Modern.az

İranı əslində o idarə edir

İranı əslində o idarə edir

Analitika

Bu gün, 17:24

İranda ali lideri Ayətullah Seyid Əli Xameneinin ölümündən sonra müvəqqəti liderlər şurasının yaradılacağını elan edən veteran siyasətçi Əli Laricani yenidən ölkə gündəminin mərkəzinə çıxıb. O, rejimin təhlükəsizlik iyerarxiyasında ən nüfuzlu fiqurlardan biri kimi təqdim olunur və hazırda İranın faktiki idarəedicisi sayılır.

Məlumata görə, Laricani nüvə danışıqlarından tutmuş Tehranın regional əlaqələrinə və daxili etirazların yatırılmasına qədər geniş spektrdə məsələlərə nəzarət edir. Vaşinqtonun yanvar ayında hökumət əleyhinə etirazların yatırılmasındakı roluna görə ona qarşı sanksiyalar tətbiq etməsindən qısa müddət sonra Laricani İranın ABŞ ilə nüvə sazişi istiqamətində səylərinə rəhbərlik edib.

Modern.az xatırladır ki, 1958-ci ildə İraqın Nəcəf şəhərində anadan olan Laricani tanınmış ruhani ailəsində böyüyüb. Atası Ayətullah Haşimi Mirzə Amoli şah dövründə sürgün edilib. 1979-cu il inqilabından sonra ailə İrana qayıdıb. Laricani fəlsəfə üzrə doktorluq dərəcəsi alıb, qardaşları isə məhkəmə və diplomatik strukturlarda yüksək vəzifələr tutublar.

Karyerası ərzində o, İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olub, həmçinin dövlətə məxsus IRIB teleradio şirkətinə rəhbərlik edib. 2005–2007-ci illərdə İranın baş nüvə danışıqçısı kimi çıxış edən Laricani Tehranın uran zənginləşdirmə hüququnu qətiyyətlə müdafiə edib.

2008–2020-ci illərdə parlamentin sədri vəzifəsini tutan siyasətçi 2015-ci ildə İranla altı dünya dövləti arasında imzalanmış nüvə sazişi prosesində də fəal rol oynayıb. Həmin sazişdən ABŞ 2018-ci ildə, prezident Donald Trampin qərarı ilə geri çəkilmişdi.

2021-ci ildə Xamenei Laricanini Çinlə 25 illik strateji əməkdaşlıq sazişi üzrə danışıqlara məsul şəxs təyin edib. Son aylarda onun həm Omana, həm də Moskvaya səfərləri, eləcə də ABŞ ilə mümkün danışıqlarla bağlı praqmatik açıqlamaları diqqət çəkib. Laricani fevral ayında Oman televiziyasına müsahibəsində ABŞ-ın nüvə silahı ilə bağlı narahatlığının danışıqlar yolu ilə aradan qaldırıla biləcəyini bildirib. Bununla yanaşı, o, İranın nüvə proqramının “heç vaxt məhv edilə bilməyəcəyini” də vurğulayıb.

2025-ci ilin dekabrından başlayan və 1979-cu ildən bəri hakimiyyət üçün ən ciddi çağırış sayılan etirazlar fonunda Laricaninin rolu xüsusi diqqət çəkib. ABŞ-ın sanksiya qərarına əsasən, o, yanvar etirazlarının yatırılmasında əsas fiqurlardan biri olub. Hadisələrdən sonra onun təhlükəsizlik strukturları və SEPAH komandirləri ilə əlaqələrini gücləndirdiyi bildirilir.

Mənbələr iddia edirlər ki, yanvar hadisələrindən sonra Laricani böhranı nəzarətə götürərək seçilmiş hökumətin səlahiyyətlərini faktiki olaraq məhdudlaşdırıb və prezident Məsud Pezeşkianı prosesdən kənarlaşdırıb. Beləliklə, o, ölkənin həm müttəfiqləri, həm də rəqibləri ilə münasibətləri birbaşa idarə edən əsas fiqura çevrilib.

Ruhani olmadığı üçün Laricani formal olaraq ali lider postuna namizəd ola bilməz. Lakin analitiklər hesab edirlər ki, Xameneinin vəfatı halında ölkədə ruhani rejimin davamlılığı sual altına düşə bilər və Laricani kimi daha dünyəvi, sərt xətt tərəfdarı olan siyasətçi hakimiyyəti ələ ala bilər. Bu isə İran siyasətinin daha militarist və proqnozlaşdırılması çətin mərhələyə keçməsi ilə nəticələnə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var