İran Yaxın Şərqin ən geniş diplomatik şəbəkəsinə malik ölkələrdən biridir. Rəsmi Tehran 100-dən artıq dövlətdə səfirliklə təmsil olunsa da, BMT-yə üzv olan bütün ölkələrdə daimi diplomatik nümayəndəliyə sahib deyil. Bəzi ölkələrlə münasibətlər tamamilə kəsilib, digərlərində isə səfirlik açılmayıb və əlaqələr qeyri-rezident səfirlər vasitəsilə həyata keçirilir.
Modern.az İranın səfirliklərinin və daimi diplomatik nümayəndəliklərinin olmadığı ölkələrə nəzər salıb.
İsrail
İranın İsraildə heç bir diplomatik nümayəndəliyi yoxdur. 1979-cu il İslam İnqilabından sonra Tehran İsraili dövlət kimi tanımadığını bəyan edib və iki ölkə arasında diplomatik münasibətlər tamamilə kəsilib. Bu gün də rəsmi əlaqə mövcud deyil.
ABŞ
1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsi ilə nəticələnən böhrandan sonra iki ölkə arasında diplomatik münasibətlər dayandırılıb.
Hazırda İranın Vaşinqtonda səfirliyi yoxdur. İranın maraqları ABŞ-də Pakistan səfirliyi vasitəsilə təmsil olunur. Bu, Tehran-Vaşinqton xəttində ən uzunmüddətli diplomatik qırılmalardan biri hesab edilir.
Kanada
Kanada 2012-ci ildə İranla diplomatik münasibətləri dayandırdığını açıqlayıb. Həmin vaxtdan qarşılıqlı səfirliklər bağlanıb və indiyədək bərpa olunmayıb.
Bəhreyn
Bəhreynlə İran arasında münasibətlər siyasi və təhlükəsizlik səbəbləri ilə bir neçə dəfə gərginləşib. Diplomatik əlaqələr kəsilib və səfirlik fəaliyyəti dayandırılıb.
Mərakeş
Mərakeş İranla diplomatik münasibətləri bir neçə dəfə dayandırıb. Rabat Tehranın regiondakı fəaliyyətini əsas gətirərək səfirlik fəaliyyətini dayandırdığını bəyan edib. Hazırda iki ölkə arasında daimi səfirlik mövcud deyil.
Litva
İranın Litvada daimi səfirliyi yoxdur. Litva üzrə akkreditə olunmuş səfir Polşanın paytaxtı Varşavada fəaliyyət göstərir. Konsulluq xidmətləri əsasən Varşava və ya Minsk üzərindən həyata keçirilir.
Latviya
Latviya üzrə diplomatik fəaliyyət İsveçin paytaxtı Stokholmdakı İran səfirliyi tərəfindən idarə olunur.
Estoniya
Estoniya ilə bağlı diplomatik məsələlər Finlandiyanın paytaxtı Helsinkidə yerləşən İran səfirliyi tərəfindən icra olunur.
Bir sözlə, Baltikyanı ölkələrin heç birində İranın daimi səfirliyi yoxdur. Əlaqələr Polşa, İsveç və Finlandiyadakı səfirliklər vasitəsilə qurulur.
Kiçik ada dövlətləri və “qeyri-rezident səfir” modeli
Karib hövzəsi, Okeaniya və Sakit okean regionunda yerləşən bir sıra mikro-dövlətlərdə İranın ümumiyyətlə səfirliyi yoxdur. Bu ölkələrdə diplomatik əlaqələr adətən regiondakı başqa bir ölkədə yerləşən İran səfirliyi vasitəsilə həyata keçirilir. Bu model beynəlxalq praktikada “qeyri-rezident akkreditasiya” kimi tanınır və daha çox məhdud resurslara malik və ya siyasi prioritet hesab edilməyən ölkələrdə tətbiq olunur.