etirazlarından da danışıb:

“Tehranda baş verən tələbə etirazlarına gəldikdə, bu aksiyalar əsasən müxtəlif siyasi cərəyanların, xüsusilə respublikaçı yönümlü qrupların və qismən də Rza Pəhləvi tərəfdarlarının təşəbbüsü ilə keçirilib. Qarşı tərəfdə isə rejimə bağlı qüvvələr,  xüsusilə də, bəsic dəstələri səfərbər olunub və qarşıdurmalar yaşanıb. Məlumatlara görə, etirazlarda iştirak edən tələbələrin ailələrinə təzyiq zəngləri olunub. Etirazlarda türksoylu şəxslərin iştirakı istisna edilmir. Lakin bu, Güney Azərbaycanlı tələbələrin təşkilatlanmış və genişmiqyaslı şəkildə həmin prosesə qoşulduğu anlamına gəlmir. Ümumilikdə nə rejim, nə də özünü alternativ kimi təqdim edən siyasi qüvvələr Güney Azərbaycanın milli hüquqlarını gündəmə gətirirlər.

Güney Azərbaycan illərdir ana dilində təhsil, mədəni hüquqlar və siyasi təmsilçilik məsələlərini qaldırır. Lakin bu tələblər sistemli şəkildə rədd edilir, milli fəallar həbs olunur, bəzilərinə ağır ittihamlar irəli sürülür, hətta ölüm hökmü ilə üzləşənlər var. Bu şəraitdə Güney Azərbaycanın mövcud rejimə etimad göstərməsi mümkün deyil.

Digər tərəfdən, özünü alternativ kimi təqdim edən bəzi siyasi qüvvələrin də Azərbaycan türklərinə münasibəti birmənalı deyil. Onlar məsələyə milli hüquqlar prizmasından deyil, vahid vətəndaşlıq çərçivəsindən yanaşır, ana dilində təhsil kimi tələbləri prioritet hesab etmirlər və Milli Azadlıq Hərəkatının tələblərini ölkənin parçalanması kimi qiymətləndirirlər.

Belə bir mənzərədə Güney Azərbaycanda əsas yanaşma budur: əgər ölkə daxilində ciddi siyasi çöküş və ya xarici hərbi müdaxilə baş verərsə, Azərbaycan türkləri öz milli müqəddəratının təyin olunması istiqamətində hərəkət etməlidir. Milli səfərbərlik, tarixi ərazilərin qorunması və gələcəyin öz iradəsi ilə müəyyənləşdirilməsi əsas prioritet kimi müzakirə olunur.

Nəticə etibarilə, Güney Azərbaycan nə rejimin yanında dayanır, nə də alternativ qüvvələrin çağırışlarına qeyd-şərtsiz qoşulmağa meyllidir. Mövqe aydındır: proseslər diqqətlə izlənilir, təhlil edilir və milli maraqlar əsasında siyasi xətt müəyyənləşdirilir. Gözləmə mövqeyi var, lakin bu, passivlik deyil - şərtlərə uyğun strateji hazırlıq mərhələsidir”.

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı