Ermənistanda bu il iyun ayının 7-də parlament seçkiləri keçiriləcək. Siyasi partiyaların və ittifaqların rəsmi qeydiyyatı aprel ayında planlaşıdırılır. Bundan sonra aktiv seçki kampaniyası başlayacaq.
Seçkilərdə iştirakı gözlənilən bəzi siyasi partiyalar aşağıdakılardır:
- Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" Partiyası
- Robert Köçəryanın "Hayastan" bloku
- Artur Vanetsyanın "Şərəfim Var" ittifaqı
- Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası
- Samvel Karapetyanın "Güclü Ermənistan" Partiyası.
- Bəzi digər partiyalar və siyasi təşəbbüslər.
Baş nazir Nikol Paşinyan isə artıq seçki kampaniyasına başlayıb və rayonları gəzməyə davam edir.
Onun yenidən seçilmək üçün hansı addımlar atacağı diqqətçəkən nüansdır.
Modern.az-a açqılamasında politoloq Elxan Şahinoğlu bildirib ki, hazırda Paşinyanın mövqelərini gücləndirən müxalifətin birliyə nail ola bilməməsidir:
“Doğrudan da, Ermənistanda seçkiqabağı mübarizə qızışıb. Müxalifət partiyaları ard-arda qurultaylar keçirir, Baş nazirliyə namizədlərini irəli sürürlər. Paşinyanın mövqeyini gücləndirən odur ki, müxalifət birliyə nail olmur. Düzdür, müxtəlif təşəbbüslər var. Məsələn, eks-prezident Levon Ter-Petrosyan lideri olduğu Erməni Milli Konqresini göstərmək olar. O, Samvel Karapetyan partiyasına birləşməyə çalışır. Çünki Erməni Milli Konqresi təkbaşına çox səs qazana bilməyəcək. Karapetyanın isə bir qədər çox səs qazanacağı ehtimalı var.
Və yaxud "Daşnaksüryun" Robert Köçəryanla bir ittifaq qurur. Amma müxalifətin bütöv ittifaqı yoxdur. Müxalifətin belə bir ittifaqı olsa, əlbəttə, bu, Paşinyan üçün müəyyən qədər çətin olacaq. Amma inanmıram ki, Paşinyana müxalif olan qüvvələr tam ittifaq yaradıb vahid siyahı ilə parlament seçkilərində çıxış edə biləcəklər. Bu da Paşinyanın mövqelərini bir qədər də gücləndirir.
Paşinyan müəyyən üsullardan da istifadə edir. Demək olar ki, artıq seçki kampaniyasına başlayıb. Metroda, avtobusda gedir, restoranda insanlarla görüşür, fikir mübadiləsi aparır. Bu da Paşinyanın mövqelərini bir az da gücləndirməyə xidmət edir. Eyni zamanda, Paşinyan haqlı olaraq, erməni cəmiyyətini radikalların seçilməsinin Azərbaycanla müharibəyə gətirib çıxaracağı ilə qorxudur və qeyd edir ki, yeni savaçda ermənilərin itkiləri daha çox olacaq. Bu məsələdə tam haqlıdır. Yəni erməni müxalifəti gəlib Paşinyanın bütün o razılaşmalarının üzərinə xətt çəksə, bu, artıq yeni bir müharibəyə səbəb olacaq. Doğrudur, müxalifət də hiylə işlədir. Müharibə sözünü dilə gətirmir. Çünki bilirlər ki, erməni seçicilər müharibədən qorxurlar. Amma erməni seçicilər həm də anlayırlar ki, Köçəryan və Karapetyan kimi biri hakimiyyətə gəlsə, Ermənistan Azərbaycanla gərginlik yaşaya bilər. Bu da əslində Paşinyanın işinə yarayır. Mənim ehtimalım belədir ki, Paşinyanın partiyası yenə də birinciliyi qazanacaq. Amma əsas suallardan biri budur ki, onun qazandığı səs təkbaşına hökuməti formalaşdırmağa kifayət edəcəkmi, yoxsa koalisiya qurmaq ehtiyacı yaranacaq? Yəni Paşinyanın partiyasının qalib olacağının ehtimalı yüksəkdir, amma onun təkbaşına hökuməti formalaşdırıb-formalaşdıra bilməyəcəyi bir qədər sual altındadır”.

E.Şahinoğlu koalisya olmaması üçün Nikol Paşinyanın mümkün addımlarından danışıb:
“Koalsiyaya gedilib-gedilməyəcəyi seçkidən sonra müəyyənləşəcək. Belə baxanda namizədlərin hamısı radikal müxalifət olmayacaq. Seçkidən əvvəl də, Paşinyan Qərbə meyilli partiyaların bir neçəsi ilə ittifaq qura bilər. Seçkidən sonra isə parlamentə daxil olacaq partiyalardan asılı olaraq, vəziyyət dəyişə bilər. Onlardan bəziləri ilə danışıqlar aparıla bilər. Əlbəttə Paşinyan çox çalışacaq ki, təkbaşına hökumət formalaşdırsın. Bunun üçün də o, kifayət qədər səs qazanmalıdır. Üstəlik Qərbin dəstəyinə də ümidlidir. Bu dəstək həm maliyyə, həm də Rusiyanın təsiri ilə mübarizədə özünü göstərəcək. Çünki seçkiyə yaxın Rusiya açıq-aşkar Ermənistanda seçkiyə müdaxilə edib radikal müxalifətə maliyyə və digər istiqamətlərdə dəstək verməyə çalışır. Üstəlik hələ kiberhücumlar da təşkil edəcək. Bunların neytrallaşdırılmasında Paşinyan həm Amerikaya, həm də Avropaya ümid edir. Paşinyanın işinə də o yarayacaq ki, may ayında İrəvanda Avropa Siyasi Şurasının böyük bir sammiti keçiriləcək. Ora Avropa liderləri gələcək. Yəni Avropa liderlərinin hər cəhətdən Paşinyana dəstəyi də ona əlavə səs qazanmağa kömək edə bilər”.
Politoloq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək sammitində iştirakı məsələsinə də toxunub:
“Rəcəb Tayyib Ərdoğan sammitə böyük ehtimalla qatılmayacaq. Çünki Azərbaycan Prezidenti İlham Əliyev də bu samitdə iştirak etməyəcək. Buna səbəb də odur ki, hələ sülh sazişi imlanmayıb. Sülh sazişi imzlansaydı, bəli, İlham Əliyev də, Rəcəb Tayyib Ərdoğan da sammitə qatılardı. Buna baxmayaraq, yəqin ki, hansısa formada, məsələn, xarici işlər nazirləri səviyyəsində hər iki ölkə Avropa Siyasi Birliyinin Sammitinə qatıla bilər. Bir daha deyirəm ki, Ərdoğanın sammitə qatılacağını ehtimal etmirəm. Çünki Türkiyə Ermənistana yönəlik siyasətini Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirir”.