Modern.az

Qafqazın Xirosimasından gələcəyin şəhərlərinə: Qarabağın dirçəlişi

Qafqazın Xirosimasından gələcəyin şəhərlərinə: Qarabağın dirçəlişi

Analitika

Bu gün, 10:50

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tamamilə yeni bir mərhələ başladı. Onilliklər boyu dağıdılmış şəhər və kəndlər, məhv edilmiş infrastruktur və talan olunmuş mədəni irs bu torpaqları bir çox beynəlxalq müşahidəçilərin bir çox şəhərləri, xüsusilə Ağdamı “Qafqazın Xirosiması” adlandırmasına səbəb olmuşdu.

Lakin son illərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramları Qarabağı regionun ən böyük inkişaf və modernizasiya layihələrindən birinə çevirib. Bu proses yalnız infrastrukturun qurulması deyil, həm də mədəni irsin bərpası, yeni iqtisadi modelin formalaşdırılması və regionun turizm mərkəzinə çevrilməsi kimi strateji istiqamətləri əhatə edir.

Modern.az indiyə kimi görülən işlərin mənzərəsini və bundan sonra görülməsi planlaşdırılan işləri təqdim edir.

6 şəhər, 2 qəsəbə və 22 kənd

İndiyədək işğaldan azad edilmiş ərazilərdə 6 şəhər, 2 qəsəbə və 22 kənd olmaqla, ümumilikdə 30 yaşayış məntəqəsinə əhalinin köçürülməsi həyata keçirilib. Qarabağ və Şərqi Zəngəzura bu il noyabr ayının 1-dək 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin olunub. Buradakı bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxsləri və Qarabağ Universitetində təhsil alan tələbələri də nəzərə alsaq, hazırda işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı təxminən 62 min nəfər təşkil edir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri ilk olaraq yolların salınmasından, enerji ilə təminatdan başlayıb. Son 5 ildə burada həyata keçirilən nəqliyyat layihələri həm miqyasına, həm sayına görə bir daha Azərbaycan dövlətinin qüdrətini, əzmini nümayiş etdirir. Ötən 5 ildə Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat infrastrukturu ilə bağlı 60 layihə üzrə 3501,6 kilometr uzunluğunda yolun tikintisi üzrə işlərə başlanılıb. Bu layihələrdən 16-sı tam, 1-i isə qismən başa çatıb. 

Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşasını da xüsusi qeyd etməliyik. Dəmir yollarına gəldikdə, Bərdə-Ağdam, Horadiz-Ağbənd və Ağdam-Xankəndi dəmir yolu xətləri üzrə layihələndirmə və tikinti işləri aparılıb. Bərdə-Ağdam dəmir yolu xətti isə tam istifadəyə verilib. 

Enerji ilə təminata gəldikdə, 14 elektrik yarımstansiyası inşa edilib, 1000 kilometrdən artıq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilərək zəncirvari şəkildə 12 yeni yarımstansiya birləşdirilib. Bütün bunlar azad edilmiş ərazilərin enerji ehtiyaclarını tam təmin edir.  Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzurda 307 MVt gücündə 38 su-elektrik stansiyası inşa olunub. Azərbaycanın vahid enerji sisteminə inteqrasiya olunan bu SES-lərin inşası  ölkəmizdə "yaşıl" və bərpaolunan enerjiyə keçidlə bağlı çağırışların uğurla reallaşdığını göstərir.

İşğaldan azad edilmiş ərazilərdə  qaz təchizatı sahəsində 6 magistral xəttin çəkilməsi də önəmli hadisədir. İndiyədək 9 qazpaylayıcı stansiya və 1 qaztənzimləyici məntəqə inşa olunub, 8 şəhərə, 20 kənd və 1 qəsəbəyə qazın verilməsi təmin olunub.

Onu da qeyd edək ki, bütün bu işləri Azərbaycan dövləti öz gücü hesabına həyata keçirib. İndiyə qədər Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə 569 tədbirdə iştirak edib, ümumilikdə 177 müxtəlif təyinatlı layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib.

İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası (YEZ)

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. 44 günlük Vətən müharibəsindən sonra 2020-ci ilin iqtisadi yekunlarına dair 6 yanvar 2021-ci il tarixli müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasına dair strateji baxış irəli sürülmüş və bunun üçün həmin ərazilərdə kifayət qədər bərpa olunan enerji potensialının olması bildirilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2021-ci il tarixli 2620 nömrəli Sərəncamı ilə beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın icrası istiqamətində Yaponiyanın TEPSCO şirkəti ilə əməkdaşlığa başlanılıb və müvafiq Konsepsiya sənədi hazırlanıb.

Konsepsiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan hökuməti tərəfindən 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) baza ili ilə müqayisədə 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40%-ə qədər azaldılması və işğaldan azad edilmiş ərazilərdə "xalis sıfır emissiya" zonası yaradılması niyyəti bəyan edilib. Bu da öz növbəsində işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsinə töhfəsini verəcək.

İlkin müşahidələr göstərir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni zamanda, ilkin araşdırmalara əsasən, Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olması müəyyən edilmişdir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur.

İşğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib:

“Güləbird” SES - 8 MVt;

“Suqovuşan-1” KSES - 4,8 MVt;

“Suqovuşan-2” KSES - 3,0 MVt;

“Kəlbəcər-1” KSES - 4,4 MVt.

Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir.

Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək. 

Bundan başqa, 3 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə İcra Müqaviləsi imzalanıb.

Şuşa

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu proses yalnız yaşayış məntəqələrinin və infrastrukturun qurulması ilə məhdudlaşmır. Qarabağda dağıdılmış tarixi, dini və mədəni irs nümunələrinin bərpası dövlət proqramının əsas istiqamətlərindən biridir.

Uzun illər işğal dövründə yüzlərlə abidə dağıdılıb və ya ciddi zərər görüb. Hazırda həmin abidələrin bərpası üçün yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə kompleks layihələr həyata keçirilir.

Şuşada bərpa edilən tarixi abidələr:

Yuxarı Gövhər Ağa məscidi

Yuxarı Gövhər Ağa məscidi XIX əsrdə inşa olunmuş Qarabağın ən məşhur memarlıq abidələrindən biridir. İşğal dövründə ciddi zərər görmüş bu məscid azadlıqdan sonra bərpa edilərək yenidən istifadəyə verilib.

Saatlı məscidi

Saatlı məscidi Şuşanın digər tarixi dini abidələrindən biridir. Məscidin memarlıq üslubu Qarabağ memarlığının klassik nümunələrindən sayılır və hazırda bərpa işləri aparılıb.

Vaqif məqbərəsi

Vaqif məqbərəsi XVIII əsr Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin xatirəsinə həsr olunmuş memarlıq kompleksidir. Abidə işğal dövründə vandalizmə məruz qalsa da, azadlıqdan sonra yenidən bərpa olunub.

İşğaldan sonra Şuşa qısa müddətdə Azərbaycanın mədəni və ictimai həyatının əsas mərkəzlərindən birinə çevrilib. 2021-ci ildə şəhərin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu prosesə yeni dinamika verdi.

Son illərdə Şuşada keçirilən beynəlxalq forumlar, festivallar və konfranslar təkcə şəhərin mədəni həyatını dirçəltmir. Bu tədbirlər həm də Qarabağın beynəlxalq mədəni və diplomatik platformaya çevrilməsi strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir.

Xarıbülbül Musiqi Festivalı: Qarabağ musiqisinin dünyaya təqdimatı

Şuşada bərpa edilən ən məşhur mədəni tədbirlərdən biri Xarıbülbül Musiqi Festivalıdır.

Festival ilk dəfə 1989-cu ildə keçirilib və Qarabağ musiqi ənənələrinin dünyaya təqdim olunmasına xidmət edib. Lakin regionun işğalı səbəbindən festival uzun illər keçirilmədi. Şuşanın azad edilməsindən sonra tədbir yenidən bərpa edilərək beynəlxalq musiqi festivalı formatında təşkil olunur.

Festivalın əsas məqsədləri:

-müxtəlif ölkələrdən musiqi kollektivlərini bir araya gətirmək

-Azərbaycan musiqisini beynəlxalq auditoriyaya təqdim etmək

-Qarabağın zəngin mədəni irsini dünyaya tanıtmaq.

Bu tədbir Şuşanı yenidən regionun mühüm musiqi və mədəniyyət mərkəzlərindən birinə çevirmək baxımından strateji əhəmiyyət daşıyır.

Vaqif Poeziya Günləri: ədəbiyyatın Şuşaya qayıdışı

Şuşada bərpa olunan digər mühüm mədəni layihə Vaqif Poeziya Günləridir.

Bu tədbir XVIII əsr Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin xatirəsinə həsr olunur və əsasən Vaqif məqbərəsi ətrafında keçirilir.

Tədbirin əsas istiqamətləri:

-Azərbaycan ədəbiyyatının təbliği

-şair və yazıçıların iştirakı ilə ədəbi müzakirələr

-beynəlxalq ədəbiyyat əlaqələrinin inkişafı

-Vaqif Poeziya Günləri həm də Qarabağın Azərbaycan ədəbiyyat tarixindəki yerini yenidən ön plana çıxarır.

Şuşa Qlobal Media Forumu: beynəlxalq media dialoqu

Şuşanın beynəlxalq tədbirlər xəritəsində xüsusi yer tutan platformalardan biri Şuşa Qlobal Media Forumudur.

Forum müxtəlif ölkələrdən jurnalistləri, media rəhbərlərini və ekspertləri bir araya gətirir. Bu platformada müasir informasiya mühitinin əsas problemləri müzakirə edilir.

Forumun əsas mövzuları:

-qlobal informasiya təhlükəsizliyi

-media transformasiyası

-dezinformasiya ilə mübarizə

-regional kommunikasiya siyasəti

Bu tədbir Şuşanın beynəlxalq informasiya və media müzakirələri üçün vacib platformaya çevrildiyini göstərir.

Türk dünyasının mədəni platforması

Şuşa həm də türk dünyasının mədəni əməkdaşlıq mərkəzlərindən birinə çevrilməkdədir. Bu istiqamətdə TÜRKSOY xətti ilə müxtəlif konsertlər, sərgilər və mədəni tədbirlər keçirilir.

Bu tədbirlər:

-türk xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsinə

-ortaq tarixi və mədəni irsin təbliğinə

-Qarabağın türk dünyası üçün simvolik məkan kimi rolunun güclənməsinə xidmət edir.

Şuşa – regional diplomatiya platforması

Şuşada keçirilən beynəlxalq konfranslar və forumlar yalnız mədəniyyət sahəsi ilə məhdudlaşmır. Şəhər getdikcə regional diplomatiya və siyasi dialoq məkanına çevrilib.

Bu tədbirlərdə əsas müzakirə mövzuları aşağıdakılar olub:

-mədəni diplomatiya

-regional əməkdaşlıq

-Qarabağın bərpası və inkişafı

-turizm və investisiya imkanları

Bu cür tədbirlər Şuşanın beynəlxalq əlaqələr sistemində rolunun artdığını göstərir.

Azad edilmiş yerlərdə yeni biznes imkanları

Azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpası və regionun inkişafı üçün müxtəlif sahələr üzrə geniş biznes imkanları formalaşır. Dövlət tərəfindən yaradılan sənaye zonaları, kənd təsərrüfatı layihələri, turizm infrastrukturu və iri tikinti proqramları bu bölgələri Azərbaycanın yeni iqtisadi inkişaf mərkəzlərindən birinə çevirir.

Sənaye və istehsalat sektoru

Azad edilmiş ərazilərdə sənaye potensialının formalaşdırılması üçün xüsusi iqtisadi zonalar yaradılıb. Bu baxımdan Ağdam Sənaye Parkı regionun əsas sənaye mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Parkda tikinti materiallarının istehsalı, mebel sənayesi, kənd təsərrüfatı məhsullarının emalı və digər istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur.

Bundan əlavə, Araz Vadisi İqtisadi Zonası logistik və sənaye fəaliyyəti üçün mühüm platforma kimi formalaşdırılır. Bu zona xüsusilə istehsal müəssisələri, logistika mərkəzləri və ixracyönümlü sənaye sahələrinin inkişafına yönəlib.

Kənd təsərrüfatı və aqrar biznes

Qarabağ və Şərqi Zəngəzur bölgələri münbit torpaqları və geniş əkin sahələri ilə kənd təsərrüfatı üçün böyük potensiala malikdir. Bu istiqamətdə müasir texnologiyalara əsaslanan aqrar layihələr həyata keçirilir.

Bu sahədə ən diqqət çəkən layihələrdən biri Ağalı kəndində reallaşdırılan “ağıllı kənd” modelidir. Bu model kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi, suvarma sistemlərinin avtomatlaşdırılması və enerji səmərəliliyi prinsiplərinə əsaslanır.

Eyni zamanda bölgədə böyük taxıl sahələrinin istifadəyə verilməsi, heyvandarlıq komplekslərinin yaradılması və üzümçülük ənənələrinin bərpası planlaşdırılır. Bu layihələr regionun aqrar istehsal və ərzaq təhlükəsizliyinə töhfə verəcək.

Turizm və xidmət sektoru

Azad edilmiş ərazilər təbii landşaftı və zəngin tarixi-mədəni irsi ilə turizm üçün böyük potensiala malikdir. Bu baxımdan regionda turizm infrastrukturu sürətlə formalaşdırılır.

Şuşa şəhərində beynəlxalq səviyyəli mehmanxanalar, mədəniyyət mərkəzləri və turizm xidmətləri yaradılır.

Eyni zamanda Laçın və Kəlbəcər rayonlarında dağ turizmi, sağlamlıq turizmi və ekoturizm üçün mehmanxana kompleksləri, istirahət mərkəzləri və kafe-restoran şəbəkələrinin yaradılması planlaşdırılır. Bu layihələr regionun turizm xəritəsində mühüm yer tutmasına şərait yaradır.

