Ermənistan iyunun 7-də keçiriləcək taleyüklü parlament seçkilərinə hazırlaşarkən, ölkənin siyasi gündəmi gözlənilməz bir xəbərlə sarsıldı. Baş nazir Nikol Paşinyanın uzun illər siyasi və şəxsi həyatda birlikdə addımladığı, ölkənin birinci xanımı sayılan Anna Akopyanın boşanma qərarı verdiyi barədə videomüraciəti yayımlandı. Bu hadisə sadə bir ayrılıq deyil, Paşinyanın reputasiyasını hədəf alan dəqiq hesablanmış siyasi manevr kimi qiymətləndirilir.
Çünki seçkilərə 3 ay qalmış belə bir xəbərin yayılması təsadüfi ola bilməz. Paşinyan üçün ailə obrazı həmişə "xalqın adamı" imicinin əsas tərkib hissəsi olub. Akopyanın bu addımı Paşinyanın ən güclü müdafiə xəttini daxildən dağıtmaq məqsədi daşıyır. Əminliklə demək olar ki, bu boşanma Paşinyanın elektoratı qarşısında onun mənəvi və liderlik nüfuzuna birbaşa zərbədir.
Ən diqqətçəkən tərəfi Anna Akopyanın yeni siyasi seçimi ilə bağlıdır. Məlumatlara görə, Akopyan artıq Rusiyada milyarder adı qazanmış "Taşir" qrupunun rəhbəri, hazırda istintaq altında olan və Ermənistan baş nazirliyinə real namizəd kimi görülən Samvel Karapetyanı dəstəkləyir.

Rusiya vətəndaşı olan Karapetyanın Ermənistan siyasətində çəkisinin artması Akopyanın onun düşərgəsinə keçməsi ilə yeni bir müstəviyə qalxır. Yaxın günlərdə Akopyanın rəsmən Karapetyanı dəstəkləyəcəyini elan etməsi gözlənilir ki, bu da Paşinyan üçün "arxadan vurulan xəncər" effektini verəcək.
Akopyanın bu addımı onun Paşinyana qarşı ilk soyuqluğu deyil. Tarixi faktlar xatırladır ki, Paşinyanın siyasi fəaliyyəti dövründə, xüsusən də həbsdə olduğu çətin vaxtlarda Anna Akopyan ona gözlənilən mənəvi dəstəyi nümayiş etdirməmiş, onu siyasi tənhalıqda buraxmışdı. Bu gün baş verənlər həmin illərin və soyuq münasibətlərin məntiqi yekunu kimi görünür.
Anna Akopyan və Nikol Paşinyan uzun illər rəsmi nikah olmadan, vətəndaş nikahında yaşayıblar. Bu müddət ərzində Akopyan Paşinyanın siyasi karyerasının bütün qaranlıq məqamlarına, qapalı qapılar arxasında verilən qərarlara və şəxsi zəifliklərinə şahidlik edib.

Akopyanın yaxın günlərdə Paşinyan barəsində ciddi kompromatlar açıqlayacağı ehtimalı yüksəkdir. Uzun illərin sirlərinin açılması seçicilərin rəyinə təsir edə biləcək ən təhlükəli silahdır. Bu kontekstdə Anna Akopyanın “Mənim addımım” fondunun rəhbəri kimi cinayət məsuliyyətinə cəlb olunmaq riski barədə danışması isə siyasi manipulyasiya olaraq qəbul edilməlidir.
O bununla Nikol Paşinyanın bütün addımlarını neytrallaşdırmış olur.
Tarixdə dövlət başçılarının həyat yoldaşlarının onlara qarşı çıxması və ya reputasiyasına zərbə vurması nadir olsa da, sarsıdıcı nəticələr verib:
Cənubi Afrika Respublikasının lideri Nelson Mandela və Vinni Mandela cütlüyün ayrılması və Vinninin qalmaqalları Mandelanın imicinə qısa müddətlik təsir etsə də, o, xalqın sevgisini qoruya bilmişdi.
Fransa prezidenti Nikola Sarkozi isə 2007-ci ildə Sarkozi prezident seçildikdən cəmi 5 ay sonra Sesiliya Siqaner-Albenizdən boşanmışdı. Bu, Fransa tarixində bir ilk idi və Sarkozinin "hər şeyə nəzarət edən lider" imicini ciddi sarsıtmışdı.

Anna Akopyanın vəziyyəti isə daha kəskindir, çünki o, sadəcə boşanmır, həm də rəqib namizədin tərəfinə keçir.
Bütün bu daxili sarsıntılara, Akopyanın xəyanətinə və Karapetyan faktoruna baxmayaraq, Paşinyanın seçkilərdən məğlub ayrılacağını söyləmək yanlış olardı.
Avropa İttifaqı Ermənistanın Qərbə inteqrasiya xəttini qorumaq üçün Paşinyanı "vazkeçilməz" hesab edir. Azərbaycan-Ermənistan normallaşması fonunda Ağ Ev üçün də müəyyən siyasi aktiv qazanan siyasi və diplomatik dəstəyi Paşinyan üçün bu fırtınada əsas xilas kəməridir.

Paşinyan 7 iyun seçkilərindən ciddi reputasiya itkiləri ilə, "yaralı" bir lider kimi çıxsa da, Qərbin dəstəyi və inzibati resurslar hesabına hakimiyyətini qoruya biləcəyi proqnozlaşdırılır.
Anna Akopyanın bu gedişi Ermənistanın siyasi tarixində "ən böyük ailə xəyanəti" kimi qalacaq. Lakin Paşinyan bu şəxsi və siyasi böhranı adlamaq üçün geniş manevr imkanlarına malikdir.
Modern Analitik Təhlil və Araşdırma Qrupu