Modern.az

İran Ukrayna, ABŞ ilə İsrail Rusiya olur

İran Ukrayna, ABŞ ilə İsrail Rusiya olur

Analitika

Bu gün, 09:19

XXI əsrin üçüncü onilliyi dünya miqyqsında yeni geosiyasi qarşıdurmalar dövrü kimi tarixə düşməkdədir. Müasir beynəlxalq münasibətlər sistemi sabitlikdən uzaqlaşaraq yeni güc balanslarının formalaşdığı mərhələyə daxil olub. Bu prosesin ən mühüm həlqələrindən biri Rusiya ilə Ukrayna arasında başlayan genişmiqyaslı müharibədir. Bütün dünyaya məlmdur ki, bu müharibə iki dövlət arasında hərbi qarşıdurma statusunu çoxdan adlayıb. Əslində bu, qlobal güclərin strateji maraqlarının toqquşduğu böyük geosiyasi mübarizə meydanıdır.

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci ilin 24 fevralında başladı. Həmin gün Rusiya prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciət edərək “xüsusi hərbi əməliyyat” elan etdi. Bundan dərhal sonra Rusiya ordusu Ukrayna ərazisinə genişmiqyaslı hücum əməliyyatına start verdi. Hücum eyni vaxtda bir neçə istiqamətdən həyata keçirildi. Şimaldan Belarus ərazisi vasitəsilə Kiyevə doğru irəliləyiş başladı. Şərqdən Donbas bölgəsində döyüşlər genişləndirildi. Cənubdan isə Krım yarımadası istiqamətindən hücum edilid. Baş verənlər göstərirdi ki, əməliyyat əvvəlcədən hazırlanmış geniş hərbi planın nəticəsidir.

Müharibənin ilk zərbəsini vuran tərəf Rusiya oldu. Moskva bu əməliyyatın qısa müddətdə başa çatacağını düşünürdü. Rusiya rəhbərliyi Ukraynanın tezliklə təslim olacağını iddia edirdi. Müxtəlif analitik məlumatlara görə, Kreml Kiyevin bir neçə günə ələ keçiriləcəyini hesablayırdı. Hətta bəzi planlarda Ukrayna hakimiyyətinin bir həftə ərzində devriləcəyi ehtimal edilirdi. Lakin hadisələrin gedişi bu hesablamaların tamamilə yanlış olduğunu göstərdi.

Ukrayna gözləniləndən qat-qat artıq müqavimət göstərdi. Ukrayna prezidenti Volodimir Zelenski ölkəni tərk etmədi və paytaxt Kiyevdə qalaraq müqavimətə rəhbərlik etdi. Bu qərar Ukrayna cəmiyyətində böyük motivasiya yaratdı. Ukrayna ordusu və əhali sürətlə səfərbər edildi. Qərb ölkələri də dərhal Ukraynaya siyasi və hərbi dəstək göstərməyə başladılar. ABŞ Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım ayırdı. Avropa İttifaqı Rusiyaya qarşı geniş iqtisadi sanksiyalar tətbiq etdi. NATO ölkələri Ukrayna ordusuna müxtəlif silah sistemləri göndərməyə başladı.

Beləliklə, Ukrayna cəbhəsində faktiki olaraq iki böyük geosiyasi blok üz-üzə gəldi. Bir tərəfdə Rusiya dayanırdı. Digər tərəfdə isə Ukrayna ilə birlikdə ABŞ və Avropa ölkələri yer alırdı. NATO formal olaraq müharibəyə birbaşa qoşulmasa da, prosesə ciddi təsir göstərdi. Müharibə böyük güclərin strateji mübarizəsinin bir hissəsinə çevrildi.

Qarşıdurma uzandıqca hər iki tərəf böyük itkilər verdi. Ukraynanın bir çox şəhərləri dağıldı. Enerji infrastrukturu zərər gördü. Milyonlarla insan öz evini tərk etmək məcburiyyətində qaldı. Yüz minlərlə ukraynalı və rus əsgəri həlak oldu. Əslində bu müharibənin ən böyük zərər çəkəni Ukrayna xalqıdır. Çünki dağılan şəhərlər Ukraynanın ərazisində yerləşir. Dağılan iqtisadiyyat Ukraynanın iqtisadiyyatıdır. Ölən insanların böyük hissəsi Ukrayna vətəndaşlarıdır. Digər tərəfdən rus əsgərləri də bu müharibənin qurbanına çevrilir.

Bu müharibədə tam mənada qalib tərəf yoxdur. Rusiya planlaşdırdığı sürətli qələbəni əldə edə bilmədi. Ukrayna isə ağır dağıntılar və itkilərlə üzləşdi. Bir çox analitiklər Rusiyanın Ukrayna bataqlığına düşdüyünü bildirirlər. Moskva bu bataqlıqdan çıxa bilmir. Rusiya iqtisadi sanksiyalar altındadır. Ukrayna isə Qərb yardımlarından ciddi şəkildə asılı vəziyyətə düşüb.

Bu müharibənin nəticəsi qlobal geosiyasi balans üçün böyük əhəmiyyət daşıyır. Əgər Ukrayna uduzarsa, bu ABŞ və Avropa üçün ciddi siyasi məğlubiyyət sayılacaq. Çünki Qərb Ukraynaya böyük siyasi və hərbi resurs yatırıb.