İnfrastruktur və tikinti sektoru

Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri tikinti sektorunda da böyük imkanlar yaradır. Regionda yeni avtomobil yolları, tunellər, körpülər və yaşayış kompleksləri tikilir.

Bu proses çərçivəsində yol-tikinti şirkətləri, beton və tikinti materialları istehsal edən müəssisələr, asfalt zavodları və mühəndis infrastrukturu ilə məşğul olan şirkətlər üçün geniş fəaliyyət sahəsi formalaşır.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bu layihələr regionun yalnız bərpasına deyil, həm də uzunmüddətli iqtisadi inkişafına və yeni biznes ekosisteminin formalaşmasına xidmət edir.

Qarabağ şəhərlərinin yeni baş planları: müasir urbanistika və “ağıllı şəhər” modeli

İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin ən mühüm istiqamətlərindən biri şəhərlərin yeni baş planlarının hazırlanmasıdır. Bu planlar yalnız dağıdılmış infrastrukturun bərpasını deyil, həm də müasir urbanistika prinsiplərinə əsaslanan tamamilə yeni şəhər modelinin qurulmasını nəzərdə tutur.

Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur bölgəsində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq etməklə regionu Cənubi Qafqazın ən müasir urbanistik məkanlarından birinə çevirməyi hədəfləyir. Yeni baş planlar beynəlxalq memarlıq və şəhərsalma təcrübəsi nəzərə alınaraq hazırlanıb və bir sıra strateji prinsiplərə əsaslanır.

Ekoloji şəhər modeli

Yeni baş planların əsas istiqamətlərindən biri ekoloji dayanıqlılıqdır. Şəhərlərin layihələndirilməsi zamanı təbiətə minimum müdaxilə prinsipi əsas götürülür. Bu çərçivədə yaşayış məntəqələrində geniş park və rekreasiya zonalarının yaradılması, yaşıllıq sahələrinin artırılması və şəhər ekosisteminin qorunması nəzərdə tutulur.

Eyni zamanda bərpa olunan enerji mənbələrinin istifadəsi, enerji səmərəli binaların tikintisi və tullantıların idarə olunması sistemlərinin qurulması ekoloji şəhər modelinin əsas elementləri kimi nəzərdə tutulur.

Avtomobil yükünün azaldılması

Yeni urbanistik konsepsiyada şəhər mərkəzlərində avtomobil sıxlığının azaldılması xüsusi yer tutur. Şəhər planlarında nəqliyyat axınının optimallaşdırılması, ictimai nəqliyyatın inkişafı və piyada zonalarının genişləndirilməsi nəzərdə tutulur.

Bu yanaşma həm şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, həm də sakinlər üçün daha komfortlu və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

Geniş yaşıl zonalar və rekreasiya məkanları

Qarabağ şəhərlərinin yeni planlarında parklar, bağlar və ictimai istirahət məkanlarının geniş şəbəkəsi yaradılır. Yaşıl zonalar yalnız estetik məqsəd daşımır, həm də şəhər ekosisteminin balansını qorumaq və sakinlərin sosial həyatını canlandırmaq üçün vacib element hesab olunur.

Bu çərçivədə şəhər parkları, bulvarlar, gəzinti zonaları və açıq ictimai məkanlar müasir urbanistik yanaşmanın ayrılmaz hissəsi kimi planlaşdırılır.

Piyada və velosiped infrastrukturu

Yeni baş planların digər mühüm xüsusiyyətlərindən biri alternativ nəqliyyat vasitələrinin təşviq edilməsidir. Şəhərlərdə piyada yolları, velosiped zolaqları və təhlükəsiz gediş-gəliş marşrutları nəzərdə tutulur.

Bu yanaşma həm sağlam həyat tərzinin təşviqinə, həm də şəhər nəqliyyat sistemində balansın yaradılmasına xidmət edir.

“Ağıllı şəhər” texnologiyalarının tətbiqi

Qarabağ şəhərlərinin yeni baş planlarında rəqəmsal texnologiyalar mühüm rol oynayır. “Ağıllı şəhər” konsepsiyası çərçivəsində rəqəmsal idarəetmə sistemləri,enerji və su resurslarının ağıllı idarə olunması, təhlükəsizlik və müşahidə sistemləri, elektron xidmət infrastrukturu kimi innovativ həllərin tətbiqi nəzərdə tutulur. Bu texnologiyalar şəhər idarəetməsinin effektivliyini artırmaq və sakinlər üçün daha rahat həyat şəraiti yaratmaq məqsədi daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV