Bu gün günorta saatlarına yaxın İran tərəfindən Naxçıvan istiqamətinə dronlarla hücum edilib. Hadisə nəticəsində 4 nəfər mülki şəxs yaralanıb. Dron hücumuna Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlikləri rəsmi reaksiya veriblər.
Hücumun əvvəlcə Türkiyəyə, sonra isə Azərbyacana edilməsi diqqət çəkir. Və bu Şuşa Bəyannaməsinin işə düşüb-düşməyəcəyini aktuallaşdırır.
Modern.az-a açıqlamasında türkiyəli general Yücel Karauz bildirib ki, İranın Naxçıvanı vurması insanlıq əleyhinə cinayətdir:
“Bir gün əvvəl Türkiyə hava məkanına qarşı ballistik raket atışı, ardınca bu gün Naxçıvanda mülki ərazilərə yönələn hücum qəbuledilməzdir. Xüsusilə də, Naxçıvanda hava limanının vurulması, dronlardan birinin məktəb yaxınlığına düşməsi mülki infrastruktura yönəlmiş insanlıq əleyhinə cinayətdir. İran öz ərazisindəki məktəbə hücumu və nəticədə qız uşaqlarının ölməsini insanlıq əleyhinə cinayət kimi qiymətlədirdi. Belə olan halda hazırki məqamda özünün belə bir addım atması çox səhv və düşməncəsinə yanaşmadır”.
İran Türkiyə və Azərbaycanın səbrini sınamamalıdır:
“Azərbaycan və Türkiyədə başda cənab prezidentlər olmaqla, bütün dövlət qurumları ayıqdır, kriz mərkəzləri iş başındadırlar. Hər cür havadan və qurudan gələ biləcək təhdidlərə qarşı da hazır vəziyyətdədir. Anqajman (öhdəlik) qanunlarına əsasən lazımi hərbi, diplomatik reaksiyaları verəcəkdir. İranda mərkəzdənkənar müəyyən qruplar Türkiyə və Azərbaycanın səbrini, birlik bərabərliyini, Şuşa Bəyannaməsinin tətbiq edilib-edilməyəcəyini sınamaq istəməkdədirlər. Şuşada qalxan birlik-bərabərlik ruhunu sınamasınlar. Körfəz ölkələrindəki kimi qarşılıq gözləsələr, yanılırlar. İran üçün ən böyük stratejik xəta Türkiyə və Azərbaycanı qarşısına almaqdır”.