Digər tərəfdən, Rusiya uduzarsa, bu, yalnız Moskvanın məğlubiyyəti olmayacaq. Rusiyanın geosiyasi tərəfdaşları üçün də ciddi zərbə olacaq. Bu tərəfdaşların sırasında Çin də var. İran da həmin geosiyasi blokun mühüm üzvüdür. Şimali Koreya da Rusiyaya dəstək göstərən ölkələrdəndir. Hindistan isə balanslı siyasət aparsa da, Rusiyanın zəifləməsinin Asiya siyasətinə təsir edə biləcəyinin fərqindədir.

Ukrayna müharibəsi bitməmiş dünya yeni və daha təhlükəli qarşıdurma ilə üzləşdi. Yaxın Şərq yenidən qlobal siyasətin əsas mərkəzlərindən birinə çevrildi. ABŞ, İsrail və İran arasında gərginlik sürətlə artmağa başladı.

Bu qarşıdurmanın kökləri onilliklər əvvələ gedib çıxır. 1979-cu ildə İranda İslam inqilabı baş verdi. Bu inqilabdan sonra İran İsraili düşmən dövlət kimi qəbul etdi. İsrail isə İranın nüvə proqramını öz təhlükəsizliyi üçün ciddi risk hesab etdi. Bu qarşıdurma uzun illər dolayı müharibələr formasında davam etdi.

Son hadisələr isə vəziyyəti daha da gərginləşdirdi. ABŞ və İsrail ilə İran arasında açıq hərbi qarşıdurma başladı. Bu müharibə artıq səkkizinci gününü yaşayır. Fakt budur ki, region açıq hərbi qarşıdurma mərhələsinə daxil olub.

İran ciddi müqavimət göstərir. Bu müqavimət bir çox analitiklər tərəfindən Ukraynanın müqaviməti ilə müqayisə edilir. İran da təkbaşına mübarizə aparmır. İranın arxasında duran böyük geosiyasi güclər mövcuddur. Bu güclərin başında Çin və Rusiya dayanır.

Çin üçün İran enerji və ticarət baxımından həyati əhəmiyyətli tərəfdaşdır. İran həm də Çinin “Bir kəmər, bir yol” layihəsinin vacib hissəsidir. Buna görə İranın zəifləməsi Pekin üçün ciddi strateji problem yaradacaq. Rusiya da İranla hərbi və iqtisadi əməkdaşlıq edir. Bu səbəbdən İranın tam məğlub olması həmin blok üçün arzuolunan deyil.

Digər tərəfdən, ABŞ və İsrail İranın regional təsirini zəiflətməyə çalışır. Bu müharibənin əsas məqsədlərindən biri də İranın geosiyasi imkanlarını məhdudlaşdırmaqdır. Beləliklə, region böyük güclərin qarşıdurma meydanına çevrilir.

Bu müharibənin də ən böyük zərər çəkəni sadə insanlar olacaq. İran xalqı müharibənin ağır nəticələrini yaşayacaq. Molla rejimi isə öz siyasi kursunu davam etdirir.

İlkin mənzərə maraqlı geosiyasi paralel yaradır. Ukraynada Rusiya bataqlıqda çabalayır. İranda isə ABŞ və İsrail oxşar risklə üzləşə bilər. Sanki geosiyasi səhnədə rollar dəyişir. Bu mənzərədə İran müəyyən mənada Ukrayna roluna bənzəyir. ABŞ və İsrail isə Rusiya kimi uzunmüddətli müharibə taleyi yaşamalı olacaq.

Əgər Ukraynada Rusiya qalib gəlsə, Qərb üçün ciddi strateji zərbə olacaq. Əgər İranda ABŞ və İsrail qalib gəlsə, Çin və Rusiya üçün ciddi geosiyasi məğlubiyyət olacaq. Buna görə tərəflərin geri çəkilməsi asan görünmür. Qarşı-qarşıya gələn qüvvələr uduzmamaq üçün bütün imkanlarını səfərbər edir.

Çünki bu müharibələrdə məğlubiyyət çox ciddi itki deməkdir. Böyük güclər üçün belə məğlubiyyət qəbulolunmaz hesab olunur. Bu isə eskalasiya riskini artırır. Ekspertlər hesab edir ki, belə vəziyyət nüvə təhlükəsini də artırır. Çünki strateji məğlubiyyət böyük dövlətləri radikal addımlar atmağa sövq edir.

Bu mənzərə dünyanı yeni və təhlükəli geosiyasi görünüşüdür. İnsan taleyi, qan-qada böyük güclər üçün önəm daşımır. ABŞ üçün bu proses qlobal liderlik uğrunda mübarizə deməkdir. İsrail üçün bu müharibə regional təhlükəsizlik məsələsidir. Çin üçün bu qarşıdurma enerji və ticarət marşrutlarının əsas həlqəsidir. Rusiya üçün isə bu hadisələr Qərblə davam edən geosiyasi mübarizənin bir hissəsidir.

Bütün bu hesablamaların fonunda bir həqiqət dəyişməz qalır. İstənilən müharibə insanlqı düşmənidir və arzuolunan deyil.

Tarix dəfələrlə göstərib ki, ən pis sülh müharibədən daha yaxşıdır. Bu gün dünya məhz həmin həqiqəti yenidən xatırlamağa məcburdur. Çünki müharibələrin uzanması insanlıq üçün daha böyük təhlükələr vəd edir.

İstər Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdə baş verən qarşıdurmalar göstərir ki, dünya yeni və qeyri-müəyyən geosiyasi mərhələyə daxil olub. Bu mərhələdə qalib anlayışı nisbi xarakter alır. Müharibələrin sonunda itirən bütün bəşəriyyət, qazanan isə çox az kəsim olur.

 
Elnur ƏMİROV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Bakıda dəhşətli t*error cəhdi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV