Modern.az

Rusiya Cənubi Qafqazdan getmək istəmir - dəmir yolu şantajı

Rusiya Cənubi Qafqazdan getmək istəmir - dəmir yolu şantajı

Analitika

Bu gün, 13:24

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın regional nəqliyyat layihələrinin həyata keçirilməsində problemlərin qarşısını almaq üçün Rusiyaya  dəmir yolunun idarəsini üçüncü bir ölkəyə güzəşt etmək təklifinə münasibət bildirib. O, Nikol Paşinyanın Rusiyanın balansında olan Ermənistan dəmir yollarını hər iki ölkəyə dost üçüncü tərəfə satması barədə təklifini pisləyib. 

Şoyqu Ermənistan hakimiyyətinin istəyini "pis düşünülmüş" bir qərar adlandırıb və belə bir addım atılacağı təqdirdə, mövcud sistemin bir gecədə çökə biləcəyini bildirib.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtsadi siyasət, sənaye və ahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, Ermənistan beynəlxalq kommunikasiya layihələrində iştirak etməyə çalışır:

“Uzun illərdir ki, bütün layihələrdən kənarda qalan İrəvan regional nəqliyyat layihələrinin həyata keçirilməsində problemlərin qarşısını almaq üçün Rusiyaya Ermənistan dəmir yolunun idarəsini üçüncü bir ölkəyə güzəşt etmək təklifini edib.

Baş nazirin həm Ermənistan, həm də Rusiya ilə yaxşı münasibətlər saxlayan ölkələr kimi mümkün namizədlər arasında Qazaxıstan, BƏƏ və Qətərin adını çəkməsi də təsadüf deyil. Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın dəmir yollarının konsessiya idarəçiliyinin Rusiya tərəfindən İrəvan və Moskva üçün dost ölkəyə satılmasını təklif etməsi, əslində, məsələni yumşaq ritorika ilə həll etmək cəhdidir.

Ümumiyyətlə bu iki ölkə arasındakı dəmiryol xəttinin nəzarəti Cənubi Qafqaz ölkələrinə də həvalə edilə bilərdi, lakin Rusiyanın hazırda region dövlətləri ilə münasibətləri yaxşı deyil. Azərbaycan və Rusiya münasibətləri də müəyyən mənada soyuqlaşma var. Amma Moskva heç bir halda güzəştə getmək istəmir.

Nikol Paşinyanın da qeyd etdiyi kimi Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunması səbəbindən strateji və rəqabət üstünlüklərini itirir.

Rusiya tərəfi isə Ermənistan dəmir yollarının üçüncü ölkəyə verilməsi ilə bağlı təklifləri "yolverilməz" adlandırıb. Moskvanın mövqeyinə görə hər iki tərəf  mövcud öhdəliklərinə sadiq qalır və bu istiqamətdə hər hansı dəyişiklik gündəmdə deyil”.

Deputatın fikrincə, Ermənistan dəmir yollarının idarəçiliyinin Rusiyanın nəzarətində qalması regionda kommunikasiya xətlərinin açılması prosesinə təsir göstərməyəcək:

“Bu vəziyyətin birbaşa və əsas təsiri daha çox Ermənistanın özünə yönəlmiş olacaq. Hazırda Rusiya Ermənistanın potensial tranzit imkanlarını obyektiv şəkildə məhdudlaşdıran amil kimi çıxış edir.

Əslində Moskvanın bu mövqeyi Cənubi Qafqazda təsir imkanlarını qorumaq strategiyasından irəli gəlir. Kommunikasiya şəbəkələri yalnız ticarət demək deyil, eyni zamanda siyasi təsir mənası da daşıyır. Dəmir yollarının idarəetməsində Ermənistanın öz suveren qərarvermə imkanlarını nə dərəcədə qoruya biləcəyi mübahisəli məsələdir. Düşünürəm ki, Rusiya digər məsələlərdə olduğu kimi bunda da öz radikallığını qoruyacaq”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Ermənistan dəmir yollarının Rusiyanın nəzarətində olmasının Zəngəzur dəhlizinə təsirinin olmadığını qeyd edib:

“Ermənistan dəmir yollarının konsessiyası Ermənistanın öz daxili məsələsidir. Konssesiyanın müddəti 2008-ci ildən 2038-ci ilə qədərdir. Bu müddət razılıq olacağı təqdirdə 10 il də uzadıla bilər. Bəli, Ermənistan hökuməti yeni şərtlər səsləndirib. Ermənistanın hazırki məqamda hansı qərarı qəbul edəcəyi, artıq onun daxili işidir. Ümumiyyətlə isə dəmir yollarının Rusiyanın nəzarətində olmasının  Zəngəzur dəhlizi ilə əlaqəsi yoxdur. Zəngəzur dəhlizi olan hissə Sovet dövründə Azərbaycan dəmir yolunun tabeliyində olub. Hazırda TRIPP layihəsi çərçivəsində Ermənistan və ABŞ tərəfindən həmin dəhliz bərpa olunacaq. Bir sözlə, Rusiyanın Ermənistan dəmir yollarına nəzarətinin konkret Zəngəzur dəhlizinin yerləşdiyi  hissəyə təsiri yoxdur. Amma ümumi şəbəkənin Rusiya Dəmir Yollarının tərkibində olması Ermənistan qanunvericiliyi ilə nizamlanacaq”.

R.Ağamirzəyev Ermənistanın dəmir yolları ilə bağlı konssesiya təklifinin arxasında duran səbəbləri isə belə izah edib:

“Ermənistanda bəzi istiqamətlər üzrə bərpa işlərinin gözləntilər var. Bunlar Gümrü-Qars, Yerarx-Sədərək və Qazax-İcevan istiqamətləridir. Təbii ki, bu istiqamətlərdə  hələki real heç bir iş görülmür. Hazırda bütün müzakirələr bu məsələlər üzərində gedir. İşlərin getməməsi səbəbindən Ermənistan tərəfi səsləndirilmişdi ki, bizə dost ölkələr konssesiyanı öz üzərlərinə götürə bilər. Burada Qazaxıstan, Qətər və BƏƏ-nin adının çəkilməsi təsadüfi deyil”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama