Dünən İran növbəti dəfə Türkiyəyə ballistik raket atıb. Bildirilib ki, İrandan atılan ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. Təhlükə havada zərərsizləşdirildikdən sonra Qaziantepdə boş ərazilərə raket qəlpələri düşüb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Xatırladaq ki, İran bundan əvvəl - martın 4-də də Türkiyəyə ballistik raket atmışdı. Türkiyə hava məkanına yönələn həmin raket də NATO qüvvələri tərəfindən vurulmuşdu.
Modern.az-a açıqlamasında Britaniyalı politoloq Neil Uatson İranın Türkiyəni qəsdən hədəf seçmədiyini düşündüyünü bildirib:
“Açığını desəm, İranın qəsdən Türkiyəyə qarşı hərəkət etdiyinə və ya Türkiyəyə qarşı müharibə başlatmağa çalışdığına inanmıram. Hazırda İran çox qeyri-sabit və mürəkkəb bir vəziyyətdədir. Biz bunu ABŞ və İsrailə qarşı davam edən real hərbi qarşıdurma fonunda görürük. Ölkənin ali rəhbəri öldürülüb. Belə vəziyyətlərdə hər zaman insani səhvlərin ehtimalı da mövcuddur. Bu raketin konkret olaraq hansı hədəfə yönəldildiyini bilmirik, lakin mən tam əminəm ki, onun hədəfi Türkiyənin özü olmayıb”.
Politoloqun fikrincə, bununla belə burada əsas məsələ Türkiyənin öz mövqeyini bir daha qəti şəkildə ortaya qoymasıdır:
“ Türkiyə hava məkanına və ya suveren ərazisinə hər hansı müdaxilə cəhdinə qarşı istənilən gücə qarşı tədbir görəcəyini bir daha vurğulayır. Məncə, hazırda baş verənlər Türkiyənin bu hadisəyə çox sərt və qəti şəkildə reaksiya verdiyini göstərir və bu da tamamilə haqlıdır. Türkiyənin belə davranmaq hüququ var. O, həm hərbi baxımdan, həm də siyasi bəyanatlarla özünü müdafiə etmək haqqına malikdir.
Lakin hesab etmirəm ki, İranın Türkiyə üçün ciddi təhlükə yaratması onun maraqlarına uyğundur, xüsusilə də indiki məqamda... İranın hazırda dostlara və əlaqələrə ehtiyacı var. Onun başqa ölkələrlə müharibə başlatmağa ehtiyacı yoxdur. İran artıq ABŞ və İsrail tərəfindən ona qarşı aparılan müharibə ilə üz-üzədir. Bu vəziyyətdə İranın Türkiyəni özünə düşmən etməsi məntiqli deyil”.