İran İslam Respublikası İsrail və ABŞ-nin hava hücumlarına məruz qalandan bəri rəhbərlikdə təmsil olunan xeyli vəzifəli şəxsi itirib. Başqa sözlə, 28 fevraldan sonra İran rəhbərliyinin əksər vəzifəliləri öldürülüb. Ölkənin Ali Lideri Seyyid Əli Xamenei elə müharibənin ilk günündə zərərsizləşdirilib.
Bu gün isə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb. O, Xamenei öldürüləndən sonra faktiki olaraq İran rejiminin rəhbəri kimi fəaliyyət göstərirdi.
Ölkənin yeni seçilən Ali Lideri Müctəba Xameneinin isə yaralı olduğu və hazırda Rusiyada müalicə aldığı bildirilir. Hazırda İranın idarəçilyi kimin əlindədir, məlum deyil. İran qanunlarına əsasən elə də böyük səlahiyyətlərə malik olmayan prezident Məsud Pezeşkianın təsir gücü böyük deyil. Bu halda İslam İnqailabı Keşikçiləri Korpusu (SEPAH) önə çıxır.
Maraqlıdır, hazırda İranı kim idarə edir?
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, İranda hakimiyyət hazırda bir qrup SEPAH generalının əlindədir:
“Qərarları da onlar verir. Prezidentin səlahiyyəti azdır, Ali Liderin yaralı olduğu ilə bağlı məlumatlar var. Lap Ali Rəhbər sağlam olsa da, onun təcrübəsi, atası qədər nüfuzu yoxdur. Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani də öldürülüb. Beləliklə, İranda nəzarət tamamilə SEPAH-ın bir qrup generalının əlinə keçib. Bu İranı daha da təhlükəli edir. Çünki həmin generallar ağına-bozuna baxmadan sağa-sola hücumlar həyata keçirirlər. Alovu ətraf ölkələrə yaymağa çalışırlar. Yəni İranda faktiki hakimiyyət boşluğu mövcuddur. Onsuz da müharibədən əvvəl də hakimiyyət bir neçə mərkəzdən idarə olunurdu. Hakimiyyətdə Ali Lider, səlahiyyəti olmayan prezident, Ali Təhlükəsizlik Şurasının katibi və SEPAH generalları vardı. Digərləri zərərsizləşdirildiyinə və neytrallaşdırıldığına görə, hakimiyyət müharibə dövründə SEPAH generallarının əlində cəmləşib. Amma onların da bir qismi öldürülüb. Onların yerinə də daha aşağı rütbəli zabitlər gəlib. Müharibə bu gün dayansa belə, İranda gələcəkdə çox ciddi hakimiyyət boşluğu və xaos yaranacaq. Onun əlamətləri indi də görünür".
Politoloq xaosun nə ilə nəticələnəcəyindən də danışıb:
"Müharibə bitdikdən sonra, rejim ABŞ-nin şərtlərini qəbul etməsə, yenə etiraz dalğası başladılacaq. İqtisadi vəziyyəti normallaşdırmaq mümkün olmayacaq və İran yeganə gəlir mənbəyi olan nefti sata bilməyəcək. Bu da sosial gərginliyə səbəb olacaq. İndi sosial gərginliyin olmamasının səbəbi müharibənin getməsidir. Müharibə bitdikdən sonra SEPAH generalları idarəetmədə qalacaqlarsa, xaos, mərkəzdənqaçma meyilləri güclənəcək. Bu halda İranın parçalanma ehtimalı artacaq